Modern.az

Baş redaktor Elçin Zahiroğlu: “30 yaşdan qorxuram”

Baş redaktor Elçin Zahiroğlu: “30 yaşdan qorxuram”

11 İyul 2014, 15:50


“Deyirdilər ki, 30 yaşı yaxşı qeyd etmək lazımdır. Ona görə də yaxşı planlar qurulmuşdu. Sadəcə olaraq, burdakı qohumların təklifi ilə biz dağa gedəsi olduq. Yardımlının ən hündür zirvələrindən birindəyik, məşhur bir bulağın yanına gəlib çıxmışıq. Yol yoxdur, telefon pis tutur, sivilizasiyadan tamam uzağıq, ətrafımızda adamlar yoxdur”.

Bunu Modern.az-a açıqlamasında bu gün 30 yaşını qeyd edən Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu deyib.
“Doğum günümü yaxınlarım, qohumlarımla qeyd edirik. Bir neçə dostum da gəlməlidir. Bu yolla gələ bilsələr, onlar da ad günümdə iştirak edəcək. Amma bu günü əsasən qohumlarımızla qeyd edirik. Ona görə ki belə daha maraqlıdır. Burada çadırlar qurmuşuq. Həm həftəsonu olduğuna görə düşündüm ki, Bakıdan bir az uzaqlaşsam daha yaxşıdır. Əgər çox soyuq olmasa, iki-üç gün burada çadırda qalmaq fikrimiz var”.

E. Zahiroğlu 30 yaşdan qorxduğunu dilə gətirdi: “Arzularım barədə fikirləşməmişəm. Həmişə 30 yaşdan qorxmuşam. Çünki 30 yaş ciddi bir yaşdır. 20 olanda adam özünü daha gənc hesab edir, 30 daha məsuliyyətlidir, 40-a doğru gedirik. Bu yaşda özüm-özümə hesabat verməliyəm ki, 30 yaşa kimi nələr oldu və bundan sonra neyləməliyəm.
Doğum gününün mənim üçün başqa günlərdən fərqi odur ki, insan həmin gündə çoxlu təbriklər eşidir və istəyirlər ki, bu günü qeyd edək. Ümumiyyətlə, bu məsələlərə çox ciddi yanaşmamışam. Amma hesab edirəm ki, adamlar həyatda qeyd olunası günlərin sayını çoxaltmalıdır. Bizdə belə günlər azdır, daha çox işğal, faciə günlərini yaşayırıq. Bayram əhval-ruhiyyəli günlərimizin sayını çoxaltmalıyıq. Onda dostlar, qohumlarla bir yerdə olursan, daha pozitiv şeylərdən danışırsan. Həm adamın özünü kənardan tanıması üçün bir vasitəyə çevrilir. Ona görə də doğum günlərini yaxşı qeyd etmək lazımdır”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi