“Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illiyi münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik müraciəti həm simvolik, həm də strateji cəhətdən çoxqatlı və əhəmiyyətlidir. Təbrik mətninin yalnız yubiley təbriki deyil, eyni zamanda dövlətin media siyasətinə, jurnalistikanın funksiyalarına və gələcək çağırışlara dair kompleks baxış təqdim edir”.
Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu deyib.
O qeyd edib ki, Prezidentin təbrikində "Əkinçi" qəzetinə xüsusi vurğu edilməsi klassik yanaşmanın davamı olmaqla yanaşı, maarifçilik hərəkatının ideya davamçısı kimi müasir medianın vəzifəsini də gündəmə gətirir. Onun sözlərinə görə, burada Zərdabinin başladığı işin bugünkü jurnalistika üçün əhəmiyyətli bir ideya qaynağı olduğu fikri önə çəkilir.
“Təbrikdə Ulu Öndər Heydər Əliyevin medianın inkişafına töhfəsi xüsusi qeyd olunur. Bu, təkcə siyasi rəhbərlik dövrünün xatırladılması deyil, həm də müasir medianın hüquqi və institusional əsaslarının necə formalaşdığını izah edir. Məhz həmin dövrdə senzuranın ləğvi, media azadlığına dair normativ çərçivənin qurulması kimi õnəmli məqamlar dövlətin bu sahəyə sistemli yanaşmasının nümunəsidir”.
V.Zifəroğlu bildirib ki, Prezident Əliyev təbrikdə müasir medianın rolunu "peşəkarlıq, obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik" çərçivəsində müəyyənləşdirir. Bu isə medianın həm ictimai məlumatlandırma, həm də milli ideologiyanın daşıyıcısı kimi ikili funksiyasına işarə edir.
“Əsas çağırışlar isə konkret şəkildə sadalanır: media savadlılığı; rəqəmsallaşma və süni intellektin tətbiqi; dezinformasiya və "deepfake"lərə qarşı mübarizə; sosial media fəallığı. Bu, ölkə rəhbərliyinin qlobal media mühitindəki transformasiyaları dərindən izlədiyini və Azərbaycan mediasının bu trendlərə uyğunlaşdırılmasına xüsusi önəm verdiyini göstərir”.
Müsahibimiz əlavə edib ki, təbrikdə informasiya təhlükəsizliyi kontekstində Vətən müharibəsində medianın rolu da xüsusi qeyd olunur.
“Prezident medianın dezinformasiyaya qarşı mübarizədə, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında və cəbhə zonasındakı fəaliyyətində göstərdiyi fədakarlığı yüksək qiymətləndirir. Bu, medianın təkcə informativ deyil, həm də strateji resurs kimi dəyərləndirilməsinə nümunədir”.
O həmçinin vurğulayıb ki, təbrikin sonlarına doğru Prezident jurnalistləri söz azadlığından sui-istifadənin qarşısını almağa, milli maraqları hər şeydən üstün tutmağa çağırır:
“Bu çağırış xüsusilə media müstəqilliyi ilə milli təhlükəsizlik arasındakı incə tarazlığın qorunması və jurnalistikanın əsasını təşkil edən sosial məsuliliyyət hissinin unudulmaması baxımından mühümdür. Burada həm media azadlığına bağlılıq, həm də professional etik çərçivənin qorunması ideyası paralel şəkildə irəli sürülür ki, bu olduqca əhəmiyyətli və hər bir peșəkar jirnalistin əməl etməli olduğu məqamdır”.
Həmsöhbətimiz qeyd edib ki, təbrikdə müharibə və postmüharibə dövründə həlak olan jurnalistlərin xatirəsinin anılması, medianın yalnız informasiya daşıyıcısı deyil, həm də vətəndaşlıq və vətənpərvərlik nümunəsi olduğunu göstərir. Onun fikrincə, bu medianın sosial nüfuzunu artırmaqla yanaşı, həm də onun cəmiyyət üçün təhlükəli və çətin məqamlarda oynadığı rolu vurğulamaqdır:
“Prezident İlham Əliyevin bu təbriki yalnız təbrik nitqi deyil, həm də media siyasəti üçün strateji vizyon sənədidir. Təbrikdə keçmişə hörmət və tarixi mirasın davamı, bu günün reallıqları ilə media institutlarının rolu, gələcək çağırışlara hazırlıq və texnoloji transformasiya, media-millət-dövlət üçbucağında məsuliyyət bölgüsü aydın şəkildə ifadə olunur. Bu baxımdan təbrik həm nəzəri, həm də praktiki baxımdan jurnalistika ictimaiyyətinə ünvanlanmış bir strateji yol xəritəsi kimi dəyərləndirilə bilər”.
Aytac Bəhruzqızı