Mətbuat elə bir sahədir ki, ora yalnız qələmi və yazmaq istedadı olan kəslər daxil ola bilir. Bəlkə də buna görədir ki, bu gün oxuduğu sahə, peşədə özünü tapa bilməyənlər qələmlərinin gücü ilə mətbuatda çığır salıb, karyera qururlar. Hətta mediaya sadə müxbir kimi gəlib nazirliklərə, dövlət idarələrinə, ali təhsil ocaqlarına mətbuat xidməti vəzifəsinə təyinat alanlar da az olmayıb. Elə biz də bu dəfə həm bu sahənin, həm də tamam fərqli peşə sahibləri olan mətbuat katiblərindən yazmaq qərarına gəldik. Modern.az saytı bu məqsədlə qısa bir araşdırma aparıb.
Əslində onu universitet illərindən tanısam da, Türkiyədə tədbirlərin birində yenidən kəşf etdim. Olduqca sadə, darda olan düşməninə belə, əlini uzadan, peşəkar, bütün çətinliyə çox asanlıqla sinə gələn biri kimi ürəyimə yazdım onu. Çox uzatmayım, söhbət Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovadan gedir. Universitetin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasını bitirən P.İbrahimova ali məktəbin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib. Təhsil ala-ala jurnalistika fəaliyyətinə başlayan P.İbrahimovanın imzası müxtəlif qəzetlərdə («Avrasiya», «Hər gün», «Yeni Era», «Gəncənin səsi», «Faktor», «Elçi», «Yeni Avrasiya», «Retro») oxucular tərəfindən izlənilib. 2000-ci ildən Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsini, 2010-cu ilin mart ayından isə həmin şöbənin müdiri vəzifəsini daşıyır.
Təhsili ilə yanaşı, elmi fəaliyyətini də axsatmayan BDU sözçüsü “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)” mövzusunda namizədlik dissertasiya işi, 2 kitab, 15-dək elmi və 200-dək publisistik məqalənin müəllifidir. Dəfələrlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən «Fəxri Fərman» (2009), KİV-də obyektiv, dolğun və davamlı yazılarıma görə rektor, akademik Abel Məhərrəmov tərəfindən «Fəxri Fərman» (2011, 18 fevral), BDU-nun yerli və xarici KİV ilə əlaqələrinin daha da yaxşılaşdırılmasında xidmətlərimə görə «İlin ən fəal şöbə müdiri» (2011, 13 iyul) fəxri adı ilə təltif olunub. Onun uğurlarını saymaqla bitirmək olmaz. Ölkədəki ali məktəbin mətbuat xidmətlərinin hansılarının jurnalistlərə açıq olduğunu müəyyənləşdirən sorğularda Bakı Dövlət Universitetinin adı dəfələrlə ön sıralarda yer alıb. Mətbuatla daimi ünsiyyətimə görə «Medianın dostu» diplomu ilə təltif olunub.
Mətbuatda elə bir adam yoxdur ki, onun peşəkarlığına şübhə ilə yanaşsın. Hətta ona aid olmayan informasiyaları belə, birbaşa rektordan alıb mətbuata ötürür.
Bu universitetin mətbuat xidmətinin rəhbəri Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. 1996-cı ildən KİV-də çalışır. Demək olar ki, medianın bütün sahələrində qələminə güc verən Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova 2002 -ci ildən Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin üzvüdür. Özünün də dediyi kimi, Azərbaycanda yeganə ixtisaslı fransızdilli jurnalist olaraq fransızca “Le Carrefour” qəzetini təsis edib. Beşikdən qəbrə kimi elm öyrənmək deyiminə sadiq qalan həmkarımız bu il “Qarabağ münaqişəsi Fransa mətbuatında” elmi işini müdafiə edəcək. Hazırda Norveçin Oslo Universitetində “media studies” üzrə yay məktəbində iştirak edən Z.Kazımova da dəfələrlə ilin mətbuat katibi nominasiyalarının qalibi seçilib. O da çalışdığı ali məktəblə bağlı mətbuatda gedən bütün yazılara həmkarları kimi dərhal reaksiya verir, problemlər yaranarsa, onun araşdırılmasına çalışır.
Azərbaycan Pedaqoji Universitetin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov indiki Slavyan Universitetinin rus dili və ədəbiyyatı müəllimliyini bitirib. Sovet dövründə magistr təhsilini əvəz edən tam mütəxəssis diplomu alıb. Jurnalistikanın nəzəriyyəsini oxumasa da, jurnalistlərlə çox asanlıqla dil tapır. Ünvanladığımız sualı aydınlaşdırandan sonra məlumatı vermək üçün jurnalisti özü axtarıb tapır. Bir sözlə onun mətbuat xidməti kimi fəaliyyətinə “5” vermək olar.
Sözün düzü, mətbuata gəldiyim gündən bir neçə dəfə bu universitetlə bağlı məlumat almaq cəhdlərim baş tutmayıb. Nə qədər əlləşib vuruşsam da, İqtisad Universitetinin mətbuat katibinin bir kəlmə sözünə möhtac qalmışam. Biləndə ki mətbuat xidmətinin əməkdaşı dəyişib, dedim bəlkə yeni həmkarımız köhnənin yolu ilə getməz və mətbuata açıq olar. Doğrudan da İqtisad Universitetində rektor dəyişikliyi baş verəndən sonra ali təhsil ocağının mətbuatla əlaqələri yaxşılaşıb.
İqtisad Universitetinin mətbuat katibi Rasim Şərifov elə bu ali məktəbin beynəlxalq iqtisadi bölümündə təhsil alıb. Magistr təhsilini elə həmin bölümdə davam etdirib. Hazırda “Lider TV”də yayımlanan “Economics” verilişinin aparıcısıdır. Yaxın vaxtlarda dissertasiya müdafiə edəcək.
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev isə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. Hazırda Azərbaycan tarixi və ictimai elmlər kafedrasının baş müəllimidir. İşinin öhdəsindən heç də pis gəlmir. Nə vaxt və hansı informasiyanı istəsən Adil Əliyevdən əldə edə bilərsən.
Gültəkin ƏLƏSGƏR