Noyabrın 6-sı Azərbaycanda Milli Televiziya və Radio günü kimi qeyd olunur. 88 il bundan əvvəl, 1926-cı il noyabrın 6-da Azərbaycan ilk dəfə efir məkanına çıxıb. Düzdür, bu, yalnız səs vasitəsilə olsa da, üstündən 30 il keçəndən sonra səs təsviri də reallaşır.
Modern.az saytı “Gözdən iraq media” layihəsində Tovuzun TTV (“Türkel” TV) telekanalından bəhs edəcək. Qeyd edək ki, bu, Azərbaycanın efir məkanında sırf informasiya yayımı ilə məşğul olan ilk televiziya kanalıdır. Kanalın fəaliyyəti, problem-perspektivləri barədə baş direktor Nadir Şəfiyev danışır:
- Bizim televiziya 4 ildir fəaliyyət göstərir. Bu müddətdə, sadəcə efiri olan prodakşn səviyyəsindən peşəkar telekanal səviyyəsinə qədər yüksəliş əldə olunub. Ən əsas dəyişikliklər ötən ildən başlayıb. Qarşımızda xəbər telekanalının yaradılmasını məqsədi qoyduq və bu qısa zamanda uğurla həyata keçirildi.
- Televiziyanın verilişləri hansı ərazilərdə yayımlanır?
- Hazırda TTV-nin yayım dairəsi ölkənin 30-a yaxın rayonunu əhatə edir. Fəaliyyətimiz tamaşaçılarımıza 24 saat ərzində son məlumatları əldə etmək imkanı verir. Əsas yük “Xəbərlər” departamentinin üzərinə düşsə də, “Yaradıcılıq” departamenti və digər qurumların üzvləri də çox böyük həcmli iş görürlər. Bu da təbiidir. Çünki 102 nəfər işçi ilə bu həcmdə yükü daşımaq çox çətindir.
- İnformasiya ilə yanaşı, maarifləndirici, yaxud əyləncəli verilişlərə də üstünlük verlirmi?
- TTV ciddi xəbər kanalıdır. Şou aləmində baş verənlərə də yer verməyimizə baxmayaraq, bunu başqa səpkidə edirik. Gündəlik “Mədəniyyət” rubrikamızda və həftəlik “Şou Nyus” verilişində bütünlüklə mədəniyyət, o cümlədən şou aləmində baş vereən hadisələrə yer ayrılsa da, dedi-qodu və şayiə səviyyəsində olan məlumatlar efirə verilmir. Maarifləndirici və informativ xarakterli verilişlərə daha geniş yer ayrılır.
- İnformasiya siyasətində üstünlük verdiyiniz dəyərlər hansılardır?
- Obyektivlik, operativlik və peşəkarliq.
- Regionda auditoriyanın marağını hansı üsullarla qazana bilirsiniz?
- Operativlik və obyektivlik auditoriyanın qazanılması üçün də əsas amillərdəndir. Xəbər təqdimatında peşəkarlıq da xüsusi əhəmiyyət kəsb edir. Biz əməkdaşlarımıza istənilən hadisəni məğzi qoruyub saxlamaqla fərqli tərzdə təqdim etməyi öyrədirik. Bu sahədə görəcəyimiz iş çoxdur.
- Televiziya kanalına gənc kadrları cəlb etmək sizin üçün nə dərəcədə çətindir?
- Bununla bağlı çətinliklərimiz artıq geridə qalıb. Bir il əvvəl bölgəmizdə televiziyaya, burda işləməyin perspektivinə inam çox aşağı idi. Odur ki, telekanala müraciət edən insanların əksəriyyəti qarşısında konkret məqsədi olmayan, sadəcə, iş axtaran insanlar idi. Artıq bölgə əhalisinin əksəriyyət bilir ki, TTV-yə konkret məqsədlə gəlməli və istər işə qəbulla bağlı keçirilən müsabiqədə, istərsə də gələcəkdə işləyərkən uğur qazanmaq üçün yüksək təhsilə, böyük həvəsə və xüsusi bacarığa malik olmalıdır.
- Bəs, təcrübəli kadr çatışmazlığı problemi hiss edirsiniz?
- Mənə elə gəlir ki, bu problem ölkənin bütün televiziyalarında var. Amma problemin aradan qaldırılması istiqamətində səylə çalışırıq. Son bir neçə ay ərzində TTV-də püxtələşən gənc kadrların olması bu istiqamətdə seçdiyimiz strategiyanın bəhrəsidir. TTV televiziya xəbər məktəbi kimi fəaliyyət göstərməklə yanaşı, bu təcrübəni genişləndirmək niyyətindədir.
- Modern.az saytının timsalında hər hansı bir xəbər agentliyi ilə ortaq layihələr həyata keçirə bilərsiniz?
- Böyük məmnuniyyətlə.
Elmin NURİ