İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
TRT-də “Azərbaycan ulduzları” proqramının layihə rəhbəri və aparıcısı Arzu Umutun qayəsi zamanla ayaqlaşıb kütlənin arxasınca getmək deyil: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və texnikumu kitabxanaçılıq üzrə bitirmişəm. Eyni zamanda İnternews-da BBC-nin peşəkar müəllimi Maykl Deliheyin xəbər proqramlarının hazırlanması üzrə tələbəsi olmuşam. Müəllim kimi heç vaxt çalışmamışam. Tam 6 il Axundov adına Kitabxanada baş redaktor vəzifəsində işləmişəm. Daha sonra isə “Hürriyyət”, “Nəbz” qəzetlerində Mədəniyyət şöbəsinin müdiri olmuşam, köşə yazıları yazmışam. Vaxt vardı, yazdığım məqalələrə “övladım” deyirdim. Yazı yazmağı çox sevirəm. 2000-ci ildə isə televiziyaya baglanmışam. “Space” kanalından başlamışam, daha sonra ATV, sonra yenidən “Space”ə dönmüşəm. 3 ildir ki, Türkiyənin TRT kanalında çalışıram. İndi də TRT-də “Azərbaycan ulduzları” proqramının layihə rəhbəri və aparıcısıyam. Axtarışlar davam edir.
Kitabxanada çalışırdım, qəzetdə çalışan rəfiqəmə məqalə tapmağa kömək edirdim. Sonra bu istedadımı görüb dəstək oldu. Ardınca da televiziya macəram başladı. Bura mənim bataqlığımdı, çabalasam da çıxa bilmirəm. Məni özünə çəkən, çıxa bilmədiyim həyatımın bir parçası olan bataqlıq. Hər gün oxuyuram, mütaliə edirəm. Son zamanlar savadsız aparıcıları, iki kəlməni bir-birinə calaya bilməyənləri görəndən sonra kompleksli olmuşam. İndi hər kəs özünü dahi sayır. 16 ildi bataqlıqdayam. Çalışıram, nəbzi tutum. Savadsızlıq baxımından yox, qayəm bəziləri kimi kütlə bunu istəyir, zamanla ayaqlaşmaq deyil, arxamca aparmaq istəyirəm. Bu sahədə çalışdığıma görə heç vaxt peşman olmadım”.
AzTV-nin Xəbərlər departamentinin əməkdaşı Günel Habilqızının maraqlı işi, yaxşı dostları var: “İxtisasım tibb təlimatçısıdır. Müdafiə Nazirliyinin tabeliyində tibb məktəbini bitirmişəm. Bircə gün belə, öz ixtisasım üzrə işləməmişəm. Çünki tibb təhsili almaq valideynlərimin istəyi olub.
Orta məktəbdə divar qəzetimiz var idi. Ora məqalələr yazırdım. Jurnalistikaya 2003-cü ildə gəlmişəm. “Lənkəran” TV-də 3 il aparıcı və reportyor olmuşam. 2006-cı ildən 2009-cu ilə kimi AzTV-nin cənub bürosunun rəhbəri olmuşam. 2009-cu ildən isə Bakıya gəldim və AzTV-nin Xəbərlər departamentində fəaliyyətimi davam etdirdim. Bu günə kimi də ordayam.
Tibb məktəbini bitirəndə artıq TV-yə gəlmişdim. Televiziyadan göndərildiyim peşəkar jurnalistika kurslarında reportyor kimi yetişdiyim üçün bir də təhsilə vaxt ayırmağı lazım bilmədim. Çünki müəllimlərim BBC, ORT-nin peşəkar jurnalistləri olub: Maykl Delahey, Masha Slonim, İradə Zeynalova, İrakli, Andrey Karyagin, Vaqif İbrahimoğlu, Sabir Axundov və digərləri. Açığını desəm, sırf jurnalistika təhsili almaq üçün ali məktəb bitirmək kimi heç bir hədəfim olmayıb. Jurnalistikaya sahəsində işlədiyimə görə bir gün belə, peşman olmamışam. Maraqlı işim, yaxşı dostlarım var. Üstəgəl həyat yoldaşımla da birlikdə çalışırıq. Bu peşənin sayəsində dünyanı gəzmişəm, Azərbaycanı qarış-qarış əyani tanıyıram”.
“Lider” TV-də “Səda” Xəbərlər xidmətinin əməkdaşı Simnarə Həmidqızı ayaqlar başın, başlar ayağın yerində olanda əsəbiləşir: “İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsini bitirmişəm. Televiziya rejissoru kimi heç vaxt işləməmişəm.
Mən uşaqlıqdan jurnalist olmaq istəyirdim. Fərqi yox idi qəzet, TV, əsas məqsədim bu ixtisasa yiyələnmək idi. Ali məktəbə sənədlərimi hazırlayanda müəllimlərimdən biri dedi ki, “jurnalist ol, amma TV-ni seç. TV-də işləmək üçün də çalış İncəsənət Universitetinə get”. Dedi ki, aparıcı olmaq, sujet hazırlamaq üçün yaxşı jurnalistdə artistizm olmalıdır. Buna da nail olmaq yalnız İncəsənət Universitetində mümkündür. Onun sözü ilə sənədlərimi “İncəsənət”ə verdim və daxil oldum. Amma çətinliklə razılaşdım. Dedim, mən artist, filan olmaq istəmirəm. İndi isə sujetləri yığanda rejissoluq təhsilim mənə kömək edir.
2001-ci ildə, 1-ci kursun sonunda “Nəbz” qəzetində işləməklə jurnalist fəaliyyətinə başladım. Müxtəlif qəzetlərdə çalışdım: “Milli yol”, “Yeni Qafqaz”, “Nəbz”, “Üç nöqtə” və s. “Üç nöqtə” qəzetindən sonra “Space” TV-yə gəldim və orada cəmi 6 il çalışdım. “Space”də “Xəbərlər”də işlədim və kriminal verilişin aparıcısı oldum. Yaydan “Lider” TV-də, “Səda” Xəbərlər xidmətində işləyirəm.
Artıq 13 il olacaq ki, jurnalistəm. Bu peşəni 13 il əvvəlki qədər sevirəm. Yaxşı ki, bu sənəti seçdim. Düzdür, jurnalistikada haqsızlıqlar çox olur, amma özümü burada tapdım. Nə vaxtsa, bu sahəni tərk edib digər sahədə işləməyi ağlıma gətirmirəm, yəni özümü qeyri-yerlərdə görmürəm. Və bu barədə qətiyyən düşünmürəm.
Jurnalistikaya gəldiyim, burada işlədiyim üçün qətiyyən peşman deyiləm. Amma ayaqlar başın, başlar ayağın yerində olanda əsəbiləşirəm. Ancaq bu o demək deyil ki, peşmanam, əksinə işimi çox sevirəm”.
“Pressreview” saytının əməkdaşı Aysel Həsənova gələcəkdə jurnalistikada qalmaq fikrində deyil: “Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam. Öz ixtisasım üzrə çalışmamışam.
Universiteti bitirib “Mövqe” qəzetində işə başlamışam. Orada 2 ilə yaxın işlədim. Sonra isə “Pressreview” (pra.az) saytına keçdim. Burada da 5 aydı işləyirəm. İndi iqtisadi-sosial sahə üzrə yazılar yazıram.
Filologiyanı istəyərək seçmişdim. Yüksək balla da (602 balla) qəbul olunmuşdum. Amma oxuyan illərdə daha doğrusu, son kursda niyəsə ora marağım azaldı. Məsələn, magistraturada oxumağı planlaşdırmışdım, sonra marağımı çəkmədi. Mətbuat mənə maraqlı idi. Həm də ixtisasımız əlaqəlidi. Jurnalistikada filoloqlar çoxdur. Universiteti bitirəndə də “Mövqe”də işləmək imkanım var idi, müraciət etdim və işə qəbul olundum. Demək olar ki, orada öyrəndim.
Jurnalistikaya gəldiyimə görə peşman deyiləm. Mənə müsbət təsirləri çox olub. Sosiallaşmışam, həyatı, olanları, cəmiyyətdə baş verənləri aydın görürəm, hər şeyə öz mövqeyim yaranıb. Amma gələcəkdə jurnalistikada qalmaq fikrində deyiləm. Böyük ehtimalla öz ixtisasıma gedəcəm. Uşaqlarla işləmək daha maraqlı gəlir”.
Misranə Həsənzadə