Modern.az

İctimai Televiziyanın bir verilişi - VİDEO

İctimai Televiziyanın bir verilişi - VİDEO

Media

18 Yanvar 2015, 17:05

Keçmiş televiziya işçisi kimi Azərbaycanın televiziya məkanında istehsal olunan verilişlərə xüsusi  diqqətlə baxıram. Əsasən də informasiya proqramlarına. Paralel olaraq da Rusiyanın NTV, ORT, DTV, TNT kanallarının daimi tamaşaçısıyam. Təsəvvür edərsiniz ki, ortada nə böyük uçurum var da? Neynəyək ki, reallıqla barışmalıyıq. Burada obyektiv və subyektiv səbəbləri mən də başa düşürəm.

Günlərin bir günü bir operatorumuzla çəkilişə getmişdim. Nəsə pis çəkmişdi. Abrını bükdüm ətəyinə. Lakin axırda bir sualımın qarşılığında verdiyi cavab məni “pat” vəziyyətinə saldı. Mən deyəndə ki, “ay imperator, (operatora imperator deyirdik) niyə axı sən Rusiya televiziyalarındakı operatorlar kimi çəkmirsən? Axı o da, sən də eyni məktəbi keçmisən… Kameralar da ki, eyni...” Cavabı qısa oldu: “Sən də mənə ona verilən yüksək məvacibi, 2000-3000 dolları ver, sonra baxaq kim yaxşı çəkir?”.
Arqument tutarlı idi. Bir tənqidi material çəkməyə, yaxud da ki, mitinqə gedəndə görürdün ki, operator ya “cücə”yə dönür, ya qaçıb yoxa çıxır. Arqument yenə də tutarlı olurdu: “Məni vursalar, yaralasalar müalicə pulumu verəcəksən? Başıma bir iş gəlsə ailəmə baxacaqsan?”.
Haqlı idilər. Çünki, dəfələrlə kötək yemişdilər, kameraları sındırılmışdı. Cərimələnən isə onlar olmuşdu ki, bəs niyə “kameranı zərbə altına qoymusan?”. Hətta buna görə töhmət də almışdılar... Bütün bu tənələri müxbir, rejissor, montajorlar və digər texniki işçilər də qazanırdılar.

Məqsədim televiziyaların fəaliyyətinin müzakirə etmək deyil. Buna nə həvəsim var, nə də artıq əsəbim. Həm də ki, bu verilişləri hazırlayanlar mənim çox yaxşı tanıdığım həmkarlarımdır. Gəlib tutacaqlar yaxamdan ki, “ay Mahir, axı sən çox gözəl bilirsən ki, məsələ nə yerdədir? Maaş yox, kamera yox. Bütün çəkiliş qrupu da sənin əlinə baxır. Benzin pulu uman sürücüyə qədər. Məgər sən bunları bilmirsən? Axı sən 11 il bu yollları bizimlə bərabər keçmisən? Bilmirsən ki, qalmışıq belə. Bilmirik ki, pul dalıyca, ya reklam, sponsor dalıyca qaçaq, yoxsa verilişin keyfiyyətinə nəzər yetirək?”. Rüstəm bəy Məşədi İbada pul dağarcığı tək baxdığı kimi, ssenari müəlifləri də obyektə o cür baxırlar. Baxmalıdırlar da, çünki onlar da əməklərinin qiymətləndirilməsini istəyirlər. Bu məsələyə bir az sonra qayıdacağam.

28 oktyabrda televizora baxırdım. Baxmırdım, pult əlimdə kanalları gəzirdim. Adətim üzrə 1-ci Azərbaycan televiziyalarını gəzirəm. Bir şey tapmayanda keçirəm Rusiya kanallarına. Ora isə dəryadır, ilişib qalırsan. Bizim öyrənməli olduğumuz çox şey var.


Köhnə işçiləri bəyənmirik, təzələr də şoudan başqa heç nə bilmir. Nə isə qayıdım mətləbə. İctimai Televiziyada təsadüfən bir başlıqla rastlaşdım. “Bir mahnının tarixçəsi”. Dedim indi yəqin yenə də ucuz reklam qazanmaq üçün başlayacaqlar ki, filan müğənni Gürcüstanda klip çəkdirdi. Və ya yıxıldı qolu cızıldı. Filan müğənninin qızları boşandı. Filan müğənni ana oldu, o biri nənə adına layiq görüldü. O biri boşandı, bu birisə evləndi. Hələ avariyaya düşüb burnu da qanamayanı demirəm. Belə “möcüzə” indiyədək baş verməyib. Lakin ilk anda şair Ənvər Əlibəyli ilə cərrah İbrahim Topçubaşovun adının çəkilməsi, onların sirli dünyasından danışılacağı bir tamaşaçı kimi diqqətimi çəkdi. Veriliş “Söz olmasaydı” mahnısından gedirdi. Şair Ənvər Əlibəyli, ecazkar ifasıyla Şövkət Ələkbərova öz yerində.

Bəs görəsən İbrahim Topçubaşovun – məşhur həkimin mahnıya, sənətə nə aidiyyatı. Bu ssenari müəllifi Könül Arifqızının bir “priyomu” idi – tamaşaçı cəlb etmək məharəti. Artıq digər kanallara çevirməkdən vaz keşmişdim. 45 dəqiqəlik verilişə axıradək baxdım. Hətta müəlliflərin adını da qeyd etdim və bu məqaləni yazmağa qərar verdim. Əvvəlcədən deyim ki, “Əhsən!”. Birincisi, loru dildə desək, verilişin xammalı zəngin idi. Şair Ənvər Əlibəyli, bəstəkar İbrahim Topçubaşov və Şövkət Ələkbərova triosunun sənət dünyası. Verilişə cəlb olunan obyektlər – mərhum sənətkarların övladları, İntiqam Qasımzadə, Mənsum İbrahimov, Təyyar Bayramov, Abbas və çox da populyar olmayan digər iki xanım ifaçı. Və onların çox savadlı, dolğun fikirləri. Veriliş boyu müxtəlif suallar doğurdu. Və sanki müəllif bütün bunları duyurdu. Yox duymurdu, sadəcə olaraq verilişin sxemin elə qurmuşdu ki, tamaşaçıda o suallar doğsun və o suallara da cavab tapmaq üçün də bütün verilişi izləsin. Mən də verilişə sonadək baxdım. Bütün suallarıma cavab tapdım. Demə həkim Topçubaşov həm də gözəl bəstəkar imiş. Ənvər Əlibəyliylə onları həm də ailə telləri bağlayırmış. Bu mahnını ilk dəfə pianoda çox yaxşı tanıdığım Böyükağa Qasımzadənin qızı Lalə ifa edibmiş. İlk dəfə bu mahnı qonşumuz Mirmehdi Seyidzadəgildə - qonaqlıqda səslənibmiş. İlk dəfə onu geniş publikaya Şövkət Ələkbərova çatdırıbmış.

Sonralar bu mahnını çox müğənnilər oxuyub. Lakin verilişin müəllifi onlardan yalnız altı ifaçını verilişə dəvət edib, o biriləri isə sadəcə xatırlamaqla kifayətləndi. Bu da onun yüksək musiqi zövqündən xəbər verir. Mahnının beynəlxalq aləmdə uğuru, Türkiyədə, İranda sevilməsi. Axırda isə iştirakçıların mahnı haqqında son notları. Səmimi və ürəkdən gələn sözlər. Necə deyərlər tamamilə doydum. İnformasiya proqramının işçilərinin həsəd aparacağı qədər informasiya bolluğu. Vaxtı uzatmaq naminə mahnıları bütöv vermək və sairə metodlardan istifadə etməmək. Aparıcı və ssenari müəllifi Könül Arifqızının iştirakçıların sözlərinə qüvvət vermək və kadrlararası körpü rolu oynayan haşiyələri… Onu da qeyd edim ki, aparıcının çəkildiyi məkan da təsadüfi seçilməyib. Musiqiçilərin, şairlərin, sənət adamlarının çox sevdiyi və toplaşdığı məkan – keçmiş “Qubernator bağı” verilişin ansamblını tamamlayıb. Kadrların tapılması, seçilməsi və musiqi tərtibatı... Bu isə rejissor Nəsimi Məmmədoğlu və bütünlükdə çəkiliş qrupunun uğurudur. Füzuli İsmayılov, Əməkdar jurnalist Natiq Abdullayevin redaktorluğu da öz yerində.

“Söz olmasaydı”- kiçik bir mahnı haqqında 45 dəqiqəlik bir veriliş... Vaxt çox tez keçdi. Çünki maraqlı idi. Bir cəhət də diqqətimi cəlb etdi. Verilişdə nə Ənvər Əlibəyli haqqında böyük şair, nə İbrahim Topçubaşovun haqqında böyük bəstəkar, nə Şövkət Ələkbərova, Gülağa Məmmədov haqqında korifey sənətkar, nə Mənsum İbrahimov, Təyyar Bayramov və digərləri haqqında bayağı təriflər, təyinlər eşitdik. Mahnını eşitdik və bu fonda onların böyüklüyünü hiss etdik.

Bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Televiziya rəhbərləri həm gözəl veriliş hazırlayana, bunun müqabilində həm də reklam gətirənə böyük ehtiramla yanaşırlar. Bu günümüzün tələbidir. Bütün bu məsələləri sadalmaqda məqsədim var. “Space” kanalının rəhbəri, 20-ci əsr Azərbaycan sənədli telviziya filminin ən gözəl yaradıcısı Vaqif Mustafayevin bir gözəl sözü var. Deyir ki, televiziya pultu çox pis şeydi. Bir verilişə baxırsan, reklam gələn kimi deyirsən ki, çevirim başqa bir kanala görüm orada nə var? Keçirsən o biri kanala nəsə bir başqa bir maraqlı veriliş görürsən. Baxdığın veriliş yaddan çıxır. Vaqif müəllim onu da düz deyir ki, maraqlı veriliş olsa, heç kim kanalı dəyişmir, hətta reklamlar, anonslar uzun olsa belə. “Bir mahnının tarixçəsi” də mənim üçün belə verilişlərdən biri oldu. Əsasən reklam yerləşdirənlər informasiya proqramlarının əvvəlini, ortasını və axırını hədəf seçirlər. Təsadüfi deyil ki, bu ərəfədə gedən reklamların dəqiqəsi də baha olur. Lakin “Bir mahnının tarixçəsi” verilişi gecə saat 11-də verilməsinə baxmayaraq kifayət qədər reklam yığmışdı. Bu da verilişin kommersiya uğurundan xəbər verirdi. Verilişin sponsoru isə yox idi. Çünki verilişin personajlarının çəkisi hər hansı sponsorun ayıracağı qiymətdən yüksək idi. Qısa desəm qiymətsiz idi. Deməli sadəcə maaş almaqla, xırda məsrəflərlə gözəl, səviyyəli verilişlər hazırlamaq olar. İstək olsa. İctimai Televiziyada belə verilişlər çoxdur. Mən sadəcə birindən danışdım. Uğurundan danışsam da, bir iradımı da qeyd etmək istərdim. Bu cür gözəl, həzin verilişdən sonra kriminal, ölüm xəbərləriylə dolu proqramın  efirə çıxması heç yerinə düşmədi. Məşədi İbad demişkən: “Heç hənanın yeridir”.

P.S. Mən bu yazını 6 il bundan əvvəl yazmışam. Həmin gündən də bu mahnı qəlbimdədir. Əvvəllər də eşitmişdim bu mahnını. Amma veriliş onu mənə yenidən bəxş etdi. Belə nəticəyə gələmək olar ki, xırda maliyyəylə də gözəl verilişlər yaratmaq olar. Əsas televiziya sədrinin gözəl komanda yığmasından asılıdır. İnanmırsınız, siz də baxın.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi