Modern.az

Jurnalistlər dövlət orqanlarının mətbuat katiblərindən DANIŞDILAR - 2014-cü ildə kimdən razılıq var, kimdən narazılıq? - SİYAHI

Jurnalistlər dövlət orqanlarının mətbuat katiblərindən DANIŞDILAR - 2014-cü ildə kimdən razılıq var, kimdən narazılıq? - SİYAHI

Media

10 Dekabr 2014, 16:09

20 il əvvəllə müqayisədə, bu gün jurnalistlərin çevik fəaliyyəti həm də mətbuat xidmətlərinin verdiyi açıqlamalardan asılıdır. Sualına cavab aldınsa, istədiyin mövzu ilə bağlı yazı hazırlaya biləcəksən. Yekunlaşmaq üzrə olan 2014-cü il mətbuat xidmətlərinin fəailliyətilə bağlı çox hadisələrlə yadda qalacaq. Kimi üçün yaxşı, kimi üçünsə pis... İl ərzində xəbər dalınca qaçan jurnalistlər hansı qurumun mətbuat xidmətindən razı, hansından narazı qaldı? Modern.az saytı ilin yekunu olaraq jurnalistlər arasında keçirdiyi sorğunu təqdim edir.

Report.az saytının müxbiri Valeh Dadaşov yalnız Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyevadan narazıdır: “Kamran Əliyev (Baş Dövlət Yol Polisi), Vaqif Əsədov (Bakı Şəhər Dövlət Yol Polisi), Rəhimə Dadaşova (Qafqaz Müsəlmanları İdarəsi), Esmira Xəlilova( Diasporla İş üzrə Dövlət Komitəsi), Akif  Təvəkküloğlundan (Milli Məclis) razıyam”.

Azvision.az saytının müxbiri Şahanə Rəhimovanın gileyləndiyi bir neçə mətbuat xidmətinin rəhbəri var: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Lətafət Tağızayə nə qədər müraciət ünvanlasaq da, bizi tədbirlərinə dəvət etmir , Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov nə zaman zəng etsək, ya xəstə olduğunu bildirir, ya da zənglərə, ümumiyyətlə cavab vermir, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli ilə əlaqə yaratmaq ya çətin olur, yaxud tapanda məlumat ala bilmirsən.

Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehovun fəaliyyətini yaxşı qiymətləndiririk. Çünki o, cəmiyyəti maraqlandıran məsələlər barəsində olan sorğularımızı şifahi və yazılı formada operativ cavablandırmaqdan çəkinmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova, Gənclər və İdman Nazirliyindən Səmayə Məmmədova, İqtisadiyyat və Sənaye Nazirliyindən Abbas Əliyev, Kənd Təsərrüfatı Nazirliyindən Murtuzəli Hacıyev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Müşfiq Əmirov, Səhiyyə Nazirliyindən Anar Qədirlidən də razıyıq. Onlarla asanlıqla əlaqə yaratmaq, istədiyin suala cavab almaq mümkündür”.

“APA-Economics”in müxbiri Aqşin Rafiqoğlu da açıq şəkildə onu qane edən və etməyən mətbuat xidmətlərini sadalayıb: ““APA-Economics” əsasən iqtisadi qurumlarla işləyir və bizdə hər bir müxbir müəyyən qurumlarla mütəmadi işlədiyi üçün demək olar ki, heç bir nazirlik və təşkilatla ciddi problem yaranmır. Düşünürəm ki, mətbuat xidmətinin fəaliyyəti dedikdə, bir fərdin və ya tək mətbuat xidmətinin rəhbərinin fəaliyyəti nəzərə alınmamalıdır. Burada mətbuat xidmətinin əməkdaşlarının da tam fəaliyyəti qiymətləndirilməlidir. Elə təşkilat var ki, işləyir, sadəcə onun mətbuat xidmətinin rəhbəri, yaxud qurum özü informasiyanı mətbuatla bölüşmür.

Məsələn, bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayevin, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlunun, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin, “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbəlayevin fəaliyyəti, Vergilər Nazirliyinin mətbuatla iş siyasəti məni razı salır. Bu insanlar özləri bir zamanlar jurnalist olduqları üçün mətbuata tam açıqdırlar və jurnalistlərin xəbər əldə etmək istəyində olduğunu tam anlayırlar. Bu səbəbdən də onlarla işləmək çətin deyil.
Amma Nəqliyyat Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov,  Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Məsimli, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə işləmək çətindir. Onları ya tapa bilmirsən, ya telefon nömrələrinə zəng çatmır. Yaxud informasiya almaq problemlidir. Kommersiya banklarının mətbuat xidmətləri ilə işləmək isə jurnalistin özünə əzab verməsidir”.

Müsavat.com saytının müxbiri Nərgiz Liftiyeva ən çox Anar Qədirli (Səhiyyə Nazirliyi), Ehsan Zahidov (Daxili İşlər Nazirliyi), Cəsarət Valehov (Təhsil Nazirliyi),  Abbas Əliyevdən (İqtisadiyyat və Sənaye Nazirliyi) razıdır.

“Olaylar” informasiya agentliyinin müxbiri Samir Güləliyev də Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdan gileylidir. “Bu şəxs bəzi telekanalları çıxmaq şərtilə yazılı mətbuata danışmır. Uzun illər mətbuatda müxbir və digər vəzifələrdə çalışan, mətbuatın işinin nə qədər ağır olduğunu, jurnalistin informasiya almaq üçün hansı zülmlərə qatlaşdığını bilən Namiq Həsənov mətbuata informasiya verməkdən, jurnalistlərin suallarını cavablandırmaqdan yayınır. Onun mətbuat xidmətinin rəhbəri  olaraq mətbuatdan qaçmağını anlamıram. İlboyu haçan zəng vurursan ya telefonu götürmür, ya da deyir ki, xəstəyəm, məzuniyyətdəyəm.
İl ərzində razı qaldığım mətbuat xidmətləri çoxdur. Məsələn, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu vəzifəyə yeni təyin olunsa da, demək olar Azərbaycanda mətbuat xidməti rəhbərlərinə nümunədir. O, hətta metro ilə bağlı jurnalistlərin xəbər tutmadığı məlumatları belə, paylaşır, jurnalistlərə dolğun məlumat verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Nadir Əzməmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfraim Təhməzov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovu mən media ilə işləməyə can atan fədakar mətbuat xidmətləri adlandırardım. Bu şəxslər daim jurnalistlərlə işləməkdə maraqlı mətbuat xidmətləridir”.

Publika.az saytının müxbiri Gülnar Əliyeva qeyd edir ki, onlar üçün ən böyük çətinliyi Bakı şəhər İcra Hakimiyyəti yaradır: “Bu qurumun mətbuat xidmətindən hansısa informasiyanı almaq mümkün deyil. Təhsil Nazirliyi məlumat verir, amma prosedur çox çətindir, əvvəlcə yazılı müraciət olunmalıdır. Ümumiyyətlə, indi belə bir tendensiya yaranıb, mətbuat xidmətlərinin rəhbərləri hərəsi bir saytın əməkdaşı ilə dostluq edib informasiyanı onlara ötürürlər. Bundan əlavə, problem onda yaranır ki, mətbuat xidmətləri informasiyanı birinci agentliklərə, sonra saytlara ötürürlər. Ombudsman Aparatının mətbuat xidmətindən də telefon zənglərinə cavab vermirlər. Onlar, adətən press-reliz yayırlar və bu qurumdan da hansısa suallara cavab almaq mümkün deyil . Bir çox hallarda dövlət qurumları tədbirlərə dəvəti yalnız televiziya və ya bir-iki agentliyə göndərir”.

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Günel Cəlilova bu il ərzində əksər mətbuat xidmətlərindən razı qaldığını deyir: “Dövlət strukturlarında çalışan mətbuat xidmətləri arasında mediaya açıq olanı da var, qapalı olanı da. Sağ olsunlar, hər hansı bir mövzu ilə bağlı müraciət edən zaman bizə yardım ediblər. Məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı, Ekologiya ve Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Gənclər və İdman Nazirliyindən Səmayə Məmmədova, “Bakıelektrikşəbəkə”dən Tanrıverdi Mustafayev, Səhiyyə Naziriyindən Anar Qədirli, Təhsil Nazirliyindən Cəsarət Valehov, Kənd Təsərrüfatı Nazirliyindən Murtuzəli Hacıyev, Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi, Vergilər Nazirliyinin mətbuat katibləri daim jurnalistlərə dəstək olur. Amma narazı qaldığım mətbuat xidmətləri də var. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovla bu il ərzində çox az danışmışam. Nə zaman Nəqliyyat Nazirliyinə zəng edirdimsə, Namiq müəllimin mənə xəstə olduğunu deyibdilər. Namiq müəllimin mobil nömrəsinə zəng edən zaman ya xəstə olduğunu, ya da müsahibə vermək üçün münasib yerdə olmadığını deyərək sualdan yayınıb. Bir il ərzində Namiq müəllim sağalıb suallarımızı cavablandırmadı. Əgər doğrudan da xəstədirsə, Allah şəfa versin!
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbərinin kim olduğunu bilmirəm. Çünki o qurumla danışmaq mümkün deyil. Nə zaman zəng etsək, bizi operatora bağlayırlar.
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibinə zəng edən zaman bizə cavab olaraq deyir: “Sizin sualınızla bağlı saytımızda xəbər yerləşdirəcəyik”. Oturub gözləyirik və o xəbər axşam tərəfi saytda yerləşdirilir. Bəzi dövlət strukturları indi artıq jurnalistlərin suallarını telefonla deyil, e-mail vasitəsilə cavablandırmaq istəyirlər. Biz həmin qurumlara gündəlik qəzet olduğumuz üçün sualımızı tez bir zamanda cavablandırmasının vacib olduğunu desək də, onlar ya səhəri, ya da iki gün sonra bizə elektron formada cavab yazıb göndərirlər. Ümid edirəm ki, növbəti ildə dövlət qurumlarının mətbuat katiblərindən razı qalaram”.

“Bakupost.az” saytının əməkdaşı Fərəh Sabirqızı qeyd edir ki, fəaliyyət göstərdiyi illər ərzində bir çox qurumların mətbuat xidmətləri ilə əməkdaşlıq edib: “Sizin sorğudan əvvəl dövlət qurumlarının siyahısına baxdım, çox az qurum var ki, onlardan hansısa informasiyanı ala bilməmişəm. Narazı qaldığım qurumlar arasında ancaq Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyini misal çəkə bilərəm.
Bu il xüsusi aktiv olan mətbuat xidmət rəhbərləri sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Elman Babayev, Dövlət Sosial Müdafiə Fondundan Əmrah Fəqanoğlu, “Bakı Metropoliteni”ndən Nəsimi Paşayev və digərlərinin adını çəkə bilərəm. Mən mətbuat xidmətinin səviyyəli işinin bu gün şahidi oldum. İştirak etdiyim tədbirə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də qatılmışdı.  Adətən, belə hallarda məmurun nəfəs almasına icazə vermədən suallar ünvanlayırıq. Amma indi nəsə yeni xəbər, rəqəmləri soruşmağa ehtiyac yox idi, çünki həmin qurumun mətbuat xidməti mütəmadi olaraq hər gün statistikaları, yenilikləri media ilə bölüşür.
Ümumilikdə, işindən razı qaldığım mətbuat xidməti rəhbərləri çoxdur – Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Müşfiq Əmirov, “Asan Xidmət”də Anar Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyində İradə İbrahimova, Ombudsman Aparatının mətbuat katibi Zemfira Məhərrəmli, Milli Məclisdən Akif Təvəkküloğlu, Mədəniyyət və Turizm Nazirliyində Zöhrə Əliyeva, Səhiyyə Nazirliyində mətbuat xidmətinin əməkdaşı Səfayə Abdullayeva, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Fazil Talblı, Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi və digərləri. Hər kəsə növbəti ildə işlərində uğurlar və media ilə daha sıx əməkdaşlıq arzulayıram”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi