Azərbaycan milli mətbuatının əsası sayılan “Əkinçi” qəzetinin nəşrindən keçən 150 il ölkənin ictimai fikir tarixində mühüm mərhələ kimi qeyd edilir.
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra media nümayəndələri təltif olunub.
Modern.az Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Əməkdar jurnalist” fəxri adını layiq görülən jurnalistlərlə həmsöhbət olub.
Report İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev:
“Prezident İlham Əliyevin Milli Mətbuatın Günü ilə bağlı imzaladığı sərəncamda adı əks olunan bütün həmkarlarım o təltifə layiqdirlər. Siyahıda olan adların Azərbaycan mətbuatında iz buraxıb. Siyahıda olmağım mənim üçün də qürur verici, həm də əlavə məsuliyyətdir. Əlbəttə ki, əvvəlki əməyinlə, işlərinlə hansısa iz qoyduğun üçün Cənab Prezident tərəfindən təltif olunursan, amma yerində dayanmaq olmaz, yeni-yeni işlər görmək lazımdır. Bu təltif bizi ruhlandırır və yeni işlərin görülməsində, Azərbaycanın həm daxili, həm xarici siyasəti, həm də iqtisadiyyat və digər sahələrdəki uğurlarını dünya ictimaiyyətinə çatdırmaqda, dünya mətbuatı səhifələrində çıxmasına vasitəçi olmaqda məsuliyyətimizi artırır”.
Trend İnformasiya Agentliyin baş direktorunun müavini Elçin Alıoğlu:
“Mətbuat da söz kimidir, yaşı artdıqca keyfiyyəti də artır. Azərbaycanın kütləvi informasiya vasitələri həm informasiyadır, həm vasitədir, həm də artıq kütləviləşir. Süni intellektin intellekt insanları üstələdiyi dövrdə işləmək həm ağırdır, həm də yüngül. Əslində biz əvvəlki dövrlərdən fərqli olaraq xəbər yazmamalıyıq, biz həqiqəti yazmalıyıq. Xəbər köhnəlir, həqiqət isə heç vaxt köhnəlmir. Mən dövlətimizin başçısına, dövlətə xüsusi minnətdarlığımı bildirirəm. Bu olmasa da olardı, çünki mən əməkdar deyil, mən ürəyigeniş jurnalistəm, amma əməyimin belə qiymətləndirilməsi təbii ki, mənə çox xoşdur. Mən təbrikləri çox xoşlayıram. Bu xoş anları yaşadığım üçün indiki dövrə, hadisələrə və baş verənlərə minnətdaram”.
APA Media Qrupun baş redaktoru Nurşən Quliyev:
“Təbii ki, mənim üçün də “Əməkdar jurnalist” adını almaq çox sevindiricidir. Hesab edirəm ki, Azərbaycan mətbuat tarixinin əsas səhifələrindən biri zəfər və qələbə xəbərinin verilməsi oldu. Fəxri ada layiq görülmə xəbərini Xankəndində, Şuşada almağımı isə özüm üçün iki qat mənalı hesab edirəm. Çünki mənim jurnalist fəaliyyətimdə ən çox arzuladığım və istədiyim məqsədlərdən, niyyətlərdən biri qələbə xəbərini paylaşmaq olub. Bütün dostlarımızı və həmkarlarımızı da mətbuat günü ilə bağlı təbrik edirəm”.