“İşğalçı bir xalqın musiqisinin bizim radioda getməsini arzu etməzdim”
ANS ÇM radiosunda hər şənbə, saat 19.00 və 20.00 arası efirə gedən «Qafqaz top 20» musiqili verilişində erməni mahnılarının səsləndirilməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. ANS rəhbərliyi bu məsələyə görə ciddi tənqidlərə məruz qalıb. Modern.az saytı erməni mahnılarının ANS ÇM radiosunda səslənməsilə əlaqədar Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələrindən münasibət öyrənib.
Şair Məmməd Aslan: “Mən bu məsləyə bir şair kimi yox, çoxmilyonluq Azərbaycanın bir nəfəri kimi münasibət bildirmək istəyirəm. Heç bir mülahizə ilə bu xalqın adından xalqa amansız düşmənçilik göstərmiş və göstərməkdə olan əcaib təbiətli bir millətə mərhəmət göstərmək olmaz. Həm də belə canıyananlıqla. Onu bağışlamaq hər birimiz üçün günahdır. Türkiyə o boyda sərhədlərini acmayacağını Azərbaycan torpaqları işğal altından azad olunacağı günə qədər beynəlxalq aləm qarşısında mərdanəliklə söz verib. Bir televiziya işçisi isə heç bir götür-qoy etmədən, xalqın, millətin tökülən qanını nəzərə almadan, az qala hər gün televiziya xəbərlərində erməni gülləsindən dünyasını dəyişən oğlumuzun qanını və onun sahibi olan ailənin, eyni zamanda bütün Azərbayacanın fəryadını öz fəryadı bilməyərək çılğıncasına canıyayanalıq göstərən bir aparıcının özbaşına qərarını, doğrusu, ağlasığmaz hesab edirəm. Bu qədər səlahiyyətli olduğunu əcaib şəkildə bəyan edir.
Belə bir şəraitdə erməni bizim mahnılarımızı öz könül xoşluğu ilə səsləndirirmi?! Nə yaman əliaçıq, könlüaçıq və mərhəməti bol olmuşuq?! Elə əslində bu mərhəmətdən başımıza gəlib olub-bitən faciələrimiz. Və gəlməkdədir. Bir vətəndaş tutduğu vəzifədən asılı olmayaraq öz soydaşının damarından axıdılan qanı öz damarının qanı bilmirsə, onda bu adama nə ad vermək olar?! Dostluq cəbhəsinimi, yoxsa üzdəniraq qarşı cəbhəninmi?!
Xatırladım ki, ömür boyu erməni bizim hazırca musiqimizi oğurlayıb, Bunun onlarca örnəyi ifşa edilib.
Yeri gəlmişkən, bir haşiyə çıxım: Bir dəfə rəhmətlik İsmayıl Şıxlıgilə getmişdim. Gördüm ki, sonsuz dərəcədə həyəcanlıdır. Yazı masasının üstündə üç kiçik kaset var idıi.
Dedi ki, Məmməd, dərdimizə bax, bizim: Amerikadan mənə göndərilən bu üç kasetin üçündə də Azərbaycan mahnılarının sözləri dəyişdirilib, musiqisinin heç bir yerinə toxunmadan dədələrinin malı kimi dünyaya erməni mahnısı kimi yayıblar.
Ermənilər Qafqazın əsl bir parçası ola bilmədiklərini bir xalq kimi sübut edə bilmədikləri kimi, bizim onlara Qafqazın bir parçası kimi haqq qazandırıb, mahnılarını vermək, təbliğ etmək son dərəcə özbaşınalıq, heç bir mülahizə ilə haqq qazandırılmayacaq gülünc həqiqətdir.
Qafqazın bir parçası o biri parçasını qardaş görməyəndə, bizə olmazın amansızlıqlarını yaşadanlara haqq qazandıran aparıcını qınayıram.
Bu məqamda yadıma böyük bir aşğımız Abbas Tufarqanlının bir öyüdü gəldi:
Bəd övladı əzəl başdan tanıram:
Çör-çöp yığıb, yad ocağın yandırar!
Səhər durub ar-namusu gözləməz,
Suyu töküb, öz ocağın söndürər
Mən erməni mahnsını bu gün döşünə döyüb efirdən səsləndirən hər kəsə qarşı mətbuatımızı və televiziya işçilərini ayıq olmağa çağırıram.
Deputat Aqil Abbas: “Hər şeyi faciəyə çevirmək olmaz. Buna görə ANS-in xidmətlərinin üstündən xətt də çəkmək düzgün deyil. İndi işdir də olub. Gərək verməyəydilər, amma verib də. Buna görə adamı güllələmək olmaz. Azərbaycanda 30 min erməni var, onlar üçün bir mahnı veriblər. Bütün günü Qarabağda erməni televiziyalar yayımlanır, bunun qarşısını almaq lazımdır əslində”.
Müğənni Yalçın Rzazadə: “Rusiya telekanalından özüm eşitdim, sən demə, “Girdim yarın bağçasına” “erməni” mahnısıymış. Bizim tarımız, kamanımız, bəstəkar mahnılarımıza sahiblənən, torpağımızı mənimsəyən məxluqların mahnılarını təbliğ etmək heç bir məntiqə sığmır. Ermənilərin, ümumiyyətlə musiqisi yoxdur. Hamısı oğurluqdur. Belə bir halı anormal olaraq qiymətləndirirəm. Bu, bizə yaraşmaz. Bizim o qədər gözəl mahnılarımız var, yəni bu qədərmi kasad musiqimiz var ki, ermənilərin səsləndirilməsinə də ehtiyac duyulur?!”.
Telejurnalist Qulu Məhərrəmli: “Bu dəqiqə Azərbaycanda ayrı-ayrı fondlarda kifayət qədər erməni dilində mahnılar var. Hesab edirəm ki, bu bir rəngdir. Mən erməni radiolarında Azərbaycan mahnılarının səsləndirilməsini dəfələrlə eşitmişəm. Yerevandan kənarda yaşayan ermənilər öz toylarında Azərbaycan mahnılarını səsləndirib, onun sədaları altında oynayırlar. Pakistanla Hindistan arasında münasibətlərin pis olmasına baxmayaraq, Dehlinin, Kəraçinin küçələrində bir-birlərinin mahnıları səslənir. Demirəm bu dəbə çevrilsin. Lakin daimi olaraq erməni mahnısının səsləndirilməsi artıq onun təbliğidir. Vaxtilə Üzeyir Hacıbəyovun musiqisini ermənilərin qamarlaması ilə bağlı çox yaxşı bir kəlamı var. O deyirdi ki, bizim musiqidən bəhrələnin, götürün bizim musiqiləri, inanıram ki, bizə daha çox qalacaq. Azərbaycan musiqisinin erməni musiqisinə təsirini öyrənmək baxımından hərdən bir səsləndirilməsi düşünürəm ki, bizim xeyrimizədir”.
Yazıçı Seyran Səxavət: “Əgər Qarabağ problemi ANS ÇM radiosunda erməni mahnısının gedib-getməməsindən asılıdrsa, mən belə bir halın qəti əleyhinəyəm. Mənim üçün bunun heç bir mənası yoxdur. Bu bir faciə deyil, amma işğalçı bir xalqın musiqisinin bizim radioda getməsini arzu etməzdim. ANS ÇM radiosunun erməni mahnısını verməyi, Qarabağın əlimizdən getməsinin yanında heç bir şeydir”.
Gülşən Raufqızı