Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistlik məni infarkt edəndə peşman olmuşdum” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistlik məni infarkt edəndə peşman olmuşdum” - RUBRİKA

Media

26 Dekabr 2014, 09:39


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Lider” TV-nin Qarabağ üzrə müxbiri Habil Aslanoğlu düşünür ki, televiziya insanı günaşırı öldürür: “Ağdamın Paşabəyli kənd orta məktəbini bitirdikdən sonra 1991-ci ildə Azərbaycan Pedaqoqji İnstitutunun Şuşa filialının Tarix fakültəsinə qəbul olmuşam. Tələbəliyim Birinci Qarabağ müharibəsinin ən ağır illərinə təsadüf etdi. Minlərlə şəhid meyiti gözümün önündə daşındı rayonlarına. İnstitutu qurtardıqdan sonra Bakıda fəhləlikdən tutmuş ofisantlığa qədər bir çox sahədə əppək qazanmağa çalışmışam. O zaman ən rahat işim çörək dükanında gecə satıcı-“oxran” vəzifəsində çalışmağım olub. Sonra rayona - Ağdama qayıtdım, öz kəndimizdə müəllim çatışmazlığı vardı. Bu səbəbdən 1998-ci ildə müəllimlik etməyə çalışdım. Elə həmin ildə məktəb rəhbərliyinin və Təhsil şöbəsinin təkidi ilə məni tədris işləri üzrə direktor müavini təyin etdilər. O zamanlar çox əziyyət çəkdim. “Müəllim necə olmalıdır” sualını özüm tapa bilməmişdim ki, bir də gördüm müəllimlərdən nəsə tələb etməliyəm... Amma nə tələb etməliydim? –bunu bilmirdim (gülür). Şükürlər olsun ki, Tanrının və mənə dərs deyən müəllimlərin köməkliyi ilə onlardan öyrənə-öyrənə işimi yerinə yetirdim.
Bu vəzifəm 2004-cü ildə Bakıda APA-çı Nurşən Quliyevlə “Gənclik” metorstansiyasının həndəvərində çay içən günədək davam etdi. Sevimli APA yeni yaranmışdı və məni Qarabağ üzrə müxbir təyin etmək istədilər. Yadımdadı, o vaxt heç sevinməmişdim, çünki atamın icazə verməyəcəyini bilirdim. Bunun üçün bacılarım və yeznələrimdən ibarət əməliyyat planı hazırladım və kişinin razılığını aldım... O da tam yumşalmamışdı, cəmi 3 aylıq işləməyimə icazə vermişdi (gülür). Vüsalə Mahirqızı və Nurşən Quliyevin jurnalist olmağımda zəhməti böyükdür... Onlar mənim müəllimim oldu. Bir il işlədikdən sonra efirin işıltısı məni aldadaraq özünə çəkdi. Birdə onda ayıldım ki, artıq “Lider” TV-nin Qarabağ müxbiriyəm və söyləməsi ayıb olmasın, işimi də bacarıram. Əhatəm genişləndi, dost-tanışın sayı artdı. Jurnalistlik peşəsi məni infakt edib xəstəxanalıq edəndə peşman olmuşdum, amma xəstəxanada bütün sevimli dostlarımı, “Lider”çiləri görəndə, “Lider” TV-nin prezidenti Ədalət Əliyevin xəstəxana xərclərimi öz üzərinə götürdüyünü eşidəndə çox sevinmişdim. Xərclənən xərcə yox, onların diqqətinə, sayğı və sevgisinə sevinmişdim. Tam səmimi, düşünmüşdüm ki, bax, elə indicə ölməyə dəyər. TV elə bir xəstəlikdir ki, adamı hər gün olmasa da, günaşırı öldürür, sonra dirildir (gülür). Bu arada jurnalistikada ən çətin işim atamı jurnalist işləməyimə razı salmaq olub”.

Jurnalist olmağı ağlının ucundan da keçirməyən Radio Antenn 101FM-in xəbər spikeri Əzizə İsmayılova səhv yığılan nömrə nəticəsində bu sahəyə gəlib: “İxtisasım dilçi-tərcüməçidir. Bakı Slavyan Universitetinin (BSU) Regionşünaslıq və tərcümə fakültəsində tərcümə ixtisası üzrə bakalavr təsili almışam. Magistr pilləsini “dilçi-tərcüməçi”, aspiranturanı isə “dilçi” kimi bitirmişəm. Universitetdə bir çox vəzifələrdə işləmişəm. BSU-da dilçiliyə yaxın olan “Lüğət mərkəzində” çalışmışam. Tərcüməçi kimi də elə universitetdə işləyərkən Tərcümə laboratoriyasında “Qədim Yunan Mifalogiyası”nın 1-ci hissəsini Azərbaycan dilinə tərcümə etmişəm. Amma sonra bu işlə məşğul olmamışam. İki ildir ki, Slavyan Universitetindən çıxmışam. İki il əvvələ qədər həm radioda, həm orada işləyirdim.
Jurnalistikaya gəlişim sırf təsadüf oldu. Mənim kimi bu sahəyə gələn yəqin ki, olmayıb (gülür). Səhv yığılan və ya səhv düşülən bir nömrə sayəsində burdayam.
Jurnalistikaya gəlmək barədə həyatım boyu nə düşünmüşəm, nə də ağlımın ucundan keçib. Əslində uşaqlıqda ən boyük arzum ədəbiyyat müəllimi olmaq idi. Jurnalistikaya gəlməyim isə belə olub:

Deməli, bir dəfə universitetdən işi yarımçıq qoyub icazəsiz-filansız evə gəlmişdim. Nəyəsə əsəbi idim. Adətən axşam saat 7-dən sonra evdə olurdum, həmin gün isə təxminən saat 3-4 arası evə gəlmişdim artıq. Birdən ev telefonu zəng çaldı. Götürdüm. Hansısa idarədən olub-olmadığını soruşdular. “Xeyr” dedim, - “yanlış düşmüsünüz”. Adam telefonu asdı. Təxminən 5 dəqiqə sonra yenidən zəng gəldi. Yenə həmin şəxs idi. Dedi: “Xanım, səhv düşdüyümü anladım. Olar, sizdən bir şey soruşum?”. “Buyurun” dedim. Əvvəlcə harda işlədiyimi soruşdu və söhbət uzandı. Söhbətin mövzusu isə bazardakı vəziyyətdən (qiymət artımı) başladı, dində bitdi... Telefondakı şəxs - oğlan, birdən mənə qəfl belə bir sual verdi: “Xanım, olar siz sabah filan ünvana gələsiniz, üz-üzə söhbət edək? Fikirləriniz mənə maraqlı gəldi”. Danışdığım adamın kimliyini belə, soruşmadan razılaşdım. Səhəri gün eyni saatda təyin olunmuş yerdə oldum. Bildim ki, sən demə bura ANS Şirkətlər Qrupunun İP idarəsi imiş. Oğlanla orda da bir xeyli danışdıq və mənə belə bir şey dedi: “Xanım, biz radiomuza, yəni ANS ÇM-ə xəbər aparıcısı axtarırıq. Sizin səsiniz məni tutdu. Biliyinizi də bəyəndim. Bizimlə çalışmaq istəyərsiniz?”. Şok oldum. Nə yalan deyim, heç vaxt belə bir şeyin arzusunda olmadığım üçün sevinmədim, amma nəsə qəribə hisslər keçirdim. Əlimə bir kağız verib məni ANS ÇM-ə göndərdi. Bildirildi ki, 1 ay təcrübə müddəti keçməliyəm. Amma 15-ci gün günorta saat 12-də ilk dəfə mikrofon qarşısına keçdim... və elə hər şey o gün başladı.

Əslində 1 aydan sonra efirə çıxmalıydım. Xəbərləri mən yığırdım, amma Şərqiyyə Hüseynova oxuyurdu. 15-ci gün idi. Şərqiyyə xanım saat 11:00 xəbərini oxudu, studiyadan çıxdı. 12-in yarısı idi, Şərqiyyə xanım Sabir müəllimlə (diktor Sabir Ələsgərli) söhbət edə-edə gəlirdi. İçəri girdi, birdən dedi ki, “hazırlaş, efirə çıxırsan”.

Əlim-ayağım əsdi: ”Şərqiyyə xanım, nə danışırsınız? Nə efir? Axı mən...”

– Çox danışma, efirə hələ yarım saat qalıb. Saat 12-də efirdəsən.

ANS-in qaydası belə idi ki, hər xəbərin əvvəlində həmişə birinci atəşkəsi oxuyurduq. İndi mən deməliyəm ki, “Ermənistan Silahlı Qüvvələri Vazaşen rayonundan mövqelərimizi atəşə tutub”. Özümü birtəhər təqdim etdim. Şərqiyyə xanım da studiyada yanımda oturub. Artıq studiyanı görmürəm, həyəcandan bütün studiya başıma fırlanır, məni tər basıb, Vazaşen sözü ağzımdan çıxmır. “Vaz, Vaz, Vaz” deyə-deyə qalmışam, dalı getmir (gülür). Sən demə, Seyfulla müəllim (Seyfulla Mustafayev) də bu vaxt xəbərlərə qulaq asırmış. Efirdəki bu mənzərəni eşidib özünü efir məkanına çatdırıb. Prodüsser otağından mənə baxırmış. Birdən başımı qaldırdım ki, Seyfulla müəllimi görüncə sanki ikinci həyəcandan dilim açıldı və nəhayət ki, “Vazaşen” sözü ağzımdan çıxdı, dərindən bir nəfəs aldım. Xəbərləri bitirdim. Nə oxudum, nə qədər oxudum, necə oxudum heç nə xatırlamıram. Seyfulla müəllim nə söyləyəcək deyə, içimi yeyirəm. Seyfulla müəllim sərt görünsə də, təbiətcə mülayim insandı. Əlini yavaşca çiynimə toxundurub “qızım, narahat olma, hamı belə başlayır, yaxşı olar” dedi. Bəzən düşünürəm o gəlməsəydi yəqin elə “Vaz” edə-edə qalardım (gülür).

İlk efirim belə oldu. Əlbəttə, yavaş-yavaş işləməyə başladım, alışdım.

Gündəlik iş rejimim ağır idi radioda, ikinci növbə çalışırdım. Səhər universitetdə, saat 4-dən sonra isə radioda işləyirdim. Gecə saat 12-də efir bitirdi. Şirkət maşını bizi evimizə çatdırınca, saat gecə 1-2 olurdu. Gördüm ki, bu qrafik mənim üçün çox çətindi. Çox yorulurdum. Günlərin bir günü yenə belə gecə vaxtı şirkət maşını işçiləri evə apararkən operatorlardan birini evə düşürəndə Radio Antenn-in sən demə yaxınlığımızda yerləşdiyini gördüm. Həm yaxınlığına, həm də iş qrafikinə görə baş vurmağa qərar verdim. Bəxtim ayaq üstə imiş, alındı (gülür)

Beləcə, mənim Radio Antenn 101FM-də fəaliyyətim başladı. Xəbər spikeri olmaq elə bir missiyadır ki, prinsip etibarilə fərqi yoxdur, harda işləyirsən, amma fərqli bircə odur ki, sən radioda işləyirsən. Radio efirdən sənin oxuduğun xəbəri eyni anda minlərlə insan eşidir. Səni görmədən, bilmədən oxuduğun xəbərin beyində süjetini qururlar. Radio həqiqətən, tam başqa bir aləmdir. Xəbər aparıcısı olmaq isə çox məsuliyyətli bir işdir. Mikrofon qarşısına keçməyən insan onun nə olduğunu bilə bilməz. Məsələn, mən radionu heç vaxt televiziyaya dəyişmərəm. Çünki radio çox sirli bir dünyadır. TV-də fikir çəkəcək amillər çoxdu. Bəzən tamaşaçı kadra baxır heç nə dediyini eşitmir belə. Radio isə başqadır. Burda yalnız səslə dinləyicini özünə cəlb edə bilirsən.
Jurnalistikaya  gəldiyimə görə də peşman deyiləm”.

APA TV-nin əməkdaşı Gülnarə İlham uşaqlıqdan arzuladığı sahədədir : “2006-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Magistraturada “Azərbaycan ədəbiyyatı” ixtisasını seçdim. Doktoranturada götürdüyüm mövzunun gələcəkdə mənə uğur gətirməyəcəyini düşünüb elmi işimi dayandırdım. Öz ixtisasım üzrə bir gün də işləməmişəm. Hərdən təəssüflənsəm də jurnalistikaya olan həvəsim məni fikrimdən daşındırır. Yadımdadır, 4 yaşımda mənə ağ don geyindirib və əlimə mikrofon verib çoxlu insanların qarşısına çıxardılar. Səməd Vurğunun “Azərbaycan” şeirini dedim. Sonra məni səhnədən düşürə bilmirdilər. Mikrofonu heç kəsə vermirdim. İndi bunları maraqlı və şıltaq xatirə kimi xatırlayıram. Hərdən o hadisə yadıma düşəndə gülümsünüb fikirləşirəm ki, bu günüm üçün əməlli-başlı “mübarizə” aparmışam.
Jurnalistikada elə də böyük iş təcrübəm yoxdur. 2009-cu ilin sonları idi. “Aztv Mədəniyyət” kanalının yaranması ilə bağlı xəbər oxudum. Bacımın bir neçə tələbə yoldaşı AzTV-də işləyirdi. Üstəlik onun müəllimi sənətşünaslıq doktoru, professor İlham Rəhimli həmin kanalda “Maarifçilik” redaksiyasında baş redaktor idi. Bir neçə yazı apardım, yazımı bəyənib məni işə götürdü. Bu gün də fəxrlə deyirəm ki, AzTV məktəbi keçmişəm. Hazırda APA TV-də işləyirəm. Kanal ilk açıldığı gündən burada çalışıram. Sevinirəm ki, hər iki iş yerim mənə uğur gətirib və gözəl dostluqlar qazandırıb. Uşaqlıqdan arzuladığım sahədəyəm. Ən xırda peşmanlığım belə olmayıb. Peşmanlığım neçə illərdən sonra geriyə baxıb “niyə vaxtında bu işi görməmişəm” dediyim zaman olacaq. Ona görə də var gücümlə çalışıram ki, heç vaxt bu sözü deməyim”.

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Günel Cəlilova öz ixtisası üzrə işləməyə qəti şəkildə etiraz edib: “Mən ixtisasca filoloqam. Universitetin (BDU) filologiya fakültəsinin qiyabi şöbəsini bitirmişəm. Ali təhsilimi qiyabi aldığım üçün işləmək istəyirdim. Onu da qeyd edim ki, jurnalistikaya marağım məktəb illərindən olub. Ailəmdə jurnalist yoxdur. Atam hər gün evə “Hürriyyət” qəzeti alıb gətirərdi. Qəzetdə yazılan məqalələri oxuyaraq yazı yazmaq, teleaparıcılara baxıb onlar kimi səlis danışmaq, müsahibə suallar vermək həvəsi yarandı. 2-ci kursda oxuyan zaman “Bakı-Xəbər” qəzetində işləməyə başladım. Elə ilk yerim də “Bakı-Xəbər” qəzeti olub. 2006-ci ildə qəzetə iş üçün müraciət edən zaman məni operator kimi işə götürdülər. Sonra gördüm ki, operatorların işi gec qurtarır və mən jurnalist kimi fəaliyyət göstərməyə başladım. Baş redaktorumuz Aydın müəllim də sağ olsun, o zaman mənə dəstək oldu. İlk olaraq kiçik xəbərlər, şikayət məktublarını yazmağa başladım. İxtisasca filoloq olmağıma baxmayaraq, heç vaxt o sahəyə marağım olmayıb. Ailə üzvlərim bir neçə dəfə mənə müəllim işləməyimi təklif ediblər. Amma qəti şəkildə etiraz etmişəm.
2009-cu ildə şəxsi məsələlərə görə jurnalistikadan ayrıldım. Ayrı olduğum müddətdə özümü sudan çıxmış balıq kimi hiss edirdim. O dönəmdə də mənə bir çox yerdən iş təklifi gəldi, amma yenə də öz doğma qəzetimə və sevdiyim peşəmə qayıtdım. İşimdən çox məmnunam”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi