Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi ölkə ictimaiyyəti tərəfindən geniş qeyd edilir. Bu əlamətdar yubiley münasibətilə Prezident İlham Əliyev media nümayəndələrini təltif edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülənlər sırasındadır.
O, Modern.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev fəaliyyət dövründə ölkə mediasına və jurnalistikasına hər zaman yüksək diqqət və qayğı göstərib:
"Biz jurnalistlər bu münasibəti daim hiss etmişik. Bu ilin 25 aprelində Cənab Prezidentin Azərbaycan mətbuatının 150 illiyinin qeyd olunması ilə bağlı sərəncamı da bir daha dövlət başçısının mətbuat sahəsinə verdiyi önəmi göstərdi. Həmin sərəncamla ümumilikdə Azərbaycan jurnalistikasının fəaliyyəti yüksək qiymətləndirildi.
Bu günlərdə Şuşada keçirilən III Qlobal Media Forumu zamanı Cənab Prezidentin jurnalistlərlə görüşü və səsləndirdiyi fikirlər isə Azərbaycan mediasına olan diqqətin növbəti bariz nümunəsi oldu. Biz bu münasibətə görə dövlətimizin başçısına təşəkkür edirik.
Təltif olunan yüzlərlə jurnalistin sırasında öz adımı görmək isə mənim üçün xüsusi qürur və fərəhdir. Azərbaycanın peşəkar jurnalistləri olaraq dövlətimizin xidmətindəyik”.