Modern.az

Həyatı hədər getməyən jurnalist - Mailə Muradxanlını xatırlayarkən... - FOTOLAR

Həyatı hədər getməyən jurnalist - Mailə Muradxanlını xatırlayarkən... - FOTOLAR

Media

4 Noyabr 2014, 22:31

Əziz və unudulmaz müəllimimin parlaq xatirəsinə


”Dünya bir pəncərədir, Hər gələn baxıb keçər ”– deyib aqillər, atalar. Bəli, həqiqətən dünya bir pəncərədir. Bu pəncərədən kimlər keçməyib ki, xaqanlar, cahangirlər, fatehlər, yaradıcı insanlar və s. Saymaqla qurtaran deyil . Çox mənalı, həsəd aparılası ömür yaşamış bir insan da keçdi bu dünya pəncərəsindən- gözəl insan, mehriban ana, qayğıkeş müəllim, ustad sənətkar, jurnalist,  dranmaturq, publisist, səmimi dost. Mailə Muradxanlı.

74 il öncə Salyanda dünyaya göz açan balaca Mailə heç bilmirdi ki, bu kəşməkeşli, sehrli və mürəkkəb dünyada onu nələr gözləyir. Heç ağlına da gətirə bilməzdi ki, hələ uşaq yaşlarında həyatı Bakı şəhəri ilə, Maştağa kəndi ilə bağlı olacaq. Beləcə, Mailənin uşaqlığı  Maştağa kəndi ilə bağlandı. O kənddə ki, ədəbiyyat, muğam xüsusi əhəmiyyətə malik idi. C.Cabbarlı adına orta məktəbdə təhsil alan Mailə xanımın ilk sənət müəllimləri də elə o kəndin ədəbiyyat və muğam biliciləri olan kənd sakinləri idi. Mailə xanım elə o kənddə sənət imtahanlarını uğurla başa vurdu. O insanların xeyir-duasını alan Mailə xanımın gələcək həyatına çox parlaq yol açıldı..

Əruzu və muğamı dərindən mənimsəyən Mailə xanım özünə çox şərəfli bir peşə seçdi – jurnalist sənəti. Bu sənət onun həyat  amalına çevrildi. Çünki, Mailə xanım bu sənəti yaşatdı, zirvələr fəth etdi və milli jurnalistikamızın  sarsılmaz  sütununa çevrildi...



Mailə xanım haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hələ də bu ziyalı xanımın yoxluğuna inana bilmirəm. Mənə elə gəlir ki, o, ezamiyyətdədir və tezliklə qayıdıb gələcək. Lakin çox təəssüf ki, bu baş vermir. Mailə xanım öz əbədi dünyasına qovuşub. Hərdən sanki səmadan bizi seyr edir, çox sevdiyi doğma diyarımızın daha da artan tərəqqisini müşahidə edir...

 Mailə Muradxanlı böyük bir insan idi. Peşəsinin vurğunu, ustadı idi. Onda işinə, sənətinə ilk növbədə məhəbbət, məsuliyyət hissi vardı. O, daim öz üzərində işləyərdi, yenilik axtarışında idi. Heç də təsadüfi deyildi ki, o novator jurnalist idi. Bu illər ərzində neçə-neçə tələbə yetişdirdi. Neçə-neçə insanın əlindən tutdu, xeyirxahlığını, humanistliyini onlardan əsirgəmədi. Mailə xanımın əksər tələbələri bu gün sözün əsl mənasında jurnalistikamızın inkişafına öz əməli töhfələrini verirlər. Mailə xanımın bəzən işlətdiyi sözlər indi zərb məsələsinə çevrilib.

Mənim həyatımda, jurnalist yaradıcılığımda Mailə xanımın xüsusi rolu olmuşdur. Jurnalistikada, xüsusilə də radio və televiziya jurnalistikasında hələ ilk peşəkar addımlarımı atanda məhz Mailə xanım mənə dəstək durmuş, düzgün istiqamətləndirmişdir. O, mənə sənətin sirrlərini öyrətməklə yanaşı, bu sənət yolunda necə hərəkət etməyi də məndən əsirgəməmişdir. Bu gün jurnalistikamızda nəyə nail olmuşamsa, tanınmışamsa ilk növbədə Mailə xanımın da, mənim də müəllimimiz olmuş, böyük ustad Firudin Ağayevin və təbii ki, Mailə Muradxanlının boyük əməyi olmuşdur.

Mailə Muradxanlı mənim üçün ilk növbədə sevimli müəllim, ustad, yazıçı, tərcüməçi, təkrarsız jurnalistdir. O, həm də mənə sözün əsl mənasında analıq etmişdir. Mailə xanımı qəlbən çox sevirdim. Ona görə də onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir.  Gözlərim qarşısında daim onun mələk siması canlanır, çox qəribə və məhrəm səsi qulaqlarımda cingildəyir. Daim onun tövsiyələrini xatırlayıram...



Mailə xanımın sayəsində neçə-neçə unudulan sənətkarlar yenidən radioda, televiziyada canlandı, dinləyicisinə, tamaşaçısına qovuşdu. O, çox diqqətli idi. Heç kimi unutmazdı, sözün əsl mənasında canlı ensiklopediya idi. Bilmədiyim çox şeyləri Mailə xanım məmnuniyyətlə mənə söyləyərdi.

Hər dəfə milli teleradio şirkətinə  gedəndə bütün yol boyu, dəhliz boyu Mailə xanımın o gülər üzü gözlərim önündə canlanır, mənə yol göstərir, məni sonadək müşayiət edir.

Ensiklopedik biliyə malik Mailə xanımda məsuliyyət hissi böyük olduğu üçün onu hansı redaksiyaya rəhbər təyin edirdilərsə, oraya yeni nəfəs, yeni ruh, yenilik gətirərdi. Ətrafına sağlam , yaradıcı insanlar toplayardı...

Mən çox xoşbəxtəm, Allahımdan çox razıyam ki, Mailə xanım kimi böyük ustad sənətkarla bir yerdə çalışmaq mənə nəsib olub. Fəxrlə hər yerdə çəkinmədən söyləyirəm ki, mən Mailə Muradxanlı məktəbinin şagirdiyəm.

Mailə xanımın keçdiyi bu parlaq, mənalı, şərəfli həyat yolu gələcək jurnalist nəsli üçün bir örnəkdir. Mailə xanımın çoxşaxəli yaradıcılığı sözün əsl mənasında tədqiqat mənbəyidir. Məncə, Mailə xanımın bu zəngin coxşaxəli yaradıcılıq irsi özünün tədqiqatçılarını, dissertantlarını gözləyir.

Bu gün cox iftixar hissi deyə bilərəm ki, Azərbaycan Jurnalistikasi Tarixi, eləcə də Milli Radio və Televiziya tarixində xüsusi rolu olmuş Həsən bəy Zərdabi, Mirzə Cəlil Məmmədquluzadə, Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Teymur Əliyev, Ənvər Əlibəyli, Nəbi Xəzri, Seyfəddin Dağlı, Tahir Paşazadə, Hacı Hacıyev, Firudin Ağayev, Elşad Quliyev və s. sənətkarların adı ilə yanaşı, Mailə Muradxanlının adı da qoşa çəkilir. Bu Mailə xanımın həqiqətən böyük sənətkar olmasından, bu sahədə onun böyük çəkiyə malik olmasından xəbər verir.

Bu ölməz ustad sənətkarın həyat yoluna bir daha nəzər salmaq məncə yerinə düşür:

Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1947-1957-cı illərdə Bakı şəhəri, Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir 1957-1962 -ci Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnqalistika bölməsində təhsilini davam etdirmişdir 1962-ci ildə əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış və 2010-cu ilə qədər burada  radionun  ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir ,ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş,  televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında, teatr, incəsənət və musiqi verilıişləri redaksiyasinda baş redaktor olmuşdur Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist","Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir.1990-cı ildə onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur . Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti",Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir neçə pyesi Azərbaycan dilinə çevirmişdir. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olmuşdur. Azərbaycan Jurnalistlər Birliyi İdarə Heyətinın üzvü seçilmişdir. 1990-2010-ci illərdə. Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışmışdır Jurnalistlər heyətinin tərkibində Suriya, Livan (1972), Yunanıstan (1975), Türkiyədə (1980) olmuşdur. Azərbaycan Qadınlar Cəmiyyəti nümayəndələri tərkibində Türkiyədə (1992), İranda (1992) olmuşdur.1990-cı ildə  İstanbulda keçirilən I Azərbaycan konqresində iştirak etmişdir

 "Bakıfilm" kinostudiyasının baş redaktoru, ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı olmuşdur.

1984-cü ildə Monqolustan Böyük Xalq Xuralının "Dostluq"  medalına layiq görülmüşdür.

M. Muradxanlı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyini, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin orqani olan “Mərhəmət” junalı redaksiya heyətinin üzvü olmuş, Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı, Azərbaycanın əməkdar jurnalisti adına layiq görülmüşdür.

Mailə Muradxanlı 2010-cu il iyunun 12-də Bakı şəhərində vəfat etmişdir.


Əminəm ki, Milli radiomuzun 88, televiziyamızın 58 illiyi respublikamızda qeyd edildiyi bir vaxtda milli jurnalistikamızın magikanı, milli tele-radiomuzun sarsılmaz sütunu, ideyalar generatoru, qəlblər mühəndisi, novator jurnalist, yazıçı, publisist, tənqidçi, tərcüməçi, pedaqoq, ictimai xadim, əməkdar jurnalist, prezident təqüdçüsü kimi xalqın ürəyində əbədilik qazanan Mailə Muradxanlının adı, sənəti əbədiləşdiriləcəkdir. Onun adına küçələr, məktəblər veriləcək, haqqında kitablar, ssenarilər yazılacaq, verilişlər, filmlər çəkiləcək, vaxtıilə yaşadığı binanın önünə xatirə lövhəsi vurulacaq, yarım əsrə yaxın bir müddətdə çalışdığı milli teleradio şirkətində adına studiya veriləcək, ali təhsil ocaqlarında jurnalistika fakultəsində təhsil alan tələbələr üçün “Mailə Muradxanlı” adına təqaüd təsis ediləcəkdir. Məzarının üstündən heç bir zaman gül-çiçək, əklil əskik olmayacaq. 

Məncə, Mailə xanım bütün bunlara layiqdir, o bunu qazanıb.

Mailə xanımın 70 illik həyat yoluna ötəri nəzər salıb belə qənaətə gəldim ki, bu böyük bir insanın həyatı heç də hədər getməyib. Mailə xanım daim bizimlədir, xalqın yaddaşında sevilərək yaşayır. O, bütün varlığı ilə xalqına, doğma vətəninə bağlı olan bir sənətkar idi. Xalq, vətən isə daim onu yaşadacaq. Bu baxımdan Mailə xanım bəxtiyar, xoşbəxt sənətkarlardandır. Ölməz şairimiz Mikayıl Müşfiqin təbirincə desək:

Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçin yaşayan, vətəçin ölən,
Səmimi bir insan nə bəxtiyardır.

Ruhunuz  şad olsun ustadım Mailə xanım! Allah Rəhmət eləsin!

Qafar Əsgərzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
pedaqogika üzrə fəlsəfə  doktoru, publisist

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi