Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistika artıq qanıma işləyib” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistika artıq qanıma işləyib” - RUBRİKA

28 Noyabr 2014, 10:20

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“İnterAz” Televizyasında Proqramlar Departamentinin rəhbəri Gülnarə Aydın Bağırova ailəsinin istəyi ilə Bəstəkarlıq fakültəsinə daxil olub: “Musiqiçi ailəsində dünyaya gəlmişəm. Axı adətən deyirlər, həkimin uşağı həkim, müəllimin uşağı müəllim olmalıdır. Bizdə də demək olar belə idi. Ailəmin istəyi ilə Üzeyir Hacıbəyov adına Konservatoriyanın Bəstəkarlıq fakültəsinə daxil oldum. İxtisasca fortopiano müəlliməsiyəm. Konservatoriyanı bitirdikdən sonra ixtisasım üzrə sadəcə 1 il işləmişəm. Jurnalist olacağım ağlıma gəlməzdi. Çünki ailəm çox mühafizəkar idi. Düşünürdülər ki, qızdan jurnalist olmaz. Hətta anam “jurnalisti alan olmur” deyirdi. Uşaqlıqda bu peşə arzum olub. Rafiq Hüseynov, Ofeliya Sənani, Roza Tağıyevanı heyranlıqla izləyirdim. Uşaq vaxtı güzgünün qarşısında diktorluq edirdim.

Musiqi üzrə 1 il işlədikdən sonra “Mir” televiziyasında aparıcı işləməyə başladım. Daha sonra “Xəzər” telekanalında prodüser kimi fəaliyyətimi davam etdirdim. Sonra “Space”, TRT-nin Bakı Təmsilçiliyində rejissor və redaktor olaraq işimi davam etdirdim. Hazırda “İnterAz” Televizyasında Proqramlar Departamentinin rəhbəri vəzifəsindəyəm. Hətta bunu xüsusi vurğulayım ki, jurnalist olmaq üçün jurnalist kimi doğulmaq lazımdır. Hansı sahədə olursan ol, əgər insanın içində bu vergi varsa, əvvəl-axır bu sahəyə gələcək. Bunu da deyim ki, heç də anam haqlı çıxmadı - 23 yaşımda evləndim, 3 övladım var. Elə işlədiyim telekanalda, aparıcısı olduğum verilişin rejissoru ilə. Etdiyim heç bir şey üçün peşman olmuram. Niyyətin hara, mənzilin ora. Yəni uşaqlıqdan arzusunda olduğum peşədəyəm”.

 “Simsar” jurnalının və “Simsar.az” saytının baş redaktoru İradə Nurəddinqızı arzulamadığı tələbəlik həyatı yaşayıb: “İxtisasca iqtisadçıyam. Xalq təsərrüfatı sahələrinin iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirmişəm. Heç vaxt öz ixtisasım üzrə işləməmişəm. Çünki ixtisasımı valideynlərim seçib. Uşaqlıqdan həvəsim jurnalistikaya olub, ancaq valideynlərim bu peşəni seçməyimə əngəl oldular. Baxmayaraq ki, hələ orta məktəbin 4-cü sinfindən rayon qəzetlərində kiçik məqalələrim çıxırdı. Məktəb illərim müharibə illərinə təsadüf edib. Məktəbimizin yarısı qaçqınların evi, yarısı isə bizim təhsil ocağımız idi. Söhbət Yevlax rayonundan gedir. Rayonun iki qəzeti - “Kür” və “Nicat” həftədə bir dəfə nəşr edilirdi. Hər ikisinin fəal ictimai müxbiri idim. Dəyərli jurnalist Mahir Mehdi mənə ilk addımlarımda qəzetçiliyin sirlərini öyrədənlərdən olub. Təəssüf ki, bəzən valideynlər öz istəklərini övladlarının üzərində həyata keçirirlər. Mən də eyni taleni yaşadım, arzulamadığım bir tələbəlik həyatı keçirdim. Valideynlərimin fikrincə, bu sahədə maddi gəlir az, iqtisadiyyat sahəsində isə çox idi. Ancaq tale yenə məni bu sahəyə gətirdi. İş axtarırdım, köhnə tanışlarımdan biri ““Millət” qəzetində iş yeri var” dedi. “Millət”ə gedib fəaliyyətə başladım. “Millət” mənim üçün doğma məkanlardan biri olub. Milli İstiqlal Partiyasının qəzeti idi. Mən orada çalışmağa başlayan zamanlarda isə ölkədə çoxtirajı və satışı olan qəzetlərdən biri idi. Daha sonra “Hürriyyət”, “Milli yol”, “24 saat”, “Elçi”, “İrəvan” qəzetlərində işləmişəm. Bir neçə ay İctimai radionun efirində “Oxumuram əl çəkin” adlı verilişi aparmışam. “Simsar”dan öncəki iş yerim isə Eldar Namazovun rəhbərlik etdiyi Azərbaycan Naminə İctimai Forumun mətbuat xidməti olub. Sonra “Simsar”ı yaratdıq. Artıq 4 ildir ki, “Simsar” jurnalının və “Simsar.az” saytının baş redaktoruyam
Əlbəttə, jurnalistikaya gəldiyim üçün razıyam. Sevdiyim işdə çalışıram. Çoxsaylı qeyri-ixtisaslı jurnalistlər sübut edib ki, jurnalist olmaq üçün Jurnalistika fakültəsini bitirməyə gərək yoxdu. Burada istedad və həvəs önəmlidir”.

ARDNŞ-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yeganə Tağıyevanın uşaqlıq arzusu TV-də çalışmaq olmayıb: “Test üsulu ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinə qəbul olunmuşam. İxtisasım üzrə tələbəlik illərində Milli Məclisdə çalışmışam. Mən həm də İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm.

TV-yə gəlişim çox maraqlıdır. Qəzetlərin birində oxudum ki, yeni “Space” telekanalı açılır və müsabiqəyə qatıldım. Münsiflər tərəfindən seçilmiş 10 nəfərdən biri oldum. Seçildikdən sonra bu haqda atama dedim. O da gəlib TV-nin rəhbərliyi ilə tanış oldu. Əvvəl televiziyada çalışmağıma etiraz etmişdi. “Space” telekanalında “Hər gün” proqramının aparıcısı olmuşam. Efir günü olmayanda çəkilişlər edirdim. İndi də yadımda ilk sujetim İçərişəhərdən olmuşdu. Bir onu deyim ki, “Space” TV-də bizim gözəl xəbər komandamız var idi. Sözün əsl mənasında mükəmməl komanda. Komanda işlədiyi üçün bütün xəbər buraxılışlarımız reytinqli olurdu. Sonra “Lider” TV-də calışmağa başladım. Mənim haqqımda həmkarım Şahin Əliyev və dostum Mehman Mehdiyev hörmət etdiyim jurnalist, kanalın “Xəbərlər” departamentinin rəhbəri Vəli Əkbərə danışıblar. O da məni dəvət etdi. Gəldim və səhəri gün artıq əmr verilmişdi.

Demək olmaz, TV-də calışmaq mənim uşaqlıq arzum olub. Amma 13 il televiziyada çalışmağıma peşman deyiləm. Əksinə, bu bir məktəb oldu. Mən TV-də çalışarkən təcrübəli və peşəkar insanlardan öyrəndim. Bunun üçün onlara təşəkkür edirəm. Respublikanın ictimai-siyasi həyatında olan insanlardan müsahibələr aldım. Məni efirdən tanıyıblar. Və qazandığm hörmət olub. 7 ildir ki, televiziyada deyiləm. Amma hələ də “televiziyadan nə üçün getdiniz” sualı verilir. Hazırda ARDNŞ-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram”.

APA İnformasiya Agentliyinin “APA-Economics” bölməsinin redaktoru Musa Əhmədov xəbər sistemindən uzun müddət ayrı qala bilməyib: “Mən 2000-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin “Politologiya” ixtisasına qəbul olunmuşam. 2004-cü ildə bakalavr pilləsində bu ixtisası fərqlənmə diplomu ilə bitirmişəm. Elə həmin ildə bu fakültənin “Milli təhlükəsizlik və strategiya” ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşam. 2006-cı ildə magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirmişəm. İxtisasca politoloq olsam da, bu sahə üzrə işləməmişəm.

2005-ci ildən “ASSA-İradə” informasiya agentliyi və “Azernews” qəzetində jurnalist kimi fəaliyyətə başladım. 2006-cı ildə “ANS” Müstəqil Yayım və Media Şirkətinin təşkil etdiyi “Jurnalistika” kursunda iştirak etdim. Kursu bitirdikdən sonra bu telekanalda əvvəlcə Xəbərlər Departamentində ictimai-siyasi sahə üzrə çalışmışam, daha sonra “İqtisadiyyat xəbərləri”ndə müxbir və aparıcı kimi fəaliyyətimi davam etdirdim. 2011-ci ilin sentyabrından 2014-cü ilin may ayına qədər “Yurd” internet televiziyasında efir redaktoru kimi işlədim. May ayının 1-dən “APA” İnformasiya Agentliyinin “APA-Economics” bölməsində redaktor kimi fəaliyyətə başlamışam.

Tələbələrik illərindən bu sahədə çalışanda düşündüm ki, bir qədər təcrübə toplayıb öz ixtisasım üzrə işləyərəm. Jurnalist kimi fəaliyyətə başlayandan ictimai-siyasi şöbədə çalışdım. Bu isə birbaşa mənim ixtisasım ilə bağlı idi. Ümumiyyətlə, jurnalistika elm deyil, peşədir. Bu baxımdan düşünürəm ki, istənilən ixtisası bitirən insan əgər savadlıdırsa, jurnalist kimi çalışa bilər.

Əslində, 2004-cü ildə magistraturaya imtahan verəndə Politologiya kafedrasının müdir əvəzinin mənim cavablarımdan xoşu gəldiyindən universitetdə müəllim kimi qalıb işləməyi təklif etmişdi. Amma mən jurnalistikaya üstünlük verdim. Ümumiyyətlə, jurnalistika ilə politologiya bir-birinə çox yaxındır. Yeri gəlmişkən, uzun müddət iqtisadi sahə üzrə jurnalist kimi çalışmışam. İqtisadi jurnalistika isə çox maraqlı sahədir. Maraq olan yerdə işləmək üçün vasitə lazım olur, bəhanə yox. İqtisadi jurnalistikaya marağım böyük oldugundan mən işləmək üçün vasitə axtarıram, bəhanə yox.

Bəzən bu sahədə işlədiyimə peşman olmuşam. Jurnalist kimi fəaliyyət göstərdiyim 10 il ərzində cəmi iki ay bu sahədən uzaq qalmışam. Amma sonradan, bu sahədən qısa müddətdə uzaqlaşdığım vaxtda hiss etmişəm ki, jurnalistika qanıma işləyib. Ayrı sahədə çalışdığım müddətdə xəbərlər daim məni maqnit kimi özünə çəkib. Yəqin, elə məhz bunun nəticəsidir ki, xəbər sistemindən uzun müddət ayrı qala bilmədim və yenidən bu sahəyə üz tutdum”.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi