Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər”: “Mənə corab bağışlayan da olmayıb” - RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər”: “Mənə corab bağışlayan da olmayıb” - RUBRİKA

21 May 2014, 12:29



İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Haqqın.az” saytının əməkdaşı Zaur Rəsulzadənin jurnalistikaya gəliş səbəbi siyasətə olan marağıdır: “Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Əfsus ki, öz ixtisasım üzrə işləməmişəm. İcra strukturlarında çalışmışam, son 15 ildir jurnalistikadayam. Jurnalistikaya gəlişim 90-cı illərin sonuna təsadüf edir. Həmişə siyasətə marağım olub və bir yazı yazdım, “Exo” qəzetinə gətirdim, çap etdilər. “Exo” qəzetindən başqa “Novoye-vremya” qəzeti, day.az, 1news.az saytlarında işləmişəm.
Jurnalistikada olduğuma görə peşman deyiləm. Siyasət həmişə məni çəkib və jurnalistikada olanda elə bil siyasətdəsən”.

ATV telekanalında “ATV xəbər” proqramının aparıcısı Lalə Azərtaş: “2002-ci ildə Azərbaycan Dillər Universitetini bakalavr üzrə, 2004-cü ildə isə magistr pilləsini bitirmişəm. İxtisasım tərcüməçidir. Bu ixtisas üzrə heç bir gün də işləmədim. 1994-cü ildə Azərbaycan Dövlət Televiziyasından gəlmişəm. Məktəbli idim və “İstedad sorağı”nı aparırdım. Bu yolda bütün əziyyəti olanlara təşəkkür edirəm. Əsas odur ki, tamaşaçılar məndən razı olsun və çatdırdığım xəbərə inansın...
Qətiyyən peşman ola bilmərəm. Sevdiyim işdəyəm və hər gecə milyonlarla salamlaşıb, evlərinin qonağı oluram...”

“Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Yaqublu: “Xəzər Universitetinin humanitar və sosial elmlər fakültəsinin məzunuyam. İxtisasca tərcüməçiyəm. İxtisasım üzrə işləməmişəm. Amma tərcümələr etmişəm. Universiteti bitirdikdən sonra bir neçə ay işləmədim. Çünki həmin dönəm bacımın həbsi, daha sonra atamın həbsinə təsadüf edir. Gərgin günlər idi. Sonra “Yeni Müsavat” qəzetindən təklif gəldi, mən də qəbul etdim. Onsuz çətin günlərimizi sosial şəbəkələr vasitəsilə də paylaşa bilirik. Təbii ki,  qəzet də bu işdə çox yardımçı olur.

Jurnalist olmaq arzum heç olmayıb. Sadəcə, vəziyyət elə gətirdi ki, jurnalist işləməli oldum. Buna görə heç də peşman deyiləm, amma hər halda insanın öz sevdiyi sahədə çalışması daha yaxşıdır”.

“Virtualaz.org” saytının baş redaktoru Famil Cəfərli düşünür ki, yazmaq ixtisasa yox, istedada bağlıdır: “Mən 1992-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. İxtisasım üzrə az işləmişəm. 1992-ci ildə təyinatla bitirdiyim orta məktəbə tarix müəllimi göndərdilər. Həmin ilin avqustundan noyabrına qədər müəllim işlədim. Oktyabrında AMEA-nın aspiranturasında daxil oldum və işi buraxdım.
Hələ tələbə olanda yazırdım. İlk yazım 1989-cu ildə çap olunub. Sonra AMEA-da aspiranturada oxuya-oxuya bəzi qəzetlərə işlədiyim mövzu ilə bağlı (Avropadakı Azərbaycan diasporunun ictimai və milli-mədəni fəaliyyəti) yazırdım. Görünür, yazılarım alınırdı ki, yavaş-yavaş yazmağı sürətləndirdim.

1993-cü ildən bəri "Yurddaş", "Millət", "İki sahil", "Azadlıq", "Rezonans", "Ekspress", "Yeni Azərbaycan", "Xalq qəzeti" və s. nəşrlərdə müntəzəm yazılarım çıxırdı. Bu, 1998-ci ilədək belə davam etdi. Amma həmin nəşrlərin heç birində ştatda olmamışam, sadəcə əməkdaşlıq etmişəm. 1998-ci ildən etibarən isə yalnız mətbuatda işləmişəm. İlk rəsmi iş yerim "Dövran" qəzeti olub. 1998-ci ildə o qəzetdə redaktor işləməyə başladım. Bu vaxta qədər heç bir qəzetdə müxbir də işləməmişdim.
1999-cu ilin ortalarında "Dövran"ın dövriliyi azaldı deyə, iş yerimi dəyişdim. Üç ay "Yeni Azərbaycan"da işlədim. 1999-cu ilin avqustunda oradan da işdən çıxdım və 8-9 ay işsiz qaldım. Sonra 2000-ci ilin iyulundan 2004-cü ilin aprelin 5-dək "Palitra" qəzetində redaktor işlədim. Apreldə ehtiyatda olan zabit kimi hərbi xidmətə getdim. 2005-ci ilin oktyabrında hərbi xidmətdən qayıdandan sonra həmin il noyabrın 1-dən "Gündəlik Azərbaycan" qəzetinin redaktoru oldum.
Eynulla Fətullayevin həbsi (apreldə tutulub) və qəzetin nəşrini dayandırması ilə bağlı 2007-ci il, mayın 20-dən yenə işsiz qaldım. 2007-ci il, avqustun 20-dən "Yeni Müsavat" qəzetinin redaktoru kimi çalışmağa başladım. Bu da 2013-cü il mayın 14-dək davam etdi.
2013-cü il mayın 15-dən isə virtualaz.org saytının baş redaktoruyam.

Məncə, yazmaq, yazı redaktə etmək ixtisasa yox, istedada bağlı olan nəsnədir. İxtisası jurnalistika olub tərcümeyi-halını yaza bilməyənləri də çox görmüşük. Tanıdığım istedadlı jurnalistlər arasında ixtisası tamam ayrı olan qələm sahibləri var.

Yazmaq rəssamlıq kimidir - ya çəkə bilirsən, ya da bilmirsən. Şəkil çəkə bilməyən rəssam neçə diplom alır-alsın, çəkə bilmirsə, deməli, rəssam deyil. Bu mənada jurnalistika diploma, ixtisasa baxmır, məncə...

Əvvəla, təbiətən elə adamam ki, peşmançılıq hissini çox zərərli hiss kimi özümə yaxın buraxmıram. Nə eləmişəmsə, hansı qərarı vermişəmsə, ona sahiblənməyi sevirəm. Səhv olsa da, düz olsa da...
Jurnalistikada olduğuma görə, əsla peşman deyiləm. İşimi çox sevirəm. İnsan işini sevəndə, ondan zövq alanda təbii ki, razı qalar... Bayağı görünməsin, arada düşünürəm ki, ikinci seçim imkanım olsaydı, yenə də jurnalistikanı seçərdim. Ona görə yox ki, bu sahə mənə maddi olaraq nəsə verib. Maddi olaraq heç nə verməyib. Jurnalist olduğum üçün mənə corab bağışlayan da olmayıb. Amma ictimai planda, mənəvi planda qazandıqlarım çox olub. Düşündüyümdən də... Elə olub ki, uzaq bir rayonda, kənddə toyda-yasda olmuşam, tanıyıblar, ehtiram göstəriblər. Bu da adama ləzzət edir. Olub ki, hansısa yazıma görə (indi az yazıram açığı) yaxınlarıma, doğmalarıma təşəkkür ediblər. Bundan aldığım zövqü heç nə ilə dəyişmərəm”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi