Ülvi Əhməd
14 sentyabr 2023-cü il... O gün həyatımın ən ağır günü oldu. Əsgərliyimin cəmi üçüncü ayı idi. İçimdə həm qürur, həm də darıxmaq vardı. Amma heç vaxt düşünməzdim ki, bu darıxmaq bir gün daimi həsrətə çevriləcək. Gözlənilməz bir xəbər və dünyam alt-üst oldu.
Atam artıq bu dünyada yox idi. Ən çətin anımda yanında ola bilməmək, son dəfə onun əlindən tuta bilməmək içimdə sağalmayan bir yara kimi qalıb.
Vəfatından üç gün əvvəl görüşə gəlmişdi. Sanki ürəyinə dammışdı gülümsəyirdi, mənə baxırdı, amma o baxışda bir ayrılıq sükutu vardı. O an anlamadım. İndi hər baxışı, hər kəlməsi qulağımda, gözlərimdə, qəlbimdə yaşayır.
Və ölümündən cəmi bir gün əvvəl telefonla danışmışdıq. Səsi bir qədər yorğun idi, amma yenə də məni güclü göstərmək üçün gizlətməyə çalışırdı. O söhbət bizim son danışığımız oldu. Kaş biləydim, daha çox söz deyərdim. Kaş bir az da qalardı...
Ömrünü vətənə, elmə, təhsilə və insanlara həsr etmiş bir insan idi. Universitetdə müəllim işləməyi yalnız bir peşə deyildi onun üçün, bir missiya idi. Tələbələri onu yalnız müəllim kimi yox, həm də yol göstərən, həyat dərsi verən bir insan kimi sevirdi. İş yoldaşları, dostları, yaxınları və hətta onu yaxından tanımayan insanlar belə onun sadəliyinə, zəngin dünyagörüşünə və böyük ürəyinə heyran idilər.
Mən onun oğlu olaraq, hər zaman fəxr etmişəm. Onun varlığı ailəmiz üçün bir güvən idi. Onun danışığı, davranışı, insanlara olan münasibəti bizi daim xoşbəxt edirdi. Heç vaxt yüksəkdən danışmazdı, amma söylədiyi hər söz dərin mənalar daşıyardı. Sakit təbiətli idi, amma ən çətin anlarda belə hamıya yol göstərərdi.
Bu iki il ərzində onun yoxluğuna alışmaq mümkün olmadı. Hər gün, hər an onun bir sözü, bir baxışı, bir gülüşü yadıma düşür. Xüsusilə də hərbi xidmətdə olduğum dövrdə hiss etdim ki, atamın verdiyi tərbiyə, onun mənə aşıladığı dəyərlər məni dik saxlayır.
Birlikdə keçirdiyimiz çox maraqlı günlər var idi. Ancaq ən gözəl günlər bir yerdə matç izləməyimiz idi. Mən futbolla nəfəs alırdım, o isə mənim nəfəsimə qulaq asmaq üçün futbola yaxınlaşdı. Əvvəllər mənə görə baxırdı. Sonradan isə artıq atamı əsl azarkeş etmişdim. Əsas da "Qarabağ"ın oyunları… Tək futbol yox, torpağın, haqlı olduğumuzun, var olmağımızın simvolu idi bu komanda bizim üçün.
Deyirdi: “Mən kimə azarkeşlik edirəmsə, uduzur”. Amma mən o fikri səndən sildim. Biz birlikdə neçə-neçə qələbəyə imza atdıq, ata!
Ev oyunlarını stadiondan izləyərdim, dostlarla birgə. Atam səhhətinə görə, izdihamı sevmədiyi üçün az-az stadiona gələrdi. Amma səfər oyunları bizə məxsus idi. Atamla evdə birlikdə, yan-yana, nəfəs-nəfəsə baxardıq o oyunlara. Uduzanda gecə məyus gəlirdim evə, o isə qapını açıb zarafatla “Niyə uduzduz?” deyirdi. Mən də “Səninlə yaxşı analiz etməmişdik axı!” deyib gülərdik. Qalib gələndə isə sevinə-sevinə “Ata, gördün necə qollar vurduq?” deyirdim. O isə sakit, təmkinli şəkildə başını tərpədər, ürəyində sevinərdi.
Bir dəfə hakim o qədər haqsızlıq etdi ki, mən artıq belə şeylərə alışmış biri olaraq əsəbi halda susqun oturmuşdum. Amma atam... Atam o gün ilk dəfə idi ki, futbola baxıb əsəbləşmişdi. O sakit adam, təmkinli müəllim o qədər coşmuşdu ki... Onda anladım, bu artıq futbol deyildi, bu artıq ürəyimizdə yığılıb qalan illərin ağrısı idi. Və sonra... biz qollar vurduq. O haqsızlığa rəğmən qalib gəldik. Elə o anda atamın gözlərində gördüm ki, bu təkcə bir oyun deyildi, bu sanki illərlə üzərimizdə olan ədalətsizliyə qarşı qələbəmiz idi. Elə bir baxışı vardı ki, sanki bütün düşmənlərimizə qalib gəlmişdik o an. Sakit baxırdı, amma içində bir bayram vardı. Bu, futboldan da böyük bir şey idi...
Və indi... yay gəlir, oyunlar başlayır. Stadion yenə dolacaq, televiziya qarşısında yenə azarkeşlər oturacaq. Amma sən yoxsan, ata. Sənsiz həmin zövq, həmin həyəcan yoxdur. Futbol yenə oynanır, amma sənə nəsə danışmaq istəyən bir oğul artıq susur...
Ruhun şad olsun, ata. Sənin adını yaşatmaq, sənin kimi dürüst, mərd və alicənab bir insan olmaq üçün çalışacağam. Tələbələrin səni unutmur, dostların səni yad edir, biz isə səni hər an ürəyimizdə daşıyırıq.
Sən bizim üçün sadəcə bir ata yox, bir məktəb idin. İki ildir ki, sənin dərslərin daha da dərinləşib içimizdə. Hər kəlmən, hər baxışın bizim yolumuza işıq salır.
Səni çox sevirik, çox darıxırıq. İtkin heç vaxt tamamlanmayacaq, amma xatirən əbədi yaşayacaq.