Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər”: “Özümü jurnalistikada həmişə müvəqqəti saymışam, amma gedə də bilməmişəm” - RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər”: “Özümü jurnalistikada həmişə müvəqqəti saymışam, amma gedə də bilməmişəm” - RUBRİKA

5 May 2014, 09:53


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“APA Holdinq”in birinci vitse-prezidenti Şahin Cəfərli jurnalistikaya gəldiyinə görə nə məmnundur, nə də peşman: “Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini bitirmişəm. İxtisasca politoloqam. Hələ institutda oxuyarkən jurnalistika fəaliyyətinə başlamışdım. Elə o vaxtdan mətbuatdayam.1995-ci ilin dekabrında “Yeni Müsavat”da işə başlamışam. Əslində jurnalist olmağı qarşıma məqsəd qoymamışam. Açığı, bu sahəyə xüsusi həvəsim və istəyim də olmayıb. Sadəcə olaraq, belə demək mümkündürsə, həyatın axarı özü məni mətbuata gətirdi. Bu məsələdə hörmətli filosof, professor Niyazi Mehdinin xüsusi rolu olub. 9 il “Yeni Müsavat”da çalışdıqdan sonra 1 il “Gün-Səhər”də çalışmışam. 2006-nın sentyabrından APA-dayam.
Bu sahəyə gəldiyimə görə məmnun da deyiləm, peşman da. Niyə məmnun və niyə peşman deyiləm? Bu suala çox uzun cavab vermək olar. Qısa və ümumi şəkildə deyə bilərəm ki, Azərbaycan mediasının hazırkı durumundan və inkişaf səviyyəsindən məmnun deyiləm. Texniki təchizat və informasiya texnologiyalarından istifadə baxımından inkişaf olsa da, ümumi inkişaf səviyyəsi yetərli deyil. Məncə 90-cı illərin sonları və 2000-ci illərin əvvəllərində daha səviyyəli mətbuatımız var idi”.

“Avropa.info”nun redaktoru Rəsul Mirhəşimli düşünür ki, tərəfsiz deyilən bütün mətbuat tərəfdi, müstəqil sayıldıqlarını iddia edən əksər jurnalistlər isə müstəqil deyil:
“BDU-nun filologiya fakültəsinin məzunuyam. Öz ixtisasım üzrə demək olar ki, işləməmişəm. Jurnalistikaya 1994-cü ildə gəlmişəm. İlk yazım "Cümhuriyyət" qəzetində dərc olunub. Sonra "Azadlıq" qəzetində yazılarım çıxıb.
Mətbuata gəldiyim gündən özümü jurnalistikada müvəqqəti saymışam. Amma hələ ki mətbuatdan getmək mənə qismət olmayıb. 20 ildi bu "müvəqqətiliklə" mətbuatdan kənara çıxmamışam. Jurnalistikada olduğumdan dolayı keçirdiyim hissə peşmançılıq hissi də deməzdim. İndi mətbuat elə vəziyyətdədi ki, artıq jurnalistlər müəyyən çərçivə daxilində fəaliyyət göstərirlər. Tərəfsiz deyilən bütün mətbuat tərəfdi, müstəqil sayıldıqlarını iddia edən əksər jurnalistlər müstəqil deyil. Bir jurnalist bütün tərəfləri obyektiv tənqid edən bir yazı hazırlayıb, hansısa mətbuat orqanına təqdim etsə, onu heç kim dərc etməz. Bu şərtlər daxilində jurnalistika ilə məşğul olmaq məni sıxır”.

ATV telekanalının “ATV Xəbər” proqramının aparıcısı Samirə Mustafayeva atasının istəyinə qarşı gedərək televiziyaya gəlib: “Mən birinci İncəsənət İnstitutuna (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olmuşdum. Amma atam istəmirdi. Ümumiyyətlə, atam ancaq ibtidai sinif müəlliməsi olmağımı istəyirdi. Öz razılığım olmadan, onun istəyi ilə Pedaqoji Kollecə daxil olmuş, ibtidai metodikanı bitirmişəm. İxtisasca ibtidai sinif müəlliməsiyəm. İxtisasım üzrə heç işləməmişəm. Mənə elə gəlir, o vaxt  doğrudan da elə müəllimə olacaqdım. Öyrənməyə, işləməyə sevə-sevə başlamışdım. Praktikalarda olub dərs də demişəm. İndiyə kimi əyani vəsaitlərim qalıb. Ancaq sonra təsadüfən arzum yerinə yetdi. Televiziyaya gəlmək ən böyük arzum idi. O vaxt televiziyaya gəlmək o qədər qəribə idi ki, hətta bilmirdilər ki, televiziyalar harada yerləşir. Amma indi hamı üçün adidir. 106 fm radiosunda 106.3 radiosunun yaranması ilə bağlı anonslar getmişdi. Aparıcılar təsdiq olunurdu. Mən də rəfiqəmi götürdüm, getdim. Həm rəfiqəmi apardım, həm də özümə maraqlı idi. 2003-2004-cü illər idi.
Jurnalistikada olduğuma görə heç peşman deyiləm. İnsanın taleyi konkret olaraq yazılmış kodlarladır. Mümkün deyil ki, başqa cür olsun. Nə vaxtsa bir radio elanı ilə televiziyaya gəldim. 2-3 ay işə evdən, atamdan gizli gəlmişəm. Atam hətta mənim üçün başqa iş tapmışdı. Sonra qəbul etdi. Çünki artıq gördü ki, mən uğurlu addımlayıram. Televiziya adı o vaxt bir az qəribə gəlirdi ki, deyirdi ki, mən qızımı jurnalistikaya buraxa bilmərəm. Sonra gördü ki, yox elə deyil, çox gözəl kollektiv, yaxşı insanlar var. Həm də hər şey o qədər səmimi, sadə idi ki, orada göründüyü qədər əlçatmaz insanlar yox idi. Vaqiflə (Vaqif Aydınoğlu) ailə həyatı qurmağım da bir il sonra baş verdi. Amma deyə bilmərəm ki, evdəkilər məhz ona görə mənim orada işləməyimə razı oldu. Artıq iki il idi işləyirdim, televiziyada öz uğurlarım var idi. Hələ də ATV kanalındayam. Bu mənim üçün böyük uğurdur ki, gəldiyim gündən bir yerdə işləyirəm”.

Turan agentliyinin və “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlunun çətinlikləri çox olsa da jurnalistikaya gəlişindən razıdır: “İxtisasca tarixçiyəm. 3 il təyinatla Kələbəcərdə müəllim, direktor müavini işləmişəm. Sonra siyasi elmlər üzrə aspirant olmuşam. O zamanlar aspiranturaya qəbul üçün elmi məqalə tələb olunurdu. Bu məni “Elm və Həyat” jurnalında məqalə yazmağa məcbur etdi. Beləliklə, elmi məqalə yazdım və jurnalistliyə başladım. Əvvəlcə ştatdankənar müxbir işlədim.
“Elm və Həyat” jurnalından sonra “İnşaatçı” qəzetində, “Dəmiryol” qəzetlərində məqalələr yazdım. Daha sonra isə 1990-cı ildə “Azadlıq” qəzetində işə başladım. Arada “Ədəbiyyyat və İncəsənət” qəzetində yazı yazırdım. “Amerikanın Səsi” radiosu ilə hələ 1990-cı illərdən əməkdaşlıq edirdim. Daha sonra onlar təklif etdi, mən də razılıq verdim. “Amerikanın Səsi”indən öncə 1994-1995-ci illərdə “Azadlıq” radiosunda işləmişdim. 1993-cü ildən həm də “Turan” agentliyində işləyirəm.
Bu peşəni özüm seçmişəm. Mütaliə və  yazı yazmaq bir növ həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Yazı olmayanda özümü narahat hiss edirəm. Bir də taleyin qismətindən, müstəqillik başlayandan daim medianın "Azadlıq adaları" bəxtimə qismət olub. Bu Nəcəf Nəcəfov məktəbi, yəni "Azadlıq" qəzeti, “Turan” agentliyi, “Azadlıq” radiosu və “Amerikanın Səsi” teleradiosudur. Jurnalistikada olduğuma görə əlbəttə razıyam. Çətinlikləri ilə birgə bu peşəni ömrümə yol yoldaşı etmişəm. Çətinliklərini daha çox görmüşəm. 1990-cı illərin gərgin hadisələri, müharibə, fiziki təzyiqlər, atəşlə üz-üzə durmaq... Hətta kontuziya da almışam. Həbslər və sairə. Bütün bunlarla yaşayıb həqiqi ictimai fikrin çatdırıcısına çevrilmək, əlbəttə yaxşıdır”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi