İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
ATV telekanalının “Zərif qəhrəman” verilişinin aparıcısı Fatma Bağırova: “Mən Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin pedaqogika və psixologiya fakültəsini bitirmişəm. Hardasa 19 yaşımdan TV-dəyəm. "Sara" TV-də işlədikdən sonra ali məktəbə qəbul olundum. Amma jurnalistikanı Amerika məktəbindən intennews netvork, Sankt-Peterburqda Dövlət Universitetinin jurnalistika fakültəsindən kurslara, seminarlara qatılaraq öyrənmişəm. Vallah 35-dən sonra nə üçünsə peşmanam deməyin nə yeri var, nə də məntiqi. Amma peşman deyiləm. Mənə elə gəlir ki, jurnalistika tək sahə deyil, çox sahələri özündə birləşdirir. İnsan bu sahədə münasibət, əlaqə qurmağı, rahatlıqla ünsiyyətə girməyi öyrənir. Jurnalistika həm də bir tramplindir. Mənim həmkarlarımın çoxusu dövlət idarələrində mətbuat katibi və ya pr-menecer kimi fəaliyyət göstərir. Hər kəs öz yolunu özü cızır”.
Kulis.az saytının əməkdaşı Cəlil Cavanşir düşünür ki, Azərbaycanda bir yazıçının kitabları ilə pul qazanmaq şansı demək olar ki, yoxdur: “İxtisasım almanşünasdır. Gəncə Dövlət Universitetinin Alman dili fakültəsini bitirmişəım. Magistr təhsilim isə ABU-nun pedaqogika və metodika ixtisasıdır. Universitetin birinci kursundan qəzetlərlə əməkdaşlığa başlamışam. Amma alman dilindən tərcüməçi kimi fəaliyyət göstərmişəm. Əsasən bədii tərcümə ilə məşğulam.
Jurnalistika fəaliyyətinə 2004-cü ildə Gəncə şəhərində nəşr olunan "Töhfə" qəzetində başlamışam. Qısa müddət müxbir işləyəndən sonra bir müddət redaktor kimi çalışdım. Sonra "Türküstan" və "Vətəndaş həmrəyliyi" qəzetləri ilə əməkdaşlığım başladı. Universitetin 3-cü kursunda oxuyanda "Region xəbər" adlı aylıq qəzet təsis etdim. Müxtəlif mətbu orqanlarla əməkdaşlıq etsəm də, özümü jurnalist hesab etmirəm. Daha çox ədəbiyyat yönümlü yazılar yazıram.
Jurnalistikaya gəldiyimə görə qətiyyən peşman deyiləm. Azərbaycanda yaradıcılıqla, yazıçılıqla məşğul olan insanın köşə yazmaqdan, jurnalistika ilə məşğul olmaqdan başqa çarəsi yoxdur. Mən yazıçıyam. Yaşamağım üçün pul qazanmalıyam. Azərbaycanda bir yazıçının kitabları ilə pul qazanmaq, ailə dolandırmaq şansı demək olar ki, yoxdur. Eyni zamanda yeganə bacardığım və sevdiyim iş yazmaqdır. Peşman olmasam da, əlimə düşən ilk imkanda jurnalistikadan uzaqlaşıb sadəcə yazıçılıqla məşğul olmaq istərdim. Hiss edirəm ki, gündəlik jurnalistika fəaliyyəti mənə mane olur. Təcrübə qazansam da, ədəbiyyatla peşəkar şəkildə məşğul olmaq istərdim. Hər halda yaşamaq üçün jurnalistika ilə məşğul olmağa ehtiyacım var”.
“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Səxavət Həmidin arzusu coğrafiyaşünas olmaq idi: “İxtisasca filoloqam. Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Açığı, nə vaxtsa jurnalist olacağımı heç düşünmürdüm, orta məktəbdə oxuyanda coğrafiyaşünas olmaq istəyirdim. Həm fiziki, həm də sosial-iqtisadi coğrafiyaya qarşısıalınmaz marağım vardı. Yuxarı siniflərdə riyaziyyatdan “axsamağım” səbəbindən bu ixtisası seçə bilmədim, humanitar sahəyə yönəldim. Coğrafiyaçı olmaq arzum reallaşsaydı, yəqin elə ömrümün sonunadək müəllim işləyərdim. Çünki o fənni sevirdim və sevə-sevə də tədris edərdim. Fəqət ikinci kursda dərk etdim ki, dil-ədəbiyyat müəllimi işləmək mənlik deyil. Öz ixtisasım üzrə işləməməklə sanki, taleyimdən də acıq çıxdım.
Düşünürəm ki, filologiya jurnalistikaya ən yaxın sahədir və bu ixtisas üzrə öyrəndiklərimin, xüsusən dilə bələd olmağın faydasını hər yazıda hiss edirəm. Tale elə gətirdi ki, tələbəliyin ilk ilindən ictimai-siyasi həyata meyilləndim. O vaxtlar internetdən istifadə bu dərəcədə geniş, sosial şəbəkə anlayışı isə ümumiyyətlə mövcud deyildi. Siyasi baxımdan aktiv insanların alternativ xəbər qaynağı qəzetlər, canlı ünsiyyət, qismən də ANS kanalı idi. Tədricən cəmiyyətdə baş verənlərdən, ictimai-siyasi proseslərdən yazmaq istəyi hiss etdim. İlk yazım 2001-ci ildə “Azadlıq” qəzetində çap olunub. Tələbəlik illərində ara-sıra “Azadlıq”la əməkdaşlıq etmişəm, “Xalq Cəbhəsi” qəzetinin Gəncə üzrə müxbiri olmuşam, Gəncədə çıxan və bütün respublikada məşhur olan “Gəncəbasar” qəzetində işləmişəm. Əsgərlikdən sonra Gəncəyə qayıtmadım, hadisələrin episentri olan Bakıya gəldim.
2005-ci ildən sonra jurnalist fəaliyyətimi Bakıda davam etdirdim. Jurnalist işləməyinə peşman deyiləm. Tarix boyu – Həsən bəy Zərdabidən üzü bəri Azərbaycanın çox istedadlı, dürüst, ləyaqətli, vicdanlı və fədakar qələm sahibləri olub və bu gün də var. Əslində, onları göz önünə gətirdikdə özümü jurnalist adlandırmağa utanıram. Müxbirin öz qazancı ilə firavan həyat tərzi keçirməsinin, özünə “gün ağlamasının” mümkün olub-olmamasına gəldikdə isə deməliyəm ki, halal-haram məsələsində hamıya bəlli olan, incə olmayan sərhədi gözləyən digər peşə sahibləri kimi jurnalist də maddi sıxıntı içində yaşamağa məhkumdur. Yəni, sən acından ölmürsən, amma hər nə qədər bədxərc olmasan da, köklü problemlərini həll etmək üçün yetərli vəsaiti jurnalist kimi aldığın əməkhaqqı ilə toplaya bilmirsən. Mən bir jurnalist olaraq şüurlu şəkildə kiminsə yanında gözükölgəli olmamaq yolunu seçmişəm və bunun bədəlini indiyədək kirayədə yaşamaqla ödəyirəm”.
İctimai Televiya və Radio Yayımları Şirkətinin informasiya və ictimai-siyasi proqramlar departamentinin böyük redaktoru Eldəniz Sücəddinoğlu:
“İxtisasca jurnalist deyiləm. 1997-ci ildə Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. İxtisasım üzrə işləməmişəm. 1996-cı ildə hələ 5-ci kursda oxuyurdum, jurnalistikaya gəldim. İlk yazım "Mədəniyyət" qəzetində işıq üzü gördü. Bir necə ay orada ştatdankənar işləyəndən sonra "Olaylar" İnformasiya agentliyinə gəldim. Qısa vaxt ərzində agentliyin parlament müxbiri təyin olundum. Daha sonra bir neçə qəzetdə çalışdım.
2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti yarananda eşitdim ki, müsabiqə ilə işçi götürürlər. Sənədlərimi təqdim etdim və müsabiqədən keçdim. Artıq o vaxt 8-9 il idi jurnalistlik fəaliyyəti ilə məşğul olurdum. Bir neçə il İctimai radionun informasiya departamentində redaktor və xəbərlərin aparıcısı kimi çalışmışam. Bir müddət İqtisadiyyat xəbərlərinin aparıcısı da olmuşam. 2008-ci ildən isə televizyanın informasiya və istimai-siyasi proqramlar departamentində işləyirəm.
Jurnalistika ən çətin və məsuliyyətli olmaqla yanaşı həm də şərəfli peşədir. Odur ki, bu sahədə çalışmağımdan qürur duyuram. Mənə elə gəlir ki, başqa sahədə işləyə bilmərəm. Artıq 18 ildir bu sahədə çalışıram. Bu müddətdə jurnalistikaya bir çox insanlar gəldi, getdi. Hərə bir səbəbdən bu peşəyə əlvida dedi.
Jurnalistikada olduğuma görə qətiyyən peşman deyiləm. Şablom görünməsin. Amma həqiqətən jurnalist olmaq mənim uşaqlıq arzum olub”.
Misranə Həsənzadə