Modern.az

“Hərbi jurnalist Rəşad Süleymanov” Mükafatı onlara verildi - SİYAHI

“Hərbi jurnalist Rəşad Süleymanov” Mükafatı onlara verildi - SİYAHI

Media

30 Dekabr 2024, 17:28

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və onun əsasında təsis olunmuş Fəxri Diplom ilə təltif edilən media nümayəndələrinin mükafatlandırılma mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mükafat Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə televiziya, xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim edilib.

Tədbirdə Rəşad Süleymanovun ailə üzvləri də iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid mərhum hərbi jurnalistlə bağlı xatirələrini bölüşüb, Rəşad Süleymanovun Vətənini sevən peşəkar jurnalist olduğunu vurğulayıb.

“Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə bağlı danışan “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov bu barədə tədbir iştirakçılarına məlumat verib. Z.Babaşov bildirib ki, gələcəkdə, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının beynəlxalq mükafat standartları səviyyəsinə yüksəldilməsi planlaşdırılır.

Tədbirdə çıxış edənlər Rəşad Süleymanovla bağlı xatirələrini bölüşərək mərhum jurnalistin vətənpərvərliyindən, hərbi jurnalistika sahəsindəki fəaliyyətlərindən, Azərbaycan müdafiə sənayesinin beynəlxalq arenada tanıdılmasındakı rolundan danışıblar.

Çıxışların ardından hərbi jurnalist Anar Şuşalı tərəfindən hazırlanan “Rəşad xatirələrdə” sənədli filmi nümayiş olunub.

Daha sonra qalib olan media nümayəndələrinə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplom təqdim edilib.

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına aşağıdakı şəxslər layiq görülüb:

Jurnalist Heydər Mirzə – İctimai TV-nin əməkdaşı;

Jurnalist Teymur Zahidoğlu – ARB TV-nin əməkdaşı;

Jurnalist Vəfa Ağabalayeva – Real TV-nin əməkdaşı;

Jurnalist Tahir Ağaməmmədov – AZƏRTAC-ın Qarabağ bölgəsi üzrə müxbiri;

Jurnalist Elgün Gəncimsoy – APA İnformasiya Agentliyinin bölgə müxbiri;

Operator İlkin Mehdiyev – “AnewZ” Yayım və Media İstehsalat Şirkətinin əməkdaşı.
 

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı əsasında təsis edilən fəxri diploma layiq görülüb:
 

Jurnalist Turqut Bayramov – AzTV Xüsusi Layihələr Studiyasının redaktoru;

Fəqan Muxtar – Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin əməkdaşı;

Jurnalist Daşqın Abdullayev – “Report” İnformasiya Agentliyinin əməkdaşı;

Jurnalist Seymur Əliyev – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, Moderator.az xəbər portalının əməkdaşı;

Jurnalist Vəfa Şəhlayi – ATV-nin əməkdaşı;

Jurnalist Rahim Mirzəcan – Naxçıvan TV-nin bölgə üzrə redaktoru;

Operator Şamo İsmayılov – ARB24 TV-nin əməkdaşı.
 

Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatına “ASELSAN Bakü” şirkəti təşkilati dəstək göstərib.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi