Modern.az

Media fotoqrafları: “Ovçu kimi o anları ovlamaqdan həzz alıram” - AÇIQLAMALAR

Media fotoqrafları: “Ovçu kimi o anları ovlamaqdan həzz alıram” - AÇIQLAMALAR

Media

2 Avqust 2014, 12:37


Tarixi qədim olan foto sənəti bu gün də varlığını qoruyub saxlayır. Anı əbədiləşdirən, tarixi yaddaş olan, fakt, sübut kimi istifadə olunan, real aləmdə insanların görə bilmədiyi məqamı tutan fotolar bəzən qiymətli xəzinə dəyərinə malik olur. Jurnalistikada da fotoların, fotoqrafların rolu böyükdür. Bəzi fotoreportajlar geniş yazıların vermədiyi məlumatı verir, neçə cümləlik informasiyanı bir kadrla oxucuya çatdırır.
Modern.az saytı mediada çalışan fotoqrafları danışdırıb. Onlar bu sənətdən, aldıqları zövqdən, ən yaxşı işlərindən bəhs ediblər:

Abbas Atilay müharibə və qaynar bölgələrdə çəkdiyi fotoları çox sevir: “Mən müstəqil fotoqrafam. Fotolarım Azərbaycanda əsasən “Azadlıq” radiosunun internet səhifəsində dərc olunur. Xarici mediada isə “Transition Online” elektron jurnalı, “Reuters” və yenicə “Global Post” jurnalı üçün çəkməyə başlamışam. Rusiya mediasında əsasən “Lenta.ru” üçün çəkirəm. Müharibə və qaynar bölgələrdə çəkdiyim fotoları daha çox sevirəm. Çünki orda daha çox həvəslə, qonarar fikirləşmədən işləyirəm, yəni özüm üçün. İraqda, Kiyevdə çəkdiyim fotolar, Türkiyədəki “Gəzi parkı” hadisələrində çəkdiyim fotolar və s.


Belə fəlsəfi olmasın, çəkməkdən aldığım zövqü necə izah edim... Başqa fotolardan daha çox onlara baxıram, onlara baxmaq istəyirəm. İstəyirəm dostlarım mənim fotolarıma daha çox baxsın. Bu fotoları arxivimdə saxlayıram ki, mənimlə qalsın. Bəzilərini hal-hazırda üzərində işlədiyim fotokitaba da qoymuşam. İstəyirəm özüm üçün əbədiləşdirim, maraqlı olar. Yəqin ki, fotokitab önümüzdəki ay çapa gedəcək.

Başqa sahədən bəyəndiyim təklif olsa, inanmıram ki, bu sahədən gedəm. Demirəm, bəlkə hansısa futbol klubu məni məşqçiliyə dəvət etsə, dilemma qarşısında qalaram (gülür). Bu peşə deyil, mənim həyat tərzimdir. Yəqin ki, onu asanlıqla tərk etmərəm”.

***

Tofiq Babayev:
“Fotoqraf kimi  “Baki” və “Baku”, “Azerbaijanskiye Izvestiya”, “Komsomolskaya Pravda”, “Nedela” (rus dilində), Kaspiy (rus dilində) “Bakinskiy raboçiy”, “Region”, “Futbol+” mətbu orqanlarında, “gun.az”, “1news.az”, “day.az” saytlarında çalışmışam. Hazırda “Frans-press” və “Xinhua”da regional fotoreportyor işləyirəm. Müstəqil fotoreportyoram. Ən yaxşı reportajlar məndə çox olub. Məsələn 2013-cü ildə Aşuradan, bu il də Pravoslav Miladi bayramından olan reportajlar. Gecəni yatmadım, kilsədə idim. Bundan başqa, hər il 20 yanvarda,



26 fevralda olan reportajlarım olub. Bizim milli yığmamız futbolda Rusiyayla oynayanda mənim fotolarım dünyanın bir çox ölkələrində çıxmışdı.

Foto çəkmək mənim üçün bir hobbidi, buna görə mənə hələ pul da verirlər. Çəkərkən zövq alıram, o zaman özümü ovçu kimi hiss edirəm. Yaxşı kadr çəkəndə təsəvvür edirəm ki, bu kadr hansı mətbuatda və necə formada dərc olunacaq. 3 il “Kaspi” qəzetində fotoredaktor vəzifəsində çalışmışam və təcrübəm imkan verir ki, fotonu görəndə, təsəvvür edim ki, bu foto haraya yarıyır. Foto – mənim həyat tərzimdi. Başqa işlə məşğul olsam da, fotokamera həmişə əlimin altında olar. İndi millət fotograf olmasa da, fotokameradan əl çəkmir”.

****

Elçin Murad insanlar ovdan həzz aldığı kimi, anları ovlamaqdan həzz alır: “Fotoqraf kimi Modern.az saytında çalışmışam. Hazırda “Gündəlik Teleqraf” qəzeti, “Teleqraf.com”, “Publika.az” saytlarında işləyirəm. İnsan taleyi və onu bir az da olsa canlandıra bildiyim reportajlar mənə daha yaxındır. Çünki şəkil çəkərkən, həmin anda insanın yaşantısını, hisslərini şəkildə olduğu kimi yaxalamağa çalışıram. Çox adam öz şəkilini bəyənmir, stereotip şəkil çəkdirmək vərdişindən qurtula bilmir. Əlləri yanda, don vəziyyətdə düz kameraya baxsın, şəkil çəkdirmək bu tip insanların anlamında budur. Zarafat üçün hərdən pasport şəkili ifadəsi çox işlənir. Amma şəkildə həmin anda yaşadığın hiss- gərginlik, yalan, həyəcan, qorxu, əzab - mümkün olan hər bir hiss əks olunmalıdı. Şəkil bizə özümüzü göstərmək və ya görmək üçün deyil. O şəkilin çəkildiyi an yaşadığın yaşantını xatırlatmalıdı. Bu nə saniyə, nə dəqiqə, nə də gündü. AN -  bu  çox kiçik zaman ölçüsüdü. Bunu foto ilə yaxalamaq olur. "LOVİ MOMENT" - Anı yaxala - ifadəsi məhz bunun üçün yaranıb. Bir insan ovdan necə həzz ala bilərsə, mən anları ovlamaqdan həzz alıram. Fotolarda insanlar reallıqdan çox fərqlidirlər. Bir az da dəqiq desəm özləri özlərinə daha çox yaxındılar. Ünsiyyətdə ümumiyyətlə, izafilik, ətraf amillər adama çox təsir edir deyə qarşındakı insanı tanımağa çalışsan belə, buna tam nail ola bilmirsən. Amma foto əksər hallarda elə anları-məqamları tutur ki, bir insanı tamamilə çözməyə sənə imkan verir. Amma ümumi ünsiyyətdə də insan özünü dediyim o anlarda ələ verir, əsl kimliyini bir baxışda, bir jestdə biruzə verir. Bədən dili heç vaxt yanılmır. Fotonu buna görə sevmək belə, azdır. O elə bir dünyaya qapı açır ki, sözlə ifadə etmək belə olmur. 


Daha yaxşı işlər, daha yaxşı məvaciblər təklif oluna bilər. Buna razılaşmayan ağılsız olar. O mənada ki, daha yaxşı məvacib daha yaxşı imkanlar deməkdi. Bunlar məni fotodan ayırmayacaq ki, əksinə foto ilə bağlı arzularımı gerçəkləşdirməkdə daha real imkanlar yaradacaq. Mənim üçün foto sadəcə şəkil   çəkmək deyil. Allah rəhmət eləsin, ictimai elm xadimi, Azərbaycan kino və televiziya rejissoru, kinooperator Ələkbər Muradovun bir sözü və foto ilə bağlı bir düşüncəsi qulaqlarımda sırğa olub. Bu arada nə yaxşı ki, onu tanımaq mənə müvəffəq oldu. Universitetdə uşaqlar ağac, gül, heyvan şəkilləri çəkib dərsə gətirəndə bir dəfə bir gül şəkilinə baxıb dedi: “Sən guya nə etmisən ki, bu gül özü özlüyündə onsuz da gözəldi, sən var olan bir gözəlliyi sadəcə əks etdirmisən. Buna bir az fərqli yanaşsaydın, o zaman bir fotomüxbir işi ortaya qoyardın”.
Çox maraqlı fikirdi. Foto onsuz da var olan bir şeydən artığını çatdırmalıdı. Bunun üçün- gördüyümü, görmək istədiyimi yox, görə bilmədiklərimizi - adına həqiqətmi, reallıqmı deyiyimiz anlarda gizlənən o məqamları yaxalamaq üçün çalışıram”.

***

“Turan” İnformasiya Agentliyinin əməkdaşı Etimad Budaqovun
mükafatı haqqı pozulan insanların alqışıdı:

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda işləmişəm. İndi də “Turan”  İnformasiya Agentliyində çalışıram. Ən yaxşı hesab etdiyim fotolarım evləri sökülən insanların səsini, harayını ictimaiyyətə çatdırdığım şəkillərimdir. Bu insanlar nə vəzifə istəyir, nə iş. Sadəcə, yaşamaq, ailəsini bir qarın ac, bir qarın tox saxlamaq, başını daladanmaq üçün olan evinin uçurulmamasını istəyir.

Bir də aksiyalarla bağlı şəkillərim olub. Polisin aksiyalarda qadınlara şillə-təpik vurduğunu göstərməyə çalışmışam. Bunlar da təbii ki, evləri olmayan insanların etirazı ilə bağlı keçirilən aksiyalardan çəkdiklərimdir.

Jurnalistikada olmaq mənim uşaqlıq arzum olub. 9 ildir jurnalistikadayam. Əvvəllər qəzetlərdə də işləmişəm. Rəhmətlik Çingiz Mustafayevin kadrlarına baxa-baxa böyüyüb onun kimi jurnalist olmağı düşünmüşəm. Təbii ki, həqiqətləri vətəndaşlarımıza çatdırmaq üçün çox əziyyət çəkməli olursan. Mən jurnalistikadan zövq alıram. İstər çəkdiyim  şəkillərdən, istərsə də yazılardan.


Əvvəllər başqa sahələrə də getmək istəmişəm, ancaq alınmayıb. Arada bir jurnalistikadan kənar gedirdim ki, görüm jurnalistikadan çıxanda nəsə işləyə bilərəmmi, gördüm yox bacarmıram. Əgər bəyəndiyim iş təklifi gəlsə, gedərəmmi sualına gəlsək, onda belə deyim, mətbuatla əlaqəsi olan bir sahə olsa, hə. Çünki  jurnalistikaya 15 il bir arzuyla yaşayıb, sonda nail olmuşam. Bu peşədən ayrılmaq mənim üçün çox çətindi. Üzərimə polis gələndə peşəmdən zövq alıram. Çünki çəkdiyim şəkillərin əksəriyyəti tarixdə qalacaq. Onu da deyim ki, diplom almağa heç vaxt həvəsim olmayıb. Çünki mənim diplomum, mükafatım haqqı pozulan insanların alqışıdı. Bu illər ərzində bəzən ağlaya-ağlaya da fotolar çəkmişəm. Çünki mən fotomüxbirəm, informasiya çatdırıram və həmin vaxt insanlara başqa köməyim dəymir. Sadəcə ictimaiyyəti məlumatlandırmalıyam”.

***

Əhməd Muxtar: “İlkin dövrlərdə “Planet” qəzetində, sonra “avtomobil.az”da  çalışdım. Ondan sonra isə demək olar müstəqil fəaliyyət göstərdim. “Azadlıq” radiosuna, türk saytlarına, “var.az” saytına fotolar verirdim.

Bu işə pul qazanmaq üçün gəlməmişəm. Ofis işində işləyə-işləyə özümə pul yığdım, aparat aldım. Demək olar ki, bir il 1 qəpik də qazanmadım. Amma bir ildən sonra rayonlarda fotolayihəylə bağlı bir təklif gəldi. Onu çəkməyə getdim və elə oldu ki, bir həftəyə elə aparatın pulunu çıxardım. Ondan sonra gördüm ki, artıq bundan pul qazanıram və Facebook-da yaydığım fotoları medialar verir, ciddi qəbul olunur, adamlar foto haqında danışır, kimlərsə sual verir, ya fotolar xəbərə çevrilir.
Jurnalistikanı bitirmişəm və fotoları da daha çox jurnalist gözüylə çəkirdim. Get-gedə baxdım ki, artıq əməlli-başlı fotomüxbir olmuşam. Sevdiyin bir işlə məşğulsan, adi aparat olmayanda küçədə gedirsən, bir kadr görüb onu çəkə bilməyəndə adam sıxıntı keçirir.


Düzünü deyim, inanmıram, o səviyyəyə çatmışam ki, deyim bu mənim ən yaxşı reportajımdır. Mən indi də işləyir, öyrənirəm, hər dəfə inanıram ki, daha yaxşı bir şey alınacaq. Ancaq son vaxtlar 1 nömrəli ruhi-əsəb dispanserindən hazırladığım reportajım yaxşı alınmışdı. Oradan çıxandan sonra 2-3 gün özümə gələ bilməmişdim. Taleyi müxtəlif olan insanlar var idi. Həm görsəl olaraq, həm sırf onların şəraiti, psixoloji durumları göz önündəydi. Son vaxtlar daha çox müharibə mövzusuna uyğun materiallar işləyirəm. Bir də sərhədlərə- Ağdama, Tovuza, Qazaxa, Tərtərə gedirik, sırf olaraq bu yöndə istiqamətlənmişəm. Müharibə insanlara nə verir, nə alır, həyatlarına necə təsir edir, bu mövzuda daha çox işləyirəm.

Başqa sahədən bəyəndiyim təklif olsa da, heç vaxt fotoqraflığın daşını atmaram. Bir işdə ki özümü xoşbəxt hiss edirəm, sevə-sevə məşğul olub həm də bundan pul qazanıramsa, başqa işə niyə gedim. Başqa təkliflər olub, idarə işləri, filan, daha çox maaş veriblər, amma sevmirəm. Mən orada xoşbəxt olmayandan sonra necə olacaq? Təbii ki, indiki dövrdə daha çox pul qazanmaq bəlkə də xoşbəxtliyin tam olmasa da, müəyyən bir yoludur. Ancaq indi də özümə görə pis qazanmıram”.

 

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB