Modern.az

Çörəyi sözdən çıxan ADAM

Çörəyi sözdən çıxan ADAM

8 Aprel 2025, 09:06

Bu ifadə adətən, söz və danışıq qabiliyyəti olanlar, yəni jurnalist, yazıçı, müəllim, natiq, vəkil, aparıcı kimi peşə sahibləri haqqında işlədilir. Bu ifadə həm də mənəvi tərəfdən o insanlara işarə edir ki, onların fikirləri, düşüncələri, sözləri dəyər daşıyır. Onlar fiziki əməklə deyil, zehni və dil qabiliyyəti ilə həyatlarını davam etdirirlər.


Məsələn:

Jurnalist - sözlə cəmiyyətə yön verir.

Müəllim - sözlə öyrədir.

Vəkil - sözlə hüquq müdafiə edir.

Yazıçı - sözlə dünyalar qurur.

Seymur Verdizadə də söz adamıdır. Çörəyi jurnalistikadan çıxan söz adamı...


Onun həm həyatdakı, həm də jurnalistikadakı yolu rahat və hamar olmayıb. 1993-cü ildə ailəsi Cəbrayılın Soltanlı kəndindən didərgin düşəndə, Türkiyədə ali təhsil alırdı. Ailəsinin düşdüyü durum, maddi sıxıntılar onu çox çətin tələbə həyatı yaşamağa məcbur edib. Ali təhsili başa vurub Azərbaycana qayıdanda ailəsi məcburi köçkün kimi yataqxanada yaşayırdı. Və o bu yaşam tərzilə barışmağa məhkum idi...


Seymur atası Vaqif müəllimi məcburi köçkünlüyün əvvəllərində itirdi. Bu onun gənc ikən həyatda qarşılaşdığı növbəti ən böyük sınaqlardan biri oldu. Ata itkisi daxili dünyasında dərin izlər buraxsa da, o, həyatın təzyiqlərinə təslim olmadı. Bu ağır itkini heç vaxt onu əzib-sındıra biləcək bir bəhanə kimi qəbul etmədi. Əksinə, möhkəm xarakter, dözümlülük nümayiş etdirdi.


1998-ci ildən jurnalist peşəsinə bağlanan Seymur Verdizadə bu sahədə halal zəhmətlə irəliləyib, müxbirlikdən baş redaktorluğa kimi yüksəlib. Məcburən iş yerlərini dəyişib, aylarla işsiz, maaşsız qalıb, amma ləyaqətini qoruyub, heç kimin sözünü götürməyib, kiminsə yanında gözükölgəli olmayıb.


O, jurnalistikanı həqiqətin carçısı olmaq, toplumun diqqətdən yayınan problemlərini gündəmə gətirmək üçün seçib. Onun yazılarında bir sadəlik və eyni zamanda dərin cəsarət var, bir çoxlarının görmək istəmədiyi reallıqları göz önünə sərir. Seymurun tənqidləri heç vaxt dağıdıcı niyyət daşımayıb - əksinə, inşa etməyə, oyatmağa və düzəltməyə xidmət edib. Çünki o, bütün varlığı ilə dövlətə, dövlətçiliyə bağlıdır…


“Bu günə qədər kimdənsə bir manat belə rüşvət almamışam. Əgər bir məmur bunu sübut eləsə, mən qələmi yerə qoyaram!”, - onun 10 il əvvəl dediyi bu sözlər yenə qüvvəsində qalır. 


Seymur jurnalist kimi ucuz şan-şöhrət deyil, səmimi etibar qazanıb. Bu etibar, bu hörmətə zamanla və alın təri ilə nail olub. O, heç vaxt öz prinsiplərindən güzəştə getməyib. Hətta ən çətin vəziyyətlərdə belə həqiqəti deməkdən çəkinməyib.


Çalışdığı redaksiyalarda həmişə gənc jurnalistlərə diqqət və qayğı ilə yanaşıb, təcrübəsini bölüşməyə xəsislik etməyib.


O, gündəlik həyatında da hər kəsə qarşı diqqətli, səmimi, anlayışlıdır. İşdəki prinsipiallığı, şəxsi həyatındakı sadəliyi və təvazökarlığı gözəl şəkildə birləşdirə bilən nadir insanlardandır.


Seymur həm də yaxşı dost, vicdanlı insandır. Onun üçün insani dəyərləri öndə tutmaq hər şeydən vacibdir.

O, dürüstlüyü və ədalətpərvərliyi ilə çevrəsindəki insanların hörmətini qazanıb.


Hər zaman haqqın tərəfində dayanıb, nə qədər çətin olsa da, doğru bildiyini deməkdən çəkinməyib. Onun üçün dostluq müqəddəsdir - bir insana inandısa, ona sonadək arxa durur. Verilən sözü tutmaq, etibarlı olmaq, başqasının dərdinə şərik çıxmaq – bunlar Seymurun xarakterində təməl prinsip kimidir.


Onun həyata baxışı da çox müsbətdir. Hər şeyə real, amma ümidlə baxmağı bacarır. Problemləri olduğu kimi görür, lakin çıxış yolu tapmaq üçün enerjisini xərcləyir. Ən çətin məqamda belə pozitiv qalmağı bacarır və ətrafındakılara da bu pozitivliyi ötürür.


Seymur yaxşı yol yoldaşıdır… Onunla yola çıxanlar heç vaxt yorulmurlar…


Seymur xeyirxah insandır. Kiminsə yardıma ehtiyacı olduqda, dərhal əl uzatmağa hazır olur. Bu da onun içindəki təmizlikdən, ucalıqdan xəbər verir.


O, məsuliyətli atadır, övladları ilə bağlı ən xırda detallara belə həssaslıqla yanaşır. Jurnalist maaşı ilə böyütdüyü uşaqları bu gün ali məktəb tələbləridir – Şahin Türkiyədə, Xədicə Azərbaycanda təhsil alır.


Bu gün cəmiyyətimizin belə insanlara çox ehtiyac var - peşəkar, güclü, dürüst, insanpərvər və vicdanlı.


Seymur bu keyfiyyətləri ilə sözün əsl mənasında “müsbət enerji daşıyır” - həm fikirləri, həm davranışları, həm də varlığı ilə ətrafında rəğbət oyadır.


O, doğulduğu torpağa, elə-obaya çox bağlıdır. Hələ 10 il əvvəl dostlarına dogma Soltanlı kəndi barədə danışanda demişdi: “Ən böyük arzum budur ki, heç olmasa bir dəfə evimizdən məktəbə uzanan cığıra düşüb gedim və yoldakı kəhrizdən bir udum su içim”.


Tanrının köməyi, Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində dostumuz və həmkarımızın bu arzusu gerçəkləşdi…


9 aprel Seymur Verdizadənin yubileyidir… 50 yaşın mübarək!


Əfqan Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım