Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər”: “Təklif edirəm Azərbaycanda jurnalistika fakültələri ləğv edilsin” - RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər”: “Təklif edirəm Azərbaycanda jurnalistika fakültələri ləğv edilsin” - RUBRİKA

20 İyun 2014, 11:36


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

İctimai Televiziyanın “Qarabağ sərvətləri” və “Diqqət mərkəzi” verilişlərinin aparıcısı Jalə Sabirqızı: “İxtisasca politoloqam. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsini bitirmişəm. İxtisasım üzrə çalışmamışam. 1999-cu ildən jurnalistikadayam. “Reytinq”, “Yeni zaman” və “Ekspress” qəzetlərində işləmişəm. 2007-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıram. “Qarabağ sərvətləri” və “Diqqət mərkəzi” verilişlərinin müəllifi və aparıcısıyam. Əslində politologiya jurnalistikaya o qədər də uzaq sahə deyil. Həm mətbuatda çalışdığım vaxt , həm də televiziyadakı fəaliyyətim zamanı Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ problemi mövzusuna daha çox müraciət etdiyimdən politoloji biliklərim həmişə köməyimə çatıb. Onu da deyim ki, bu gün jurnalistikada uğur qazananlar arasında politoloqlar az deyil.
Jurnalistikada olduğuma görə qətiyyən peşman deyiləm. Bu gün cəmiyyətdə müəyyən qədər tanınıramsa, bunu jurnalistikaya borcluyam və doğma iş yerimdən ayrılmağı ağlıma belə gətirmirəm”.

“Ekspress” qəzetinin əməkdaşı İradə Cəlilin həyatdakı tək arzusu jurnalist olmaq olub: “Televiziyada aparıcı olmaq istəyirdim. Oxumaq, jurnalist olmaq, təhsil almaq o zamanlar mənim üçün yuxu kimi idi. Amma məktəbi əla qiymətlərlə bitirdim, sənədlərimi hazırlayıb ali məktəbə vermək üçün imkan yox idi. Valideynlərim tezliklə ailə qurmağımı istəyirdilər. Amma məktəb vaxtlarında həvəskarı olduğum üçün əlaqə saxladığım qəzetlər var idi. Emil Tahiroğlu adlı bir redaktorla hər zaman yaşadıqlarımı telefonla paylaşırdım, çünki dost idik. O mənə təklif elədi ki, əgər səni oxumağa qoymurlarsa, gəl yavaş-yavaş işləməyə başla, öz qazancın olsun, oxu. Mən də ona qulaq asdım. O mənə çox kömək edirdi. O qədər danlandığım günlər, yaza bilmədiyim üçün ağladığım zamanlar olub ki.

Elə işləyə-işləyə sənədlərimi ali məktəbə verdim. Təhsil aldım, mənim üçün əsas diplom idi, çünki artıq arzuladığım işimdə idim.

İxtisasca iqtisadçıyam. Öz ixtisasım üzrə heç işləməmişəm. Qısa bir müddətə “Space” telekanalına getdim. Sevimli aparıcı Rafiq Həşimov bizi aparıcı olmağa hazırlaşdırırdı. Ordan da ayrıldım və “Ekspress” qəzetinə gəldim. Burada əvvəlcə mədəniyyət sahəsi üzrə müxbir işləməyə başladım.

2005-ci ildə yenidən sənədlərimi ali məktəblərdən birinə verdim. Amma oxumağa imkan vermədilər. Nişanlandım, ailə qurdum, hər şeydən uzaq düşdüm.

2010-cu ildən yenidən jurnalistikaya qayıtdım. Bu dəfə tək deyildim, iki uşağın da məsuliyyəti boynumda idi. Bu səbəbdən də yenidən jurnalistika təhsili almaq xəyalım suya düşdü.

İndi şükür hər şey qaydasına düşür. İnşallah istəyirəm gələn il Türkiyə universitetlərindən birinə sənədlərimi verim. Jurnalistikadan getmək istəmərəm. Uşaqlarım “anamız jurnalistdir” deyəndə çox xoşuma gəlir”.

“APA Holdinq”in əməkdaşı Mübariz Aslanov: “Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. Magistraturadan sonra hərbi xidmət keçdim, ondan sonra da aspiranturaya daxil oldum, elmi iş işlədim, amma jurnalistikaya gəlməyim elmi işimi müdafiə etməyə mane oldu. Mən jurnalistikaya gözlənilmədən gəlmişəm. Əvvəldən ağlıma gəlmirdi ki, jurnalist olaram. Bundan əvvəl Azərbaycanın tanınmış holdinqlərinin birində yaxşı (yəni maaş cəhətdən) vəzifədə işləmişəm. Sadəcə ticarətdən yoruldum deyə, ordan uzaqlaşdım, bir müddət işsiz qaldım və sonra jurnalistikaya gəldim. Çünki tələbəlikdən yazmağa meylli idim. “Azadinform”, “Lent.az”da çalışmışam. İndi də APA-dayam.

Peşə kimi jurnalistikadan əlbəttə, narazılığım yoxdur.  Mən indiki dövrdə jurnalistikanı silahsız mücahidliyə bənzədirəm”.

 “Yeni Müsavat” qəzetinin əməkdaşı Qadir İbrahimoğlu jurnalistika fakültəsini lazımlı hesab etmir: “Mənim ixtisasım iqtisadçıdır. İqtisad Universitetini bitirmişəm. Hələ tələbə vaxtından mətbuatla əməkdaşlıq edirdim. İlk yazılarım 1992-ci ilin dekabrında “Aydınlıq” qəzetində çıxıb. O qəzetlə bir ilə yaxın müddətdə əməkdaşlıq etdim. Hakimiyyət dəyişikliyi oldu, “Aydınlıq” qəzeti 1993-cü ildə bir qədər fasilə verdi. Həmin ərəfədə mənə “Azadlıq” qəzetindən təklif gəldi. “Azadlıq” onda Azərbaycanda ən böyük tirajlı qəzet idi. Mənə orada işləmək təklif olunanda açığı bir az tərəddüd etdim, ancaq sonra razılaşdım. Başa düşdüm ki, əgər belə bir təklif varsa, onu dəyərləndirmək lazımdır. Onda hələ İqtisad Universitetinin 4-cü kursunda oxuyurdum. Tale elə gətirdi ki, universiteti bitirdikdən sonra da fəaliyyətimi davam etdirdim. Yəni müxbir, şərhçi, şöbə müdiri vəzifələrində çalışmışam. Mənim jurnalist fəaliyyətimin hardasa 15 ili “Azadlıq” qəzeti ilə bağlıdır.

Öz ixtisasım üzrə bir neçə il universitetdə dərs demişəm. Hazırda əməkdaşlıq etdiyim “Yeni Müsavat” qəzetinin iqtisadi məsələlər üzrə şərhçisiyəm. Əksinə jurnalistikada qazandığım müəyyən dostlar var. Amma qeyd edim ki, Avropa dövlətlərində universitetin jurnalistika fakültəsi deyilən bir fakültə mövcud deyil. Təklif edərdim ki, Azərbaycanda jurnalistika fakültələri ləğv edilsin”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi