jurnalist,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
Qəribə, məzəli, bir az da kövrək hisslər oyadan əhvalatlar hisslər oyadan əhvalatlar
Zəlzələ xəbəri də adamın bəxtini açarmış ...
Orta məktəbdə bizə deyəndə ki, müsyo Jordan Parisi partladacaq heç inanmırdıq, amma vahimə içində idik. Buna inanmayanlar illər boyu sağ-salamat, arxayın ömür sürdülər, ağıllılar bunu ədəbi priyom kimi qəbul etdilər, qorxuya düşənlərin taleyi isə, Allah bilir, necə oldu, bəlkə də ruhi xəstəliyə məruz qaldılar.
Ancaq real bəla – zəlzələyə düçar olacağımızı bizə deyəndə cavan da, qoca da bu xəbərin haradan gəldiyini biləndə inanmaya bilməzdilər ki, zəlzələ olacaq. Özü də dünya əhalisinin xürrəm yaşadığı günlərdən birində zəlzələ olacağı xəbəri ildırım sürətilə yayıldı. Rəsmi xəbər yox idi. Ancaq hər yerdə idarə başçıları şəhadət barmaqlarını başının üstündə qaldırıb “xəbər yuxarıdan (yəni mərkəzi komitədən) gəlib. Bundan sonra kimsənin cürəti çatmazdı ki, münəccimin kim olduğunu soruşsun. Hətta zəlzələyə qarşı tədbirlər planı hazırlanırdı: bunlardan ən başlıcası idarə və müəssisələrdə, təhsil ocaqlarında gecə-gündüz növbətçilər təyin olunurdu. Mən xarici verilişlər (o vaxt belə adlanırdı) radiosunda “Xəbərlər” redaksiyasının böyük redaktoru idim, guya məsul işçi kimi zəlzələ olacaq gecə növbətçi təyin edildim. Komitə sədrinin müavini, yazıçı-publisist, qələminə dərin hörmət bəslədiyim Aqşin Babayevin mənə tapşırığı belə oldu:
- Mülatif, çox diqqətli olmalısan, təlimat var, kadrlar şöbəsində onu yaxşıca oxu və təlimat əsasında hərəkət elə.
- Aqşin müəllim ...
Mənim xəsiyyətimə yaxşı bələd olduğundan söz güləşdirməyə imkan vermədi. Bircə onu dedi ki, jurnal-qələm ayırılıb, “onu götür, zəlzələ başlayandan sonadək hər dəqiqəni yaz”.
- Bəlkə?...
- “Bəlkə”si yoxdur, yuxarıdan deyiblər, mütləq olacaq.
İş gününün sonuna xeyli qalmışdı. Bir də gördüm ki, otaqlar boşalıb, mən tək qalmışam. Jurnalı qabağıma qoyub qeydlərimi yazdım: Deyirlər ki, zəlzələ olacaq. Vaxtı müəyyən deyil.
Təlimata uyğun hərəkət edib evlər titrəyib uçanda (mən hansı daşın, hansı armaturun altında qalacağımı bilmirdim. Onu da deyim ki, Bakıda zəlzələ olsaydı, ən əvvəl iki binaya – biri ailəmin yaşadığı Şərifzadə küçəsindəki 124 saylı binaya və digəri bizim radionun binasına xətər dəyəcəkdi. Çünki bu binalarda sementdən əsər-əlamət yox idi, mişar daşlarının arasına barmaq soxanda qum gəlirdi) tibb və yanğınsöndürmə maşınları çağırmalıydım, rəhbərliyə xəbər verməliydim, onların arxasınca maşın göndərməliydim...
Bəs mənə kim həyan duracaqdı?
Qəribədir, güya mən tək sağ qalacaqdım, heç kimin zəlzələdən xəbəri olmayacaqdı. Bəyəm zəlzələ təkcə mənim üçün idi?.
Zəlzələ həsrəti ilə sübhədək oturdum. Nə vaxta qaldı bu zəlzələ? Yuxarıdakılar (mərkəzi komitədəkilər) hansı barmaqlar ilə ölçüb zəlzələ xəbərini vermişdilər? Postsovet dövrünün dərrakəli adamları heç xəcalət çəkdilərmi?
... Nə isə, bu sualların məngənəsində səhərin açıldığını gördüm. İş növbəsi başladı. Mən növbətçilik jurnalını Aqşin Babayevə verdim. O, qeydlərimə baxıb gülümsündü. Sonra jurnalı götürüb otaqdan çıxdı. Bir azdan katibə gəldi ki, komitə sədri Elşad Quliyev səni çağırır. Ürəyimdə fikirləşdim ki, bəlkə zəlzələdən mənim xəbərim olmayıb! Bir az qorxu, bir az qalib kimi sədrin otağına girdim.
- Mülatif, növbəni əla başa vurmusan. Qeydlərini oxudum. Sən mahir yumorist imişsən! Belə qərara gəldim ki, günü sabahdan səni “Səhər görüşləri” redaksiyasına keçirim.
Heç nə demədim. Radionun sabahı televiziya idi, orada işləmək hamını arzusuydu. Beləliklə, “zəlzələ” məni televiziyaya qətirdi ...
***
Erməni müğənni verilişimizə qonaq gəlmək istəyirdi ...
İşlərim rəvan gedirdi. “Səhər görüşləri”ni hazırlayan dörd qrupdan birinin redaktoru mən idim. Şöbə müdirimiz Sədrəddin Bədirxanov çox alicənab, səmimi yoldaş idi, xətrini çox istəyirdik. Onu “əmi” deyə çağırardıq. Bir gün “əmi” dedi ki, “Mülatif, müğənni Nairi Allahverdiyan sənin verilişində bir mahnı oxumalıdır.
- Niyə mənim verilişimdə? Axı ...
- Belə qərara alınıb.
- Sədrəddin müəllim, mənim verilişimdə erməni oxumayacaq, bu qətiyyən mümkün deyil.
“Əmi” bu barədə AzTV-nin rəhbəri Elşad Quliyevə məlumat verdi və dedi ki, sədr səni çağırır.
Vahiməyə düşdüm. Necə yəni, sədrin göstərişini yerinə yetirməyəsən?
Sədrin kabinetinə girəndə, Elşad müəllimin üzü gülürdü.
- Mülatif, bu nə hərəkətdir? Bu məsələ yayılsa, sənə “ millətçi” damğası vurarlar.
- Elşad müəllim, Siz bilirsiniz, mən Qərbi Azərbaycandanam, Vedi rayonundan. Ermənilərin xəyanətkarlığı ailəmizi yurd-yuvamızdan didərgin saldı. Heç Yerevanda azərbaycanlı müğənnini erməni efirə buraxar? Mən Nairini verilişimə çağırmayacağam. Qoy buna görə məni işdən çıxarsınlar. O ki qaldı damğaya, mənim damğam çoxdan vurulub.
Sədr susdu. Xeyli üzümə baxdı.
- Mülatif, mən səni belə cəsarətli bilməzdim. Sənin bu hərəkətin xoşuma gəldi. Bir kəsə söz demə. Sədrəddinə de, qoy öz verilişində versin Nairini.
Qozu – fındığı buraxdılar, həmkarlar ittifaqı sədrini yox
Sədrəddin (əmi) çox savadlı idi, həm də ictimaiyyətçi kimi fərqlənirdi. Onu həmkarlar ittifaqları Komitəsinin televiziya üzrə sədri kimi Qax rayonuna ezamiyyətə göndərmişdilər.
O vaxtlar belə bir qayda vardı: həmkarlar fəalları rayonlara gedir, öz kollektivləri üçün meyvə-tərəvəz gətirdərdilər. Sədrəddin Bədirxanovun səfəri uğurlu alınmışdı: onun gətirdiyi qoz-fındıq maşınını darvazadan buraxdılar, amma Sədrəddinin özünü yox!
Çünki ...
Elə həmin günlərdə komitəyə təzə sədr təyin etmişdilər: Məmməd Muradı. O, sədr kürsüsündə oturduğu günlərdə komitədəki “özünə layiq” adamların köməyi ilə bir əmr imzalayıb giriş qapısından asdırmışdı. Bir əmrlə 167 adamı işdən çıxarmışdı o “ağıllı” sədr.
Ağına-bozuna baxmadan neçə-neçə baş redaktoru, şöbə müdirini, redaktoru, evdə xəstə yatanı, ezamiyyətdə olanı, bir sözlə, qanunun yol vermədiyi xeyli adamı işdən çıxarmışdı. Bununla qürurlanan sədr iclaslardan birində demişdi ki, əgər fil iynənin sap dəliyindən keçərsə, bu adamlar da televiziyanın qapısından içəri keçə bilərlər! Hara gedirlər getsinlər!
Deyirlər, arxalı köpək qurd basar. Məmməd Muradın arxasında Ayaz Mütəllibov durmasaydı, o bu cür sənəd imzalamazdı. Dünya yaxşı adamlardan xali deyilmiş. 167 adamın böyük əksəriyyəti öz haqqını tələb edərək dövlət müəssisələrinə şikayətlər göndərdi. Nə fayda? Sanki hakimiyyət Məmməd Muradın əlində idi. Nəhayət, dövran dəyişdi. Məmməd Murad imzaladığı o əmrə görə məhkəmə qarşısında dayandı, layiqli (bir az aşağı) cəzasını aldı. O həya etmədən işə gəlmişdi. Amma bu dəfə ... onun özünü darvazadan içəri buraxmadılar ... Filin keçə bilmədiyi iynə dəliyi onun özünə qismət oldu. İşdən çıxardığı adamlar işə bərpa olundular.