İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
Jurnalist Kənan Quluzadə jurnalistikaya gəlişindən peşman deyil: “İxtisasım siyasi elmlər və dövlət idarəçiliyidir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasını bitirmişəm. Öz ixtisasım üzrə heç işləməmişəm.
Jurnalistikaya 2-ci kursdan sonra gəlmişəm. Məktəb vaxtı da məqalələr yazırdım. Hətta “Aydınlıq” qəzeti mənə “siyası şərhçi” vəsiqəsini vermişdi. Amma peşəkarcasına fəaliyyətimə məhz 1995-ci ildə “Şərq” agentliyindən başlamışam. Ümumən, mənimlə birgə ali məktəbi bitirən tələbələrin çoxu jurnalistdir.
Böyük jurnalistikaya məni indi ANS-də “Xəbərçi”nin baş redaktoru olan Murad Hüseynov gətirib. Biz onunla həm orta, həm də ali məktəbdə birgə oxumuşuq, yaxın dostuq. Bir gün xahiş etdim ki, məni də “Şərq”ə işə düzəltsin. Dedi, çox dostları redaktora məsləhət görüb, ancaq heç biri işin öhdəsindən gələ bilməyib. Ancaq sözümü yerə salmadı. Redaksiyada iqtisadiyyat haqqında yazan jurnalist yox idi. Mənə tapşırdılar. Bir həftədən sonra iqtasadiyyat şöbəsi yaratdılar və məni rəhbər təyin etdilər. Sonra “Zerkalo”, “İnternyus”-“Yol ayrıcı” verilişi, “Каспiй” (Kaspiy) və nəhayət “Bakupost” qəzetləri. Paralel olaraq bir çox xarici KİV-lərlə əməkdaşlıq etmişəm və edirəm. Peşman deyiləm, jurnalist olaraq yaşadığımız tariximizi işıqlandırıram, dünyanı görürəm”.
“Ann.az” saytının baş redaktoru Zahir Rəhimovu kitab çıxarmaqla dolanmağın qeyri-mümkünlüyü jurnalistikaya gətirib: “İxtisasım iqtisadiyyatın idarә edilmәsidir. Mingәçevir Politexnik İnstitutunun məzunuyam.
Əslində jurnalistikada öz ixtisasım üzrə işləyirəm. Mən internet layihələrimin meneceri kimi onların idarə edilməsi ilə məşğulam. Aldığım təhsil bu mənada işimdə mənə yardım edir.
Bədii yazılarım hələ SSRİ vaxtından mətbuatda dərc olunurdu. İlk publisitik yazılarım isə 2000-ci ildə cəmi 7 sayı işıq üzü görən “İnterfaks” qəzetində dərc olunub. Daha sonra müxtəlif ictimai-siyasi qəzetlərdə ədəbiyyat əlavələri hazırlamışam. Sonra “Kino+”, “Sənət qəzeti”, “Alma” qəzetlərinin rəhbərlərindən biri olmuşam. 2006-cı ildən etibarən internet mediasına hədəflənmişəm və bu günə qədər 10-a qədər layihənin əsasını qoymuşam. Bu gün artıq tam olaraq yalnız bu sahədə çalışıram.
Doğrusu, jurnalistika sahəsinə elə bir özəl münasibətim yoxdur. Mən söz adamıyam, ədəbiyyat adamıyam. Bu gün kitab çıxarmaqla dolanmağın qeyri-mümkünlüyü məni və bir çox başqalarını jurnalistikaya gətirib. Yəni bunu həvəs və ya xüsusi maraq adlandırmazdım. Sadəcə hələ ki, bir yazar olaraq bizə ruhən ən yaxın sahə jurnalistika olduğu üçün buradayıq. Sabah daha uyğun şərait yaranarsa, gedib öz işimizlə məşğul ola bilərik.
Bu gün jurnalistikada olduğum üçün peşmanlıq yoxdur. Amma məmnunluq hissim də fışqırmır”.
Müstəqil jurnalist Vəfa Fərəc aşıb-daşan dağ çayından sonra gölə düşdüyü üçün jurnalistikaya qayıdıb: “Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Çox insan valideynlərim müəllim olduğundan mənim də bu peşəyə meyl etməyimi düşünürdü. Ancaq əsl səbəb tamam başqaydı. Mən Hüquq fakültəsinə qəbul üçün hazırlaşırdım, lakin atam qarşı çıxırdı ki, “Hüquq fakültəsini bitirib prokuror olacaqsan? Bu qadın peşəsi deyil, müəllim ol”. Anam isə həkim olmağımı istəyirdi. Lakin mən qandan qorxduğum və başqa bir insana acı verməyin mənim üçün imkansız olduğunu bildiyim üçün qətiyyən həkim olmayacağımı anama bildirdim.
Ancaq Qarabağ hadisələri başladıqdan sonra bizim informasiya blokadasında olduğumuzu gördüm. Çünki müharibədə ən vacib mübarizələrdən biri də informasiya müharibəsidir. Ermənilər hər yerə yalan-dolan məlumatlar otürür, biz isə bu sahədə səsimizi duyura bilmirdik. Ona görə də qərar verdim ki, jurnalist olacağam. Lakin Jurnalistika fakültəsinin rus bölməsinə qəbul zamanı çox az yer ayrıldığından mən ilk il kəsildim. Daha sonra isə həm atamın dediyi olsun, həm mənim deyə sənədlərimi Filologiya fakültəsinə verdim və yüksək balla qəbul olundum.
1996-cı ildən birinci kurs tələbəsi ikən “7 dney” (“7 Gün” qəzetinin rusca nəşrində) işə başladım, daha sonra “7 Gün” qəzetində jurnalist fəaliyyətimi davam etdim. Və o gün bu gün jurnalistikadayam. İxtisasım üzrə cəmi-cümlətanı 3 ay işlədim və anladım ki, pedaqoji fəaliyyət mənə görə deyil. Çünki mən jurnalistikanı gur aşıb- coşan dağ çayına bənzədirdim, məktəbdə isə günlərim monoton keçirdi: eyni dərslər, eyni gün, eynilik. Aşıb-daşan dağ çayından sonra mən bir növ gölə düşmüşdüm. Ondan sonra həmişəlik jurnalistikaya qayıtdım.
Bir çox yerli və xarici media orqanları ilə işləmişəm. Məcburi köçkün olduğumdan məcburi köçkünlərlə bağlı layihələrdə çox aktiv iştirak etmişəm.
“7 Gün” qəzetindən sonra bir müddət Gənclər Nazirliyinin dəstəyi ilə çap olunan “P.S. Gənclik” qəzetində işlədim. Daha sonra “Uluinform”, “Bilik Dünyası” informasiya agentliklərində, “Avraysa”, “Üç nöqtə”, “Rezonans” qəzetlərində, “İnternyus -Azərbaycan” İctimai Birliyinin bir çox layihələrində çalışdım. Ardınca Rusiyanın “Kavkazskiy Uzel” internet portalının Azərbaycan üzrə müxbiri olaraq, və ən son “Vesti.az” xəbər agentliyində işlədim. “Vesti.az” xəbər agentliyində çalışdığım müddətdə Prezident Administrasiyasının xətti ilə Rusiyanın ali məktəblərindən birində- Moskva Dövlət Lingvistika Universitetində 2 illik jurnalistika üzrə ixtisas artırma proqramında təhsil aldım. Moskvada təhsil aldığım dövrdə “Vesti.Az”ın Moskva müxbiri olaraq fəaliyyətimə davam etdim. Təhsilimi bitirib vətənə döndükdən sonra təkrar jurnalistikaya qayıtdım.
İlk iş yerimin “7 dney” qəzeti oldugunu söyləmişdim. 1996-cı il fevral ayının sonu idi. Tənəffüs zamanı qızlarla, öz patok yoldaşlarımla filologiya Fakültəsinin dekanlığı önündəydik. Bizdən 2-3 kurs yuxarı oxuyan tələbə yoldaşımız (adı səhv xatırlamıramsa, Adışirin idi) Adışirin yaxınlaşıb salamlaşdı və mənə müraciətlə “sənə bir xəbərim var” dedi. Təbii, mən gülə-gülə “xeyir ola?” dedim.
– “Xeyirdi, sən jurnalistikaya meylin olduğunu söyləyirdin və sənə bir şad xəbərim var. “7 Gün” qəzetinin rus dilində “7 dney” qəzeti açılıb. İstəyirsənsə, ora get, redaktorla görüş, gör necə olacaq”.
Adışirinə məlumatı üçün sağ ol deyib dərsdən sonra “Azərbaycan” nəşriyyatına getdim, 3-cü mərtəbədə yerləşən “7 Gün” qəzetinin yerləşdiyi otağın yanında “7 dney” qəzetinin redaktoru Elçin Alıoğluyla görüşdüm. Söhbət etdikdən, özümü tanıtdıqdan sonra Elçin bəy “xeyirlisi, gəl, yavaş-yavaş başla” dedi. Mən də dərsdən sonra redaksiyaya gedirdim, materiallar hazırlayırdıq. Ancaq əfsuslar olsun ki, “7 dney” qəzeti “7 Gün” qəzeti kimi uğurlu ola bilmədi və mən “7 Gün” qəzetinə keçdim. Demək olar ki, mətbuatda ilk addım atdığım qəzet “7 Gün” qəzeti oldu. İlk yazım isə orucluqla bağlı idi, çox hörmət etdiyim Hacı Sabir bəylə müsahibəyə getdim. “P.S. Gənclik” qəzeti açılana kimi fəaliyyətimi “7 Gün” qəzetində davam etdim. Daha sonra orada çalışdım. Günün birində redaksiyamızın yerləşdiyi 9-cu mərtəbədən pilləkənlə tələsə-tələsə aşağı enərkən
Emin bəylə (Emin Eminbəyli) qarşılaşdım, salamlaşdıq, hal-əhval tutdu. Sonra gülümsəyərək dedi: “Qorxuram ki, sabah birigün böyük jurnalist olanda, məşhurlaşanda “7 Gün” adını da unudacaqsan”. Təbii, bu bir zarafat idi, ancaq mən tam ciddi “Emin bəy, əsla bu olmaz, mən harada olsam, harada çalışam belə, jurnalistikada ilk addımlarımı atdığım media orqanının “7 Gün” qəzeti olduğunu və Emin bəylə bir qəzetdə çalışdığımı fəxrlə söyləyəcəyəm” dedim və bir-birimizin əlini sıxıb sağollaşdıq. O vaxtdan sonra “Azərbaycan” nəşriyyatında nə zaman qarşılaşsaq, Emin bəy hər zaman kimi salamlaşıb hal-əhvalı soruşardı, mən də gülümsəyərək “sayənizdə hər şey qaydasındadır” deyirdim. Əfsuslar olsun ki, illər sonra “7 Gün” qəzeti bağlandı və bu Azərbaycan mətbuatına bir zərbə oldu. Çünki o qəzetin Azərbaycan mətbuatında özünəməxsus yeri vardı. Emin bəy yaxşı qəzet rəhbəri olmaqla yanaşı, həm də yaxşı insandı. Bu çox önəmlidi, o insan sərrafıydı, kimin nəyə qadir olduğunu, hansı xarakterə sahib olduğunu zərgər dəqiqliyi ilə ayırırdı, anlayırdı. Mənim üçün “7 Gün” qəzeti bir məktəbdi.
Mən bir çox qəzetlərdə işləmişəm, ancaq çox az qəzet rəhbərinin həm yaxşı rəhbər, həm də insan olduğunun şahidi oldum. Emin bəydən sonra “Vesti.az” xəbər agentliyinin baş direktoru Araz Zeynalovun da eyni xüsusiyyətləri daşıdığını gördüm. İki il Moskvada yaşadığım, təhsil aldığım dövrdə oradan “Vesti.az” üçün təmənnasız çalışırdım. Bacardığım qədər dərslərimi axsatmadan “Vesti.az” üçün heç bir maddi qarşılıq olmadan yazılar yazırdım və bunu Araz müəllim üçün edirdim. Çünki çox hörmət etdiyim rəhbər və insandır. Media rəhbəri insan sərrafı olmalıdır. Çünki biz jurnalist, müxbir olmaqla yanaşı, həm də insanıq, bizim də problemlərimiz, qayğılarımız olur və bunu başa düşmək hər insana nəsib deyil.
Mənim üçün jurnalist fəaliyyətimdə iz buraxan 3 media orqanı var: “7 Gün” və “Avraysa” qəzetləri və “Vesti.az” xəbər agentliyi”.
Demək olar ki , çox qısa fasilələrlə 1996-cı ildən jurnalistikadayam. Rus dillində təhsil almağıma baxmayaraq, anamın sayəsində (anam Azərbaycan dili və ədəbiyyatı müəllimidir) ana dilimi mükəmməl bildiyimə görə, həm rusdilli, həm də Azərbaycan dilli KİV-də işləmişəm. Çox çətin və məsuliyyətli peşələrdən biri olan jurnalistikaya gəlməyimdən peşman deyiləm. Çünki sevdiyin ixtisas üzrə çalışanda onunla bütünləşirsən. Mən həm vətənimdə, həm də xaricdə- olduğum hər yerdə hər şeyə jurnalist gözüylə baxmışam. Misal üçün, küçədə dilənən insan, onun yanından keçib gedən digərləri üçün sadəcə bir dilənçidir, ancaq mənim üçün xəbər obyektidir. O insana yaxınlaşıb onu dilənçiliyə vadar edən səbəbləri, həyat hekayəsi ilə maraqlanıram və başqaları üçün dilənçi olan məni həmsöhbət, sirdaş olaraq görür, onun bir insan olaraq fərqinə vardığıma görə kimsəylə paylaşmadıqlarını mənə etibar edir.
Jurnalistikaya gəlməyimə peşman deyiləm, təəssüfləndiyim tək şey jurnalistikanın ucuzlaşmasıdır. İllər öncə bu sahə daha səviyyəli idi, ancaq indi jurnalistikaya asan qazanc əldə edə biləcək bir sahə kimi baxanların sayı çoxalıb. Hərə önünə bir qəzet açıb, cibinə vəsiqə qoyub özünə jurnalist deyir”.
“Frans-press” və “Xinhua” agentliklərinin regional təmsilçisi Tofiq Babayev deyir ki, jurnalistikaya gəldiyi üçün peşman olsaydı burada qalmazdı:
“Azərbaycan Dövlət Neft Akademiyasını resursların aerokosmik təhqiqatları ixtisası üzrə bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. 2000-ci ildə mən universiteti bitirəndə zəif idi, maliyyələşdirmə yox idi. Sonra da hərbi xidmətə (milli orduya, zabit vəzifəsinə) getdim. Qayıdandan sonra da əvvəlki işimi davam etdirdim. Çünki fotoqrafiya ilə məşğul olmuşdum.
Foto bizdə ailəvidir. Mən fotoqrafiya ilə 1996-97-ci illərdən məşğul oluram. O vaxt “Nedelya” (rus dilində) təzə açılmışdı. Həmin qəzet üçün yazırdım da, çəkirdim də. Sonra “Bakinskiy raboçiy” qəzeti ilə əməkdaşlıq etdim. Sonra isə orduya getdim. Qayıdan kimi “Nedelya” qəzetində, “Komsomolskaya Pravda”, “Каспiй” (“Kaspiy” rus dilində) qəzetlərində işləyirdim. Bundan başqa, “Azerbaijanskiye İzvestiya” qəzeti ilə əməkdaşlıq etmişəm. Hazırda da həmin qəzetlə əməkdaşlıq edirəm. Eyni zamanda “Frans-press” və “Xinhua” agentliklərinin ştatkənar regional təmsilçisiyəm.
Jurnalistikaya gəldiyimə görə qətiyyən peşman deyiləm. Əks təqdirdə burada qalmazdım. Bu mətbəxdə nə var mən onu bilirəm, yəni xəbərin içindəyəm. Maraqlıdır, adam darıxmır, maraqlı görüşlər, tədbirlər olur və s”.
Misranə Həsənzadə