Mahir Qabiloğlu
Sizə nəzəriyyə dərsi keçməkdən uzaq olsam da, Azərbaycan jurnalistləri özlərini müxtəlif sahələrə bölürlər. Biri deyir qəzet-jurnal jurnalistiyəm, o biri deyir telejurnalistəm, repotyoram, jurnalist-aparıcıyam. Hələ yeni yaranan sayt, internet televiziya, radio jurnalistikasını demirəm. Bütün bu sahələrin içində AzTV-nin “Xəbərlər” redaksiyası tam fərqlənir. Burada əzəldən elə bir qayda təsdiq olunub ki, istəyirsən sədr dəyişsin, baş redaktorlar bir-birini əvəzləsin, Arif Alışanov kimi köhnələri çıxarıb yerinə təzələrini gətirən gəlsin - xeyri yoxdur. AzTV-nin “Xəbərlər”i Azərbaycan jurnalistikasının ayrıca, tədqiq olunmayan, heç kimin də dəyişdirə bilməyəcəyi bir sahədir. Bu gün də “Xəbərlər” proqramına baxanda mən özümü orada – çəkilişdəmi, montajdamı, bir sözlə iş prosesində hiss edirəm. Mahiyyətcə heç nə dəyişməyib. Dəyişən insanlar, texnika, avtomobildir. İlk baxışdan baxanda və mənim yazdıqlarımı oxuduqdan sonra deyəcəksiniz ki, “Xəbərlər”də işləməyə nə var ki?
Əsla. Kənardan nə qədər bəsit və sadə görünsə də, AzTV-nin “Xəbərlər”i çox qəliz, özünəməxsus daxili ziddiyyətləri olan, mürəkkəb iş şəraitli bir redaksiyadır. Çünki özüm 11 il bu qazanın içində qaynamışam və çox şadam ki, həm də bişmişəm. Mən tək deyiləm. Biz çoxuq. Siyasi cəhətdən yetkin, senzurası qanında olan, hadisələrə açıq gözlə baxan, tamaşaçıya çatdıranda xəsisliyə yol verən, bir gözünu korluğa, bir qulağını karlığa vuran “Xəbərlər” redaksiyasının işçiləri bu gün də müxtəlif sahələrdə aparıcı qüvvəyə malikdirlər. Çox şeyləri görüb şahidi olublar, lentin yaddaşına köçürüblər. Lentləri televiziyanın arxivinə, gördükləri hadisələri isə yaddaşlarının heç vaxt açılmayacaq arxivlərinə göndəriblər. İçərilərindən bir az ərköyünü mən çıxmışam. Hərdən “arxivim”dən oğurluq edib yayımlayıram.
Deyirlər ki, AzTV məktəbdir. Bütün özəl televiziyalar onun “şinelindən çıxıblar”. AzTV-nin “Xəbərlər”i isə xüsusi məktəbdir. Hər adamı bu məktəbə götürmürlər. Hər adam da burda çox tab gətirib işləyə bilmir. Burda jurnalistə tələbə kimi aldığı təhsilin praktikasını yox, yazılmayan qanunları öyrədirlər. Birinci yazdırırlar, sonra isə artıq sözləri də özünə pozdururlar. Ona görə ki, özün başa düşəsən ki, nəyi yazmaq olar, nəyi olmaz.
Mən 30 yaşlı Mahir də 1996-cı ildə gəlib bu kollektivə düşdüm. Sizcə “Xəbərlər”in Sakit Ocaqlı, Akif Məcidoğlu, Gülsəfa Əhmədova, Qərənfil Xəlilova, Mülatif Adurov, Akif Təvəkküloğlu, Bahadır Şəfi, Əli Nəcəfxanlı, Esmira Çərkəzqızı, Natiq Abdullyev, Azad Müzəffərli kimi oturuşmuş, öz iş manerası olan jurnalistləri arasında o günəcən jurnalistikanın nə olduğunu bilməyən mən nə etməliydim?
Əlbəttə ki, Lenin demişkən “Öyrənmək, öyrənmək, yenə də öyrənmək”. Hərəsindən azca bir şey götürə bilsəydim qiymətim olmayacaqdı. Amma onlardan əsasən ikisinin iş üslubu mənə daha doğma gəldi. Hər ikisinin 2015-ci ildə 60 yaşı tamam olur. Hər ikisinə bir təbrik-məqalə borcum olacaq. Biri ilin əvvəlində, o biri sonunda. Akif Məcidoğlu yanvarın 6-da anadan olduğu üçün Sakit Ocaqlıdan qabağa düşdü.
Akif Məcidoğlu kimdir
Xırdalıqlara çox da varmayım. Hamı kimi o da orta məktəb bitirib. Əcgərlikdə olub. Ali təhsil alıb. Evlənib. Və nəhayət Azərbaycan Televiziya və Radio Verilişləri Dövlət Komitəsinə işə düzəlib. Yox, elə bilməyin ki, ora göydən düşüb. Atası Məcid kişinin görkəmli dövlət xadimi Əziz Əliyevlə doğma əmioğlu olması şəhər yerində Akifin dadına çatıb. Əziz Əliyevin bacısı oğlu, o vaxt nazir vəzifəsində çalışan Qurban Əliyevin qohumbazlıq tapşırığı ilə onu radioda ştatadankənar çalışdığı AzTV-yə işə, yəni ştata götürüblər. Yox, böyük vəzifə almayıb. Əvvəl filmotekada, sonra dublyajda və başqa redaksiyalarda ilk addımlarını ataraq nəhayət “Xəbərlər”in müxbiri olub. Amma mənim ona müxbir deməyə dilim gəlmir.
Xüsusi tapşırıqlar üzrə...
Dövlət sistemində belə bir ifadə var. “Xüsusi tapşırıqlar üzrə... ”. Akifi əsasən başqalarının yarıda bilməyəcəyi çəkilişlərə göndərirdilər. O yerlərə ki, başqaları gedəndə kamerasını sındırıb, üz-gözünü əzişdirirdilər. Akif ora sağ gedib salamat qayıdırdı. Hələ üstəlik tənqidi süjetini verib, aləmi də qatırdı. O jurnalistdən çox reportyor idi. Risk etməyi xoşlayırdı. Bəlkə xatirələrə daha çox yer verim, sizə də maraqlı olsun.
Tərəzinin daşı başımıza dəysəydi...
Standartlaşdirma, Metrologiya, Patent üzrə Dövlət Agentliyi təzə yaradılmışdı. İlk növbədə ticarət obyektlərində tərəzidə aldatmalara son qoyulmalıydı. Yəni ki, elektron tərəzilər tətbiq edilməliydi. Xüsusilə də bazarlarda. Amma proses çox ağır gedirdi. Ona görə də Agentliyin rəhbərliyi bizə müraciət etdi. ( Niyə “bizə” yazdım? Çünki AzTV-də işlədiyim11 ilin son 6 ilini mən Akif müəllimlə ruslar demişkən “naparnik” olmuşam).
Nəsə səhər tezdən getdik Agentliyə. Sədr Xalidə Məsimova məsələnin ciddiliyini bizə izah elədi. Yəni ki, tərəzi daşlarının çəkisini azaltmaq üçün içini oyub mum doldururlar, plombu qırıb tərəzinin içərisində “xüsusi əməliyyatlar” keçirirlər. Bir sözlə müştərini çəkidə aldadırlar. Biz də bunları Agentlik işçiləriylə aşkar edib kameraya çəkməli və göstərməliydik. Mindik maşınlara. Hara gəlsək yaxşıdır? Akiflə hər gün işdən sonra bazarlıq etdiyimiz, evimizin yanındakı Təzə bazara. Akif bir mənə baxdı, bir də operatora. Operator dedi ki, “zəng elə icazə al. Bu yaxında kameranın birini burda balıqsatanlar sındırıb. İcazə almasan girməyəcəyəm bazaar”. Biz də yaxşı bilirdik ki, icazə alsaq, gərək geri qayıdaq. Agentliklə də bütün əlaqələri kəsək. Çünki adımızı qorxaq qoyacaqdılar. Bir təhər operatorumuz Çingiz Orucovu yola gətirdik. Qabaqda Akif - əlində mikrafon, ortada operator, arxada isə mən və agentliyin işçiləri. Onlardan bircə xahişimiz oldu ki, dava düşsə kameraya ziyan dəyməyinə imkan verməsinlər. Yoxsa pulunu onlara ödətdirəcəyik.
Gəldik dayandıq bir narsatanın yanında. Agentlik əməkdaşları hansı tərəzi daşını götürdülərsə, gördülər ki, içi oyulub. Bunu Akifə izah edə-edə müsahibə verirdilər. Satıcılar da bizi dövrəyə alıb qulaq asırdılar. Amma cınqırları çıxmırdı. Birdən Akif mikrafonu narsatana çevirib “niyə camaatı aldadırsan?” sualı vermişdi ki, satıcının dəliliyi tutdu. Ən böyük tərəzi daşını əlinə götürüb başladı üstümüzə qışqırmağa ki, “bəs rədd olun! Yoxsa bunu çırpacam təpənizə”. Bir an sakitlik yarandı. Bu vaxt isə gördük ki, başında buxara papaq olan yaşlı bir kişi, əlindəki əsanı yellədə-yellədə, söyə-söyə gəlir düz üstümüzə. Dedim ki, “vsyo, batdıq. Kamera nədir? Bizi də “spisat” edəcəklər”. Yaşlı kişi Akifə yaxınlaşanda əsanı qaldırıb Akif müəllimə yox, narsatana bir dənə qoydu. Əlindəki daşı alıb “Alə, sən Akif müəllimə əl qaldırırsan? Bu daşı çırparam başına, onda bilərsən ki, Akif müəllimə əl qaldırmaq nə deməkdir?” dedi. Dərindən nəfəs aldım. Sonra da göstəriş verib, bir adam da ayırdı ki, bizi müşayiət etsin. Çəkilişimizi rahatcana elədik.
Akifi isə bu süjetə görə tərifləmək əvəzinə, yaxşıca məzəmmət elədilər. Təzə bazar isə elektron tərəzi sisteminə keçənlər sırasında ilk oldu.
“Novostroyka” sözü
Böyük məsuliyyətlə və fərəhlə deyə bilərəm ki, “novostroyka” sözünü Akiflə mən dəbə salmışıq. Necə? Deməli Bakıda sovet vaxtından hasara alınmış, nəzarətsiz sahələr, yarımçıq qalmış tikintilər vardı. Zibilxanaya çevirmişdilər. Nə yiyə duran vardı, nə də bir şey tikən. Çəkilişimizin adını “Yarımçlq tikililər” qoyub icazəni aldıq. Birinci getdik Hüsü Hacıyev küçəsinə, Passaj bazarının böyründəki hasara alınmış zibilxana, antisanitariya mərkəzinə. Rahatca çəkdik. Verdik efirə. Səhəri qırğın düşdü. “Qırğın” bizim leksikonumuzda “reaksiya oldu” deməkdir. Bir də gördük ki, başladılar ərazini təmizləməyə, bünövrə qazmağa. Yenə getdik çəkdik. Adını da qoyduq “tənqiddən nəticə”. Ordan yollandıq Ayna Sultanovanın heykəlinin arxasındakı hasara alınan əraziyə. Oranı da çəkdik. Iki gün keşmədi ki, orada da zibillikdən əsər-əlamət qalmadı. Yerində iki dənə “novostroyka” tikməyə başladılar. “Azərbaycan Televiziyasının tənqidindən nəticə çıxartdılar” adı ilə gedib o ərazidən daha bir süjet də hazırladıq. Ordan getdik Fətəli xan Xoyski küçəsi, İdman Akademiyasının yanı, Sərhəd Qoşunlarının hospitalı ilə üzbəüzdəki yarımçıq tikiliyə. Çəkdik verdik. Orda da iki, müasir bina ucaltdılar. Nə isə beləcə başladıq Bakımızı gözəlləşdirməyə. Üç otaqlı, 120 kv.m-lik mənzil 18 min dollara idi. Hamısı da təklif edirdi ki, siz də hərəyə aşağı qiymətlə bir mənzil götürün. Pulunu da tikə-tikə ödəyərsiniz. Heyf ağlımız olmadı. Yoxsa bu dəqiqə Akifi “Syoma” yox, milyoner Akif, məni də evdar kişi yox, milyoner Mahir çağırardılar. Mövzudan kənara çıxmayım.
Bakıda tikilməyə başlayan bu evlərdəki mənzillər bir ilə başa gəlməklə elə bünövrədən də alınırdı. Ona görə də gəlirli sahə sayılaraq tikinti bumu başladı nə başladı. AzTV-nin bu süjetləri Prezident Heydər Əliyevin də xoşuna gəlmişdi. Çıxışlarının birində verdiyi qiymət bizi daha da ruhlandırdı. Rəsmi olmasa da, özümüzü Bakı şəhər İcra Hakimiyyəti başçısının ştatdankənar müavinləri hiss etməyə başladıq. Antisanitariya mərkəzləri, küçə ticarəti, qanunsuz tikililər, bərbad yollar, əhalidən gələn şikayətlər, ağacların kəsilməsi. Bu barədə nə məlumat olurdusa, bizə zəng edirdilər. Dost-tanışların sayı çoxalırdı. Əlbəttə ki, tənqidi süjet efirə gedəndən sonra. Atalar “Qanı suyla yuyarlar” deyib. Biz isə tənqid etdiyimiz, bizdən inciyən adamlarla incikliyimizə yemək-içmək məclisi arxasında son qoyurduq.
Nahid Kabakçı
Nahid Kabakçı adlı bir türk iş adamı (Allah rəhmət eləsin) vardı. Köhnə avtovağzalın yerində tikilən “Natəvan” mərkəzinin sahibi idi. Müxtəlif gözəllik yarışmaları keçirirdi. Günlərin bir günü Akif dedi ki, “bəs Nahid Kabakçı zəng etmişdi. Bizi çağırır, özü də kamerayla”. Getdik. Gördük ki, ağlamağa qalıb. (bir az artistliyi vardı). Demə hara müraciət edibsə, mərkəzə bitişik, daha doğrusu Mehdi Hüseynzadənin heykəli yerləşən bağla bunun idarəsinin arasında olan bərbərxana köşkünü götürmürlər ki, götürmürlər. Əraziyə nəzər yetirdik. Gördük ki, doğurdan da budka yeri deyil. Çəkdik. Səhəri zəng gəldi:
- Akif, sən böyük adamsan. JEK-ə dedim xeyri olmadı, İcra Hakimiyətinə dedim qulaq asmadılar. Sən televizorda üç kəlmə dedin, budkanı götürdülər. Sən icra başçısından da böyük adamsan. Gəl gözləyirəm səni...
AzTV-nin Qənirəsi
Üz tutmuşduq Suraxanı rayonuna. Getdik birbaşa Suraxanı rayon İcra Hakimiyyətinə. Natiq müəllim bizi böyük hörmətlə qarşıladı. Çəkiliş etmək qərarımızı dedik. O da telefonu götürüb kiməsə zəng elədi.
- Akif müəllim gəlib. Yanımdadır.
- ........
- Hansı Akif müəllim? AzTV-nin Qənirəsi. (ANS-çi Qənirə Paşayeva nəzərdə tutulur- red.).
- Nə Qənirə, Natiq müəllim. Qənirə xanım ANS-in Akifidir.- deyə Akif ondan əvvəl televiziyada işlədiyinə işarə etdi. Gülüşdük. Amma bu sözün cəriməsi iki qat oldu.
İkisi də gözəl jurnalistimizdir. Həm Akif Məcidoğlu, həm də Qənirə Paşayeva. Bir mənfi məsələ aşkar etdilərsə, sonunacan getməliydilər.
ardı var