Tanınmış jurnalist Sevinc Osmanqızı Nərimanov rayon Məhkəməsində barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edib.
Qeyd edək ki, bir neçə gün öncə Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən sonuncu iclasda S.Osmanqızının vəkili Tamilla Ələkbərova müvəkkilinin prosesdə iştirak edə bilməyəcəyini deyib.
İddiaçı tərəf - Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun vəkili isə cavabdeh jurnalistin iştirakı olmadan da məhkəmənin keçirilməsinə razı olduqlarını bildirərək, eyni zamanda prosesin qapalı davam etdirlməsini istəyib.
Sevinc Osmanqızı Modern.az-a açıqlamasında haqqında açılan cinayət işinin qapalı keçirilməsi qərarını pisləyib. "Bu, cinayət işini ictimaiyyətdən gizli saxlamaq, bağlı qapı arxasında qərar qəbul etməkdən ötrüdür. Mənim ictimaiyyətdən heç bir gizli əməlim yoxdur. Bütün həyatımı Azərbaycana həsr etmişəm. Əgər məni nədəsə günahlandırırlarsa, bunu açıq etsinlər. Bu, siyasi motivlərlə açılan cinayət işidir və onun məqsədi məni qorxutmaq, jurnalist kimi susdurmaqdır. Müstəqil rəy sahibi olan jurnalistlərə qarşı bu cur təqib kampaniları yolverilməzdir".
Azər Xəlilovun vəkili isə deyib ki, Sevinc Osmanqını bu işi siyasiləşdirir. “Onun məqsədi başqadır. Yəqin ki, siyasi sığınacaq almaq istəyir. Onların 2 azyaşlı uşağı var. Buna görə məhkəmənin qapalı keçirilməsini xahiş etmişik”-deyə o, bildirib.
Məhkəmə prosesi fevralın 3-də dəvam etdiriləcək.
Qeyd edək ki, Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb. S.Osmanqızına qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
Modern.az