“Bir həftə əvvəl Türkiyədən gəlmişik. Müslümün qanında hepatit C-nin dozası qalxmışdı, o xəstəlik eyni zamanda ağ ciyərinə, öd kisəsinə təsir edib. Bir ay Ankarada bu istiqamətdə müalicələr getdi ki, onların təsiri azalsın. İndi yenə müalicə üçün ora qayıtmalıdır. Onda həm hepatit C-nin ağır forması var, həm də qaraciyər serrozudur. Bir müddətdən sonra ciyər mütləq dəyişilməlidir. Bunun üçün də çox böyük məbləğdə maliyyə tələb olunur, bizim isə imkanımız çatmır. Payızda yenə Türkiyəyə gedəcəyik”.
Bunu Modern.az saytına açıqlamasında qaraciyər serrozundan əziyyət çəkən jurnalist Müslüm Məmmədovun qardaşı İlham Məmmədli deyib.
Onun sözlərinə görə çoxsaylı müraciətlərə baxmayaraq, jurnalistə kömək edilməyib:
“Heç bir maddi kömək olunmayıb. Söz verirlər, amma hələ ki ortada heç nə yoxdur. Elə öz hesabımıza bir ay Türkiyədə müalicə etdirdik. Mətbuat Şurası söz verir ki, bir neçə yerə müraciət etmişik. Amma hələ konkret nəticə yoxdur. Gözləyirik. Müslüm həm Qarabağ müharibəsi veteranıdır, həm də jurnalistdir. 40-dan çox mətbuat orqanı rəhbərləri də müraciət etdi. Nə isə biganə yanaşırlar. Hamı danışanda Qarabağ döyüşçülərinə köməkdən, vətənpərvərlikdən danışır, ancaq ortaya iş gələndə heç nə olmur”.
Qeyd edək ki, Qarabağ müharibəsinin veteranı Müslüm Məmmədov BDU-nun Sosial elmlər fakültəsinin fəlsəfə pilləsini fərqlənmə diplomu ilə başa vurub. “Vətəndaş həmrəyliyi”, “Xalq cəbhəsi”, “Üç nöqtə”, “Yeni zaman”, “Vəhdət”, “Neytral”, “Azərbaycan naminə”, “Himayədar” və digər müxtəlif mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib. 2011-ci ildə dişindən müalicə olunan zaman həkimlərin səhlənkarlığı nəticəsində hepatit C virusuna yoluxub. Bir müddət Bakıda müalicə olunduqdan sonra 2011-2012-ci illərdə İran İslam Respublikasinda da müalicə alıb. Ancaq vəziyyəti getdikcə ağırlaşıb. Həkimlərin rəyinə görə, onda qara ciyər serrozu baş verib. Bunun müalicəsinin isə ancaq Türkiyədə və ya Almaniyada mümkün olduğunu bildirirlər.
Misranə Həsənzadə