Modern.az

Kimlər mükafatlandırılmalıdır - Jurnalistlər, yoxsa qurumları mediadan qoruyanlar?

Kimlər mükafatlandırılmalıdır - Jurnalistlər, yoxsa qurumları mediadan qoruyanlar?

Media

15 İyul 2025, 11:08

Milli mətbuatın 150 illiyi münasibətilə jurnalistlərin təltif olunma gözləntisi media cameəsinin gündəmindədir. Lakin bu prosesdə müəyyən məqamlar ortaya çıxır. Hazırda dövlət qurumlarında çalışan və vaxtilə jurnalistika fəaliyyəti ilə məşğul olmuş şəxslər də təltif olunanlar siyahısına daxil edilməlidirmi? 

Hüquqşünaslar birmənalı olaraq qanunvericiliyin buna icazə vermədiyi iddiasındadırlar. 

Modern.az-a daxil olan məlumata görə, hazırda bu məsələ müzakirə olunur. 
 
Əslində bu, yeni məsələ deyil

    
Müxtəlif illərdə, istər Mətbuat Günü, istərsə də digər peşə bayramlarında oxşar hallar yaşanıb. Təltif siyahılarına dövlət strukturlarında işləyən keçmiş jurnalistlər də daxil edilib. Qeyd olunur ki, bu, jurnalistika prinsiplərinə və hüquqi təməllərə ziddir. Belə hallar təcrübədə yanlış nümunə yaradır və media sektorunda çalışan gənc jurnalistlər üçün motivasiya əvəzinə məyusluq doğurur.
 
Qanun nə deyir?

Azərbaycan qanunvericiliyinə əsasən, təltiflər və fəxri adlar fəaliyyətdə olan, müvafiq sahədə özünü göstərən şəxslərə verilir.

Yəni daha da konkretləşdirsək, həkimlikdən gedib biznesə keçən şəxs “tibb xadimi” adına iddia etmir, müəllimlikdən çıxıb məmur olan şəxsin “Əməkdar müəllim” təltifini alması normal sayılmır,
Eləcə də jurnalistlikdən çıxıb məmur olan şəxsin mətbuat təltifi alması məzmun və məntiq baxımından uyğunsuzdur.


Peşə dəyişən əvvəlki peşəsinin təltifini istəməz

Heç bir peşənin nümayəndəsi, öz sahəsini tərk etdikdən sonra əvvəlki sahənin təltifinə ehtiyac duymur. Jurnalistlikdən çıxan və dövlət qurumuna keçən şəxslər də artıq jurnalist deyillər. Onlar dövlətin informasiya siyasətini həyata keçirən strukturun əməkdaşı kimi fəaliyyət göstərirlər və bu yeni statusda öz peşə bayramları, öz peşə təltifləri var.

Dünya təcrübəsində belə məqamları görmək mümkün deyil. Dövlət strukturlarına keçən jurnalistlər bu sahədən faktiki çıxmış sayılır.
 
Mətbuatın 150 illiyi jurnalistlərin bayramıdır…

Bu gün jurnalistika sahəsində çalışan, riskə gedən, axtaran, yazan, pozan, sual verən, cavab almağa çalışan insanlar var. Təltiflər onların haqqıdır.
Dövlət qurumunda maaşla, oturaq rejimdə çalışan keçmiş jurnalistlər üçün bu bayram nostalgiyadır, vəzifə deyil.
 

Ədalət prinsipi zədələnməməlidir

Əgər bu gün real jurnalistlik fəaliyyəti göstərən, regionda xəbərlə yaşayan, müstəqil medianın çətinlikləri ilə mübarizə aparan, informasiyanın ardınca qaçan jurnalist təltif olunmursa, lakin kabinetdə oturan keçmiş jurnalist dövlət qurumunun adından mükafat alırsa, bu, ədalətin pozulmasıdır.

Odur ki, təltif siyahıları faktiki jurnalist fəaliyyəti göstərən şəxslərlə məhdudlaşdırılmalıdır.

Dövlət qurumlarında işləyən keçmiş jurnalistlər bu siyahıdan xaric tutulmalıdır. Bu mövqe hüquqi, etik və beynəlxalq təcrübəyə tam uyğundur. Bu qərar jurnalistikanın nüfuzuna xidmət edir, şəxslərin deyil. Ən əsası, bu prinsip gələcək üçün düzgün presedent yaradır.

Jurnalistika bir peşədir. Bu peşə ilə vidalaşanlar, təbii ki, bu peşənin imtiyazlarına da vida etməlidirlər. Mətbuatın 150 illik təltifləri yalnız bu peşəyə hələ də sədaqət göstərənlər üçündür.

Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı Modern.az-a bildirib ki, Medianın İnkişaf Agentliyinin təklifi ilə mətbuatın 150 illiyi ilə bağlı hazırlanan yubiley medalı hər kəs üçün nüfuzlu və şərəfli medalıdır:

“Mətbuatımızda xidməti olan hər bir şəxsin bu medala iddiası olması təbiidir. Mətbuat Şurasının sədri kimi mənə də çoxlu müraciətlər daxil olub. Həm uzun illər mediada çalışan, xidmətləri olan, eyni zamanda mətbuat tarixinin tədqiqatçıları, jurnalistika tədris sahəsində fəaliyyəti olanlar, eyni zamanda, mətbuat xidmətlərində çalışanların da belə arzuları var və biz bu arzulara təbii baxırıq. Jurnalistikada xidmət etdiyini düşünən hər bir insanın iddiaları da təbiidir. Mən də Mətbuat Şurasının sədri kimi idarə heyəti üzvlərindən xahiş etmişdim ki, bu adamların siyahısını təqdim etsinlər və biz də həmin siyahını Medianın İnkişaf Agentliyinə göndərək”. 


Təvazökar həmkarlarımız da çoxdur


“Peşəkar fəaliyyəti olam, istedadlı jurnalistlərimiz var ki, onlar daha sakit, hay-küydən, çığır-bağırdan uzaq olurlar. O istedadsızlara xas hərəkətdir ki, hay-küy salmaqla nəyisə əldə etmək istəyirlər. Çox təəssüf ki, özünü dırnaqarası jurnalistlərin içində göstərən belələri də var"- deyə sonda Rəşad Məcid qeyd edib. 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bu prosesi normal qarşıladığını deyib:

“Onlar mətbuatla işləyirlər və Azərbaycan Jurnalistlər Birliyi də mükafatlandırma keçirəndə mətbuat xidmətində çalışan insanlara da o mükafatdan verdiyi bəzi hallar olub”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi