Modern.az

Bizim Modern.az...

Bizim Modern.az...

Media

1 Sentyabr 2025, 16:13

Əslində yazının başlığı kimi “Mənim Modern.az-ım” fikirləşmişdim. Yazıya köçürəndə isə fikrimi dəyişdim. Düşündüm ki, Modern.az təkcə mənim deyil axı, minlərlə oxucunun gündəlik izlədiyi, onlarla jurnalistin çıxış etdiyi xəbər portalıdır.

Deyim ki, hər xəbər portalının öz oxucu  auditoriyası, izləyiciləri olur. Modern.az ən çox ziyalıların izlədiyi, tribuna kimi istifadə etdiyi xəbər portalıdır. Modern.az həm də  güvənli xəbər portalıdır, paylaşdığı hər xəbərin dəqiqliyinə oxucunu inandıra bilir, ona isnad edilir. Dünyada, ölkəmizdə, regionda nə baş verirsə,  həm operativ, həm analitik təqdim etməyi bacaran Modern.az bu gün ölkənin xəbər portalları içərisində öz yeri və tutumu olan media qurumu kimi tanınır. Dürüstlüyünə etibar etdiyimə görə bütün informatik xəbərləri bu sayt üzərindən izləməyə çalışıram.

Modern.az çox nadir hallarda öz oxucusundan üzr istəyib. Müəllif kimi bildirim ki, burada informasiyanın dəqiqliyi yoxlanılmadan yayımlanmır. Bu saytın diqqətçəkən xüsusiyyətlərindən biri də budur ki, digər xəbər portallarının yayımladığı informasiyalardan istifadə edirlərsə, mütləq şəkildə istinad verilir. Bəli, çox az sayda xəbər portalının əməl etdiyi xəbər mədəniyyəti, media etiketi qaydaları Modern.az-da qorunur.

Modern.az demək olar ki, cəmiyyətimizi narahat edən bütün problemlərdən yazır, qlobal məsələlər, gündəlik hadisələr 24 saat diqqətdə saxlanılır. Diqqətdə saxlanılan həm də günün tarixinə sayğıdır, həmin gün dünyada və ölkədə baş verən tarixi hadisələrin ən əhəmiyyətlilərinin analitik, informatik təhlilinin verilməsidir. Bu sıraya ölkəmizdən xaricdə yaşayan və fəaliyyət göstərən yaradıcı adamlarla bağlı mütəmadi verilən yazıları da daxil etmək istəyirəm. Bu xəbər portalı yaşından, təhsilindən, mövqeyindən, partiyalılığından asılı olmayaraq bütün yazarların üzünə təmənnasız açıqdır. Yetər ki, yazdığın cəmiyyət üçün əhəmiyyət daşısın, obyektiv olsun, müəllif  təmənna güdməsin, “xalturaçılığı” olmasın və s.

“Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir” .
Mətbuat şurasının sədri  Rəşad Məcidin bu deyimini təsadüfən xatırlamadım.  Rəşad müəllim demişkən: “Ciddi media qurumu İP xətrinə hər sayıqlamanı yaymağı özünə rəva bilməməlidir. Qərəzli olanda, həqiqəti təhrif edəndə gözdən düşürsən. Getdikcə sənə inam azalır. Bir gün gəlir, doğru sözünə də inanmırlar. “Yalançının evi yandı, heç kim inanmadı” məsəlində olduğu kimi”.

Modern.az mənə həm də ona görə əzizdir ki, illərdir yaradıcılığıma geniş yer ayırır-təmənnasız, minnətsiz. Bu xəbər portalının jurnalist kollektivində dəyərləndirdiyim  cəhətlərdən biri də materialların yerləşdirilməsindəki operativlikdir, müəllif hüququna hörmətdir. Modern Media Qrupunun direktoru hörmətli Elşad Eyvazlı xəbər portalının adını bütün mənalarda doğruldan səriştəli jurnalist kollektivi formalaşdıra bilib. Bu xəbər portalında işini yola verən, candərdi işləyən jurnalist tanımıram. Hamı cani dildən çalışır ki, Modern.az-ın illər boyu qazandığı hörmət əskilməsin, xəbər bazarında mövqeləri zəifləməsin Bir-iki dəfə qonaqları olduğumdan  peşəkar komandanı canlı izləmək imkanım olub. Hər kəs iş başındadır, heç kəs “zəif bənd” olmaq istəmir burda.

Bu xəbər bolluğunda, sosial şəbəkələrin at oynatdığı bir zamanda oxucu marağını cəlb etmək, saxlamaq asan məsələ deyil. Çox xəbər portalları var ki, digər saytların yayımladığı yazıları kopi-past edib yaymaqla  fəaliyyət göstərirlər. Nə vaxta qədər? Oxucu gözü tərəzidir, baxan kimi anlayır ki, bu xəbərləri ilk əvvəl harda oxuyub. Deyim ki,  belə “sarmaşıq”, “zəli” saytların ömrü çox da uzun olmur, gec-tez meydanı tərk edirlər.

İstisnasız demək olar ki, Modern.az 16 illik fəaliyyəti dövründə adını doğruldan media siyasəti yeritməyi bacarıb. Bunu saytın rubrikalarına diqqət edəndə də görürük. Olduqca rəngarəng və çoxşaxəlidir. Xəbər portalında jurnalist ixtisaslaşmasının aparılması  da öz nəticəsini verib. Hər sahənin öz yazarı formalaşıb. Son illərdə müxtəlif mövzularda yazı müsabiqələrinin keçirilməsini  də saytın uğurlarından saymaq olar. Modern.az məzmunla formanın vəhdət təşkil etdiyi xəbər portalıdır.

Modern Media Qrupunun direktoru hörmətli Elşad Eyvazlının ata sevgisi ilə sayta ünvanladığı bayram təbriki məni çox duyğulandırdı: “Bu yol Sözə xidmət, Dövlətə sədaqət, Xalqa sevgi yoludur. Sözdə deyil, özdə VƏTƏN yoludur”.

Bu yolda sənə uğurlar, bizim Modern.az!
 


Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular