Türkiyə və dünyanın dörd bir yanından Azərbaycana gələn jurnalistlərlə görüş keçirilib.
Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mətbuat Şurasının rəhbəri Rəşad Məcid Azərbaycan jurnalistika tarixindən, müstəqillik dövrü Azərbaycan jurnalistikasından, o cümlədən Türkiyə-Azərbaycan münasibətlərinin mətbuata təsirindən danışıb.
“2025-ci il milli mətbuatımızın yubiley ilidir. İndiyədək milli mətbuatımızın 125, 135, 140, 145 illik yubileylərinin təntənəli şəkildə qeyd edildiyinin şahidiyik. Əminəm ki, Prezident İlham Əliyevin aprelin 25-də imzaladığı “Azərbaycan millli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da yubileylərin qeyd edilməsi ənənəsinə möhtəşəmlik gətirəcək. Hesab edirəm ki, bu sərəncam milli mətbuatımızın ictimai fikir və dövlətçilik tariximizdə oynadığı rola verilən dəyərin təzahürü olmaqla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir”- deyə o qeyd edib.
Daha sonra söz Qlobal Jurnalstlər Şurasının sədri Mehmet Ali Dimə verilib.
Ali Dim hər kəsi salamlayaraq, Türkiyədən gələn jurnalistləri təqdim edərək Azərbaycan və Türkiyə münasibətlərinin mediada işıqlandırılıması mövzusunda danışıb.
Tədbir panel müzakirə ilə davam edib.
Süni intellekt və jurnalistika mövzusunda keçirilən panel müzakirə zamanı çıxış edən Prof. Dr. Levent Eraslan, SODİMER (Rəqəmsal Təhlükəsizlik və Təhsil Dərnəyi) rəhbəri, Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin müşaviri çıxışı zamanı qeyd edib ki, süni intellekt xəbər hazırlaya bilsə də, onun emosional zəkası, empatiya bacarığı və etik dəyərləri yoxdur. Bu səbəbdən ondan toplumu yönləndirən xəbərlərdən istifadə edilməməlidir:
“Jurnalistika hər texnoloji yenilikdə qorxu yaşayan sahələr içərisində birincidir. Zamanında yazı maşınları ilə vidalaşan jurnalistlər də belə düşünürdü. Bu gün xəbərlərin oxunması alqoritmlərdən aslıdır. Bu gün süni intellekt asanlıqla müxtəlif sahələrdə qısa zamanda sizə xəbər yaza, xəbərləri kateqoriyaya ayırar, özətlər və analiz edə bilər. Amma süni intellekt xəbər yazsa da, ona şərh verilməsi insanın işi ilə bağlıdır. O bizim işimizi asanlaşdıra bilər, amma əlimizdən ala bilməz. Mənbənin etibarlı olması var, siz nə versəniz o onu alır. Dezinformasiya, yanlış bilgilər ala və sizə doğru imiş kimi təqdim edə bilər. Süni intellektin hazırladığı materiala görə heç kim məsuliyyət daşımır. Bu səbəbdən asanlıqda “deep fake”lərdən istifadə edilir, insanlar manipulyasiyaya məruz qalır".
Daha sonra “Süni intellektlə formalaşan gələcəkdə cəmiyyəti nə gözləyir?” mövzusunda Türkiyə Süni İntellekt Siyasətləri Dərnəyinin rəhbəri Zafer Küçükşabanoğlu çıxış edib.
“Biz süni intellektdən qorxmaq yerinə ona maraq və həyəcanla yanaşmalıyıq. Dördüncü sənaye dövrünün sonundayıq və bəlkə də bütün dövrlərdən daha fərqli, daha həyacanlı süni intellektin ön planda olduğu dövr bizi gözləyir. Süni intellekt 2030-cu ilə qədər təqribən 15,7 trilyonluq iqtisadi həcm yaradacaq. Türkiyənin iqtisadi baxımdan ilk onluğa girmək məqsədi var. 15,7 trilyondan payı olmazsa, buna necə nail olacağıq? Süni intellekt bütün dünyada təqribən 85 milyon iş yerinin itirilməsinə yol açacaq. Bu, bütün dünyada özünü göstərəcək proses olacaq. Bu stəkanın boş tərəfidir. 97 milyon isə yeni iş yeri yaradacaq. Türkiyə və Azərbaycan vətəndaşları 85 milyon işini itirənlər arasında yoxsa yeni peşə qazanan tərəfdə olacaq? 2030-cu ildən sonra süni intellekti kariyerasına cəlb etməyən heç bir insan uğurlu olmayacaq. Bu gün etibarən süni intellekti peşəmə necə inteqrasiya edəcəm deyək düşünməyə başlamalıyıq. Çox az vaxt qalıb. İnkişaf etmiş ölkələrlə, inkişaf etməkdə olan ölkələr arasında rəqabət yox uçurum artır. Türkiyə və Azərbaycanın ciddi addımlar atmalıdır”.
NTV-nin Egey bürosunun rəhbəri Merih Ak isə qeyd edib ki, heç bir süni intellekt media adamlarının yerini tuta bilməz.
"Jurnalistlər olacaq ki, media olsun. Ənənəvi media artıq fərqli dəyişiklik dövründədir. Rəqəmsal mediada intensiv yeniliklər olur. İndi vətədaş jurnalistikası da yaranıb. Bir hadisə olanda mütləq kimsə əlindəki telofonu vasitəsilə çəkib paylaşa bilirlər. Ancaq bu da etibarlılığı sorğulamağımıza səbəb olur. Bundan sonrakı dövrdə dövlətlər bunu nəzarət altına almalıdır. Bir yalan xəbərin yayılması doğru xəbəri yayılmasından 7-8 dəfə daha sürətlidir. Sosial mediada jurnalistikası ciddi problemlərə səbəb ola bilir. Çünki klik, reaksiya burada fəaliyyət göstərən yoldaşlarımızın ən böyük xəzinəsidir. Sırf klik və reaksiya üçün yaydığı doğru olmayan xəbərləri bizlər düzəltəmək məcburiyyətində qalırıq. Jurnalistlər çoxlu platformalara yönəlirlər. 100000 izləyicisi olan adam Azərbaycan pulu ilə 10 min manat çox rahat şəkildə qazanır. Alternativ media olaraq Türkiyədə Fatih Altaylı 30-35 milyon izləyiciyə sahibdir. Cüneyt Özdəmiri 13 milyon insan izləyir. Qəzetlərin tirajı 6 milyondan 1 milyona enib. Çünki insanlar artıq xəbəri sosial mediadan daha rahat şəkildə öyrənməyə öyrəşib".