Milli Mətbuatın yaranmasının 150 illiyi Azərbaycan xalqının mətbuat ənənələrinə, söz və ifadə azadlığına verdiyi böyük önəmin parlaq göstəricisidir. Bu illər ərzində milli mətbuatımız ölkəmizin inkişafında, ictimai şüurun formalaşmasında mühüm rol oynayıb, haqqın və həqiqətin səsi olub. Bununla yanaşı, bu möhtəşəm tarix boyunca Azərbaycan mətbuatı öz möhkəm mövqeyini qoruyaraq, milli maraqları hər zaman ön planda tutub.
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra media nümayəndələri təltif olunub.
Modern.az Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Tərəqqi” medalına layiq görülən jurnalistlərin təəssüratlarını öyrənib.
Modern.az-ın redaktoru Əfqan Qafarlı:
“Azərbaycan Milli Mətbuatının 150 illik tarixi həm ictimai düşüncə, həm azad söz, həm də milli kimliyin formalaşmasında mühüm rol oynayıb. 150 il çox böyük bir tarixdir. Əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi" qəzeti xalqın dili ilə, xalqın gələcəyi naminə danışan ilk qəzet idi. "Əkinçi"nin ilk nömrəsi sadəcə bir qəzet deyil, bir ideologiya, bir missiya, bir azadlıq çağırışı idi.
O gündən bu günə qədər mətbuatımız keşməkeşli yollardan keçdi – çar senzurası, sovet ideologiyası, 20 Yanvarın güllə səsi, Qarabağ müharibəsinin alovu, müstəqillik coşğusu və sosial media dalğası… Hər dövrün öz qəhrəman qələmləri, susdurulmuş səsləri, mübarizə aparan jurnalistləri oldu.
Milli mətbuatımız Azərbaycançılıq ideyasını yaşatdı, maarifçi düşüncənin təməlini qoydu, milli şüurun oyanışında mühüm rol oynadı. Milli mətbuat xalqı gerçək hadisələrdən agah etdi, susanların əvəzindən danışdı...
Bu gün isə mətbuatımız yeni reallıqlar qarşısındadır. Rəqəmsal dövr, sosial şəbəkələr, saxta xəbərlər dalğası, informasiyaya etimad problemi və s… Artıq mətbuatın forması dəyişib: onlayn saytlar, bloqlar, sosial media platformaları ön plana çıxıb. Bütün bunlar çağdaş jurnalistikanın üzərinə yeni məsuliyyətlər qoyur. Ancaq buna baxmayaraq, cəmiyyətə xidmət edən jurnalistlər bu gün də var və onlar Zərdabinin mirasını yaşadırlar. Mətbuat bu gün peşəkarlıq, obyektivlik, azad söz, etik dəyərlər və maliyyə müstəqilliyi kimi sahələrdə mübarizə aparır.
Milli Mətbuatın 150 illik yubileyi münasibətilə bütün həmkarlarımı təbrik edir, uğurlar arzulayıram!”.
Yurd.media saytının təsisçisi və baş redaktoru Murad Əliyev:
“Bu günlərdə biz özümüzə borc bildik ki, Həsən bəy Zərdabinin ev muzeyini ziyarət edək. Zərdabda yerləşən bu muzeydə diqqətimi cəlb edən eksponatlardan biri də neft lampası oldu. Məhz həmin o sadə neft lampasının zəif işığında Həsən bəy Zərdabi ilk mətbuat nümunələrini yaradıb. O zaman səpilən zəif nur bu gün artıq güclü və zəngin bir işığa çevrilib - Azərbaycan mətbuatına.
Son 150 ildə Azərbaycan mətbuatı olduqca keşməkeşli bir yol keçib, çətinliklər və təzyiqlərlə üzləşib. Ancaq bu gün biz qalib bir ölkənin mətbuatına sahibik. Artıq Azərbaycan mediası təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da öz sözünü deməyə, öz həqiqətlərini çatdırmağa qadirdir.
Bütün bunları dərk etdikcə, biz özümüzü xoşbəxt hesab edirik. Xoşbəxtik ki, Zərdabidən başlayan və böyük fədakarlıqlarla qorunan o müqəddəs ənənəni bu gün də yaşadır, onu gələcək nəsillərə ötürürük”.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər:
“Azərbaycan milli mətbuatının 150 illiyi həm şərəfli, həm də əzablı bir yol keçib. XX əsrin əvvəllərində Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir Hacıbəyov və Məmməd Əmin Rəsulzadə və digər böyük şəxsiyyətlər Azərbaycan mətbuatını yaratmaq və yaşatmaq uğrunda çox ciddi mübarizələr aparıb, ağır sınaqlardan keçiblər.
Eyni zamanda, Azərbaycan mətbuatı sovet dövründə və sovet dövründən sonrakı mərhələdə də ciddi çətinliklərlə üzləşib. Lakin ulu öndər Heydər Əliyevin və Azərbaycanın Ali Baş Komandanı, həmçinin Azərbaycan mətbuatının sarsılmaz dostu olan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu mətbuat bu gün öz intibah dövrünü yaşayır. Əlbəttə, bu gün də həllini gözləyən məsələlər var, çünki dövr dəyişdikcə, dövrün tələbinə uyğun olaraq həllini gözləyən yeni məsələlər ortaya çıxacaqdır.
Amma bu gün Azərbaycan jurnalistləri “Media haqqında” yeni qanun sayəsində bir sıra hüquqlar əldə ediblər ki, əvvəlki dövrlərdə belə hüquqlar mövcud deyildi. Bu baxımdan, bugünkü Azərbaycan mətbuatı Həsən bəy Zərdabi dövrü ilə müqayisədə daha çox şanslıdır. Çünki bu gün böyük bir dostumuz var və cənab Prezident İlham Əliyev bizim yanımızdadır. O, sözləri, əməli və fəaliyyəti ilə hər zaman jurnalistlərin yanında olduğunu təsdiqləyir.
Buna görə də hesab edirəm ki, 150 illik yubileyimizdə biz ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində bunu qeyd edirik. Bakıdan Xankəndiyə, Gəncədən Şuşaya qədər bu gün Azərbaycanın bütün ərazi bütövlüyü təmin olunub. Bəlkə də bu, Azərbaycan jurnalistlərinə verilən ən böyük töhfələrdən biridir ki, milli mətbuatımızın önəmli bir hissəsi olan jurnalistlərimiz bu gün qürurla öz Milli Mətbuat Gününü qeyd edir”.
Jurnalist Vəfa Allahverdiyeva (Babayeva):
"150 illik yol nəhəng bir məsafədir. Özü də bu məsafədə yorulmaq, dayanmaq kimi bir vəziyyət olmayıb. Dövrün sərtlikləri “Əkinçi”yə maneə yaradanda, meydana başqaları çıxıb. Onlar da sıxışdırılanda, digərləri bu meydanda mübariz maarifçı olub! Yəni, bu meydan heç zaman boş qalmayıb. Bu, nə deməkdir? O deməkdir ki, böyük Həsən bəy Zərdabi söz ideyasının, fikir tribunasının, bütövlükdə mətbuat təsisatının təməlini güclü qoymasaydı, həqiqətin səsi olmaqdan ilham alan neçə-neçə klassik qəzet və jurnal, eləcə də müasir media nümunələri yaranmaz, qələm, söz ənənəsi yaşamaz, nəhəng bir jurnalist ordusu mətbuat tarixinə düşə bilməzdi. Hər bir nəsil özündən əvvəlki konkret bir nəsli örnək seçir, onu nümunə götürür, ondan öyrənir. Həsən bəy Zərdabi isə yaxın-uzaq bütün jurnalist nəsli üçün mənəvi müəllimdir. Təsadüfi deyil ki, hər birimiz hansı qəzetdə hansı redaktordan, təcrübəli jurnalistdən öyrənməyimizə baxmayaraq, bizim üçün birinci yerdə məhz Zərdabi gəlir. Çünki sevdiyimiz bu peşədə o, bizim mənəvi qibləmizdir!
Gələk, mətbuatımızın çağdaş mərhələsinə-bu gün o hansı səviyyədədir? Bu gün mətbuatın imkanları Zərdabi dövrü qədər çətin deyil. Bol kağız da var, gözəl ofislər də var, yeni rəqəmsal şəraitdə və deyərdim texniki baxımdan çox rahat jurnalist yetişmək imkanı da var. Dövlət çap mediasını yaşadır-ənənəyə ehtiram olaraq. Yeni mediaya isə müasir tələblərə uyğun inkişaf etmək üçün dəstək göstərir. Hər ikisində maarifçi missiya davam edir. Hər ikisində cəmiyyətin nöqsanları göstərilir. Doğrudur, nöqsanlara güzgü tutmaq bəzən istədiyimiz kimi alınmır, amma əsas odur ki, biz media olaraq ölkəmizin uğurlarını paylaşır, buna sevinir, dövlətimizin xain gözlərdən, çirkin planlardan uzaq olmasını qəlbən istəyir və buna çalışırıq. Ölkəmizin siyasi sabitliyi, inkişafı, dünyada qalib obrazda olması hər birimizin ən böyük qazancıdır! Bizim qələmimiz bu dəyərlərin qorunmasına, davamına xidmət etməlidir.
Mətbuatımızın bəyənilməyən tərəfi də var, əlbəttə. Bu da ondan ibarətdir ki, oxunuş, baxış sayı əldə etmək naminə ucuz populizmə getmək sözün hörmətini, dəyərini çox aşağı salır. Biz maarifçi olaq-deyirik, demirik ki, cəmiyyətdəki ən pis, çirkin, vulqar, qəddar halları çılpaqcasına ortaya qoyaq, göstərək hamı baxsın! Tədqiqatlar sübut edir ki, göstərib ictimai qınaq yaratmaq istərkən, əksinə biz eybəcərliklərin, qəddarlıqların təşviqatçısı oluruq. Niyə belə bir təşviqatçı olaq ki?! Nəyi göstərib nəyi göstərməmək arasındakı incə bir teli möhkəm tutmalıyıq. Əks təqdirdə, biz media olaraq hörmətdən düşərik…
Milli Mətbuat Günü münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Yazmaq bizi həmişə sevindirsin! Qələmimiz hər zaman ölkəmizin və dövlətimizin mənafeyinə xidmət etsin! Biz peşəmizə, peşəmiz bizə həmişə başucalığı gətirsin!”
Bakupost.az saytının təsisçisi və rəhbəri Elçin Zahiroğlu:
“Ümumiyyətlə Milli Mətbuatımızın 150 illiyi çox böyük və əlamətdar bir tarixə malikdir. Sevindirici haldır ki, bu möhtəşəm tarixin hər hansı bir mərhələsində bizim də payımız var.
Təəssüf ki, bu 150 ilin böyük bir hissəsi müstəqil dövlət mətbuatı şəraitində keçməyib. Xüsusilə 70 illik sovet işğalı dövründə mətbuat daha çox ideoloji vasitə funksiyasını daşıyıb. Lakin Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra milli mətbuatın inkişafı üçün yeni bir mərhələ başladı. Bu dövrü Azərbaycan mətbuatının əsas inkişaf mərhələsi hesab edirəm.
Son illərdə isə mətbuat sahəsində mühüm islahatlar həyata keçirilib. Qanunvericilik bazası təkmilləşdirilib, jurnalistikaya daha peşəkar yanaşma formalaşdırılıb. Mətbuatın institusional strukturu yenidən qurulub, jurnalistlərin hüquqları genişləndirilib. Artıq media nümayəndələri üçün vahid Reyestr Xidməti mövcuddur, onlar ipoteka almaq, vergidən azadolma kimi bir sıra sosial imtiyazlardan yararlana bilirlər. Bu, dövlətin jurnalistikaya göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir və təqdirəlayiq haldır.
Jurnalistika elə bir sahədir ki, cəmiyyətin hər təbəqəsi onunla maraqlanır, ondan faydalanmaq istəyir. Məhz buna görə də bu sahənin inkişafı strateji əhəmiyyət daşıyır. Eyni zamanda biz artıq süni intellektin media və mətbuat sahəsinə təsirinə də hazır olmalıyıq. Bu texnologiyadan düzgün və səmərəli istifadə yolları öyrənilməli, jurnalistlər üçün müvafiq təlimlər təşkil olunmalıdır.
Ümumilikdə isə Azərbaycan mətbuatı ilə bağlı düşüncələrim müsbətdir. Hesab edirəm ki, bu sahədə daha böyük uğurlar əldə edəcəyik. Şuşa Qlobal Media Forumunda cənab Prezidentin mətbuatla bağlı səsləndirdiyi fikirlər də həm ruhlandırıcı idi, həm də gələcək fəaliyyətimiz üçün mühüm istiqamətlər müəyyənləşdirdi.
Bu gün Azərbaycan mətbuatı artıq dövlətin etibarlı dayağına çevrilib. Cəmiyyətin maarifləndirilməsi istiqamətində öz funksiyasını uğurla yerinə yetirir və qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Milli Mətbuatımızın 150 illiyi münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram!”
Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu:
“Bu gün 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə əsası qoyulan Milli Mətbuatımızın günüdür. Bu gün Azərbaycan jurnalistikasının təməl günü hesab olunur. “Əkinçi”yə təkcə ilk qəzet kimi yox, həm də milli özünüdərkin, maarifçiliyin və mədəni intibahın başlanğıcı kimi baxmaq lazımdır.
Milli mətbuatımız yarandığı gündən qarşısına bir məqsəd qoymuşdu: xalqı savadlandırmaq, milli dəyərləri qorumaq və sosial problemləri gündəmə gətirmək. XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı satirik dildə ictimai eybəcərlikləri ifşa edərək jurnalistikanın gücünü ortaya qoydu.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat daha da sərbəstləşdi. Belə ki, Sovet dövründə senzura mövcud olsa da, bir çox mətbu orqan milli kimliyin qorunmasında mühüm rol oynadı.
Müstəqilliyimizin ilk illərindən - 1991-ci ildən sonra mətbuat sahəsində baş verən köklü dəyişikliklər göz önündədir. Müstəqillik mətbuat azadlığında da özünü göstərdi. Qəzetlər, informasiya agentlikləri, televiziya kanalları və internet portalları sürətlə artdı.
Bu gün onlayn medianın və sosial şəbəkələrin təsiri daha da güclənib. Bu, özlüyündə həm yeni imkanlara yol açır, həm də risklər yaradır.
Bu gün Azərbaycan dövlətinin media sahəsində apardığı islahatlar təqdirəlayiqdir. Belə ki, 2021- qəbul olunan “Media haqqında” qanun, Medianın İnkişafı Agentliyinin fəaliyyəti, eyni zamanda jurnalistlər üçün sosial proqramlar bu sahənin peşəkarlaşmasına yönəlib.
Bu gün media nümayəndələrinin qarşısında duran əsas vəzifə obyektivlik, operativlik, peşəkarlıq və etik kodekslərə riayət etməkdir.
Mətbuatımızın günü olsa da, problemlərə də toxunmaq lazımdır. Bu gün Azərbaycanda araşdırma jurnalistikası zəifdir, demək olar, yox olmaq üzrədir.
Maddi asılılıq və reklam bazarının məhdudluğu media subyektlərinin fəaliyyətinə mənfi təsir göstərir. İnanıram ki, 150 illik yolu qət edən Azərbaycan mətbuatı sürətlə dəyişən informasiya mühitində öz funksiyasını daha səmərəli yerinə yetirəcək, milli mənəvi dəyərləri qoruyacaq, ictimai fikrin formalaşmasında vacib rol oynayacaq. Bütün həmkarlarımı ürəkdən təbrik edirəm”.
“Türküstan Media Qrupu”nun baş redaktoru Aqil Camal:
“Jurnalist fəaliyyətimiz dövründə bir neçə onillikdə Milli Mətbuatımınız yubileylərini yaşamışıq. Təbii ki, 150 illik digərlərindən fərqlənir. Mətbuatın 100 illiyi sövet dövrünə təsadüf edib. O dövr Azərbaycan mətbuatı məzmunca zamanın siyasi konyukturasının ruporu olsa da, formaca ümumi inkişafın bir parçası idi. Müstəqillik dövründə Azərbaycan mətbuatı həm ölkənin qarşılaşdığı işğal faktının yaratdığı bəlaların dünyaya çatdırılması, həm də, yeni media çağırışlarının tətbiqi sahəsində önəmli yol qət edib. 44 günlük Vətən müharibəsində informasiya savaşında Azərbaycan mediasının peşəkər və vətənpərvər fəaliyyəti bu gün də təqdir olunmaqdadır. Ondan sonrakı dövrdə qlobal informasiya məkanında Azərbaycana qarşı həyata keçrilən təxribatlara qarşı da mediamız ləyaqətlə cavab verdi. Bu prinsipial və peşəkar duruşu 2 gün öncə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə Azərbaycan Prezidenti də xüsusi qeyd etdi. Mətbuatın 150 illiyi ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncamla onlarla həmkarımız müxtəlif dövlət mükafatları ilə təltif edildi. Bu da, Azərbaycan mediasının fəaliyyətinə verilən qiymətin ali göstəricisidir. Bu baxımdan, hesab edirəm ki, bu gün milli mətbuatın 150 illiyini qeyd edən media əhli, geri boylanarkən xələflərinə “Biz bacardıq” deməyi haqq edir”.
Aytac Bəhruzqızı