Modern.az

İbrahim, Buludxan, Cavanşir

İbrahim, Buludxan, Cavanşir

24 Dekabr 2014, 23:25

Bir İbrahim adlı dostumuz vardı. Niyə dostum yox, dostumuz dedim? Çünki onu sevən, bu gün də yaddan çıxarmayan Fikrət Rzayev, Məsiağa Məhəmmədi, Eldəniz Elgün, Seyid Cavanşir, Mehman müəllim, müavinindən daha çox ona dost kimi baxan Həsən müəllim inciyər məndən. Hələ adını çəkmədiyim digər dostları demirəm.

Professor Buludxan Xəlilov da bizim İbrahimin dostu idi. Gündə üç-dörd dəfə telefonla danışmasa, işdən çıxandan sonra “Xalq qəzeti”nə gəlib ona salam verməsə evə getməzdi.

Bağda yaşadığım vaxtlar idi. Qış axşamlarının birində İbrahimin iş telefonuna zəng etdim:

- İbrahim, salam.

- Salam, Maka.

- Yaxşı borş bişirmişəm.

- Gəlirik.

İbrahim mənim bişirdiyim üç yeməyə etiraz edə bilmirdi. Biri kabab çəkməyimə, ikinci bişirdiyim borşa, bir də kartof, motal pendirin qırıntısı qatılmış vermişel-plova. Lap vacib işi olsa belə, atıb bizə gəlməliydi. Demə mən zəng edəndə Buludxanla Cavanşir də otaqdaymışlar. İbrahim də tez kreslosundan sıçrayaraq “Buludxan, Cavanşir getdik bağa, Mahir yaxşı borş bişirib” deyir. Bunu eşidən Buludxan üzünü turşudub deyir: “Nə? Borş?”.

Etiraz etməyinə baxmayaraq İbrahim onu “sən də “Şamaxinka"da düşüb gedərsən evə” bəhanəsiylə mindirir maşına. Üz alırlar Masazıra. Sükanın arxasında da Cavanşir olur. Yol boyu İbrahim ha illah eləsə də ki, “ay Buludxan, Mahirin borşu, sən yediyin borşlardan deyil. Gəl gedək sən də... Peşman olmazsan” desə də, Buludxan razılaşmayıb ki, razılaşmayıb. Mənim bişirdiyim borşun əleyhinə hələ bir-iki “antisovet” söz də söyləyib, lağa qoyub. “Mən plov yemirəm ki, bığım yağa batar, indi gecə yarısı gedib kakoy-to borş yeyəcəyəm?” deyərək. Beləcə gəlib çıxıblar “Şamaxinka”ya.

Birdən İbrahim Cavanşirə deyib ki, “saxlama, sür birbaşa Masazıra”. O da basıb qaza. Bundan sonra Buludxanın etiraz səsləri bir az da qalxıb. Amma nə tövr eləsə də, Cavanşirə maşını saxlatdıra bilməyib. Cavanşirin seyid cəddindən qorxaraq “cəddivə qurban olum” deyərək oturub sakitcə.

Mən isə süfrəni açıb bunları gözləyirəm. İri qazan borş, yanında ev tutmaları, zoğal arağı, xama, təndir çörəyi. Bir də eşitdim ki, darvazanın ağzında maşın dayandı. Səs-küy qalxdı. Bildim ki, gəldilər. Qaça-qaça darvazanı açmağa gedirdim ki, Buludxanın səsi lap zilə qalxdı. Əvvəl başa düşmədim nə məsələdir. Yavaşca qapını açdım. Buludxanın arxası mənə tərəf idi. Ona görə də hiss etmirdi ki, onu mən də eşidirəm. Amma İbrahimlə Cavanşir məni görürdülər. Buludxanın “çıxış”ını kəsmirdilər ki, mən də eşidim:

- Borş. Nə borş? Gecə vaxtı da borş olar. Heç olmasa kabab olsaydı deyərdim hə. Yoxsa ki, borş. Mahir nə borş bişirəcək ki, hələ bir şəhərdən basa-basa gəlmişik bu boyda yolu...

Birdən Buludxan İbrahimlə Cavanşirin gülməyindənmi şübhələndi, ya arxasında hənir hiss etdi. Arxaya çevrildi. Gördü ki, mən dayanmışam. Tez valı dəyişdi:

- Salam, canik. Necəsən? Borş hazırdır?


ÇAY, ŞOKOLAD, VİSKİ, QONAQLIQ

İbrahimlə Buludxanın qəribə bir dostluğu vardı. Aralarındakı ərk isə ikiqat artıq idi. (Mən ondan geri qalmırdım) İbrahimin kabinetinə girən kimi:

- İbrahim, bu nədir, qonaq gəlib, çay gətizdir.

Çay gəlirdi. Bu dəfə şokolad yada düşürdü. İbrahim şkafı açıb bahalı şokoladlardan götürüb doldururdu qənddana. Sonra qonaqpərvərliklə göz vuraraq “professor, yaxşı viski də var, süzüm?” deyəndə, Buludxan “çox yox. İyirmi-iyirmi” deyə cavab verərdi. İyirmi sonra yuvarlaqlaşıb “yüz” olurdu.

Buludxan Xəlilov Azərbaycan Pedaqoji Universitetinin Fililogiya fakültəsinin dekanı, professordur. Pedaqoqdur. İşdə o qədər ciddidir ki, üzündən...

Günlərin bir günü universitetin yanından keçəndə İbrahim dedi ki, gəl Buludxana dəyək. Demə məqsədi varmış. Məni də əvvəldən xali etdi ki, “alova nöyüt töküm”. Girdik binaya, qalxdıq 3-cü mərtəbəyə. Girdik dekanlığa. Otağa girən kimi:

- Professor, bu nədir, qonaq gəlib, çay gətizdir.

Mən isə “Yanında da moskovski şokolad” deyə əlavə etdim.

Buludxan da narahat halda, o biri otaqda olan işçilərinin, tələbələrinin eşitməsindən ehtiyatlanaraq:

- İbrahim, qadan alım. Bura universitetdir e, təhsil ocağıdır. Burda belə şeylər olmur.

- Viski də...

- İbrahim, viski nədir. Bura məktəbdir e, məktəb.

- Başa düşmədim. Onda belə çıxır ki, mənim otağım çayxanadır? Vsyo, sən gələndə mən də sənə çay verməyəcəyəm.

- İbrahim, qadan alım, sən jurnalistikaya baxma. Orda ayıb sayılmır. Amma biz tələbələrə təlim-tərbiyə veririk.

Otaqdan çıxdıq. Qucaqladı öpdü məni ki, sağ ol. Mən danışanda topa yaxşı güllə qoyurdun. Amma bu bir zarafat idi. Axşam yenə də bir yerdəydik. İbrahimin çaylı-şokoladlı, viskili, dostları ətrafında olan otağında. Belə bizim kasıb vaxtımızda olurdu. Şıxovda kütüm balığının qızartması, “Ağ şəhər” kafesində düşbərə, Göyçə xəngəlxanasını hələ demirəm.

İBRAHİMİN SEVDİYİ ŞEİR

Elə ki, iyirmi-iyirmi gillədirdik... üç dəfə iyirmidən sonra İbrahimin Buludxandan bir xahişi olurdu:

- Pofessor, qadan alım, Nəbatidən o şeiri de.

Buludxan müəllim də böyük həvəslə, intonasiyayla başlayırdı, nə başlayırdı:

Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?

Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
Ləli-ləbin əmim, sorum dilini,
İstər ölü canə gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,
İzzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?



MAKA

Mənə zarafatla Maka deyirdi. Bir dəfə Tbilisiyə getmişdik. Girdik “Xingal evi”nə.

Sifarişimizi verdik. Ofisiant qız yeməyi gətirəndə qeyri-iradi soruşdum:

- Devuşka, kak vas zovut.

- Maka.- deyə cavab verdi.

Demə gürcülərdə Maka qız adıymış. İbrahim gözünü mənə zillədi ki, görüm nə deyəcəyəm. Mən isə əvvəlcədən İbrahim məni çağıran kimi Maka deyə cavab verəcəyimi planlaşdırmışdım. Amma gördüm ki, belə alınmayacaq. Ona görə də özümü sındırmadan:

- A menya Makaka.

PS. Əziz dostumuz İbrahim! Ruhun şad olsun. Yerin yaman görünür. Hər şey qaydasına düşüb. O gün Buludxanın otağına getmişdim. Qabağıma çay da qoydu. Yanında şokolad, quru tut. Öz tort payını da mənə verdi. Meyvəni dilimlətdirib stola düzdü. Bircə viski yox idi. Əminəm ki, yaxın gələcəkdə o da olacaq.

O vaxtlar narazı-narazı bağda yediyi borşu yada saldı. Dedim ki, İbrahimdən sonra borş bişirmirəm. Nəbatini xəbər aldım. Dedi ki, Nəbatinin də o vaxtdan ilhamı ölüb. “Xalq qəzeti”ndəki otağında da çay quruyub. Məni də Maka deyə çağıran yoxdur. Bilirsən niyə? ÇÜNKİ SƏN YOXSAN!



Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi