“Azərbaycan” nəşriyyatı 2015-ci il martın 1-dən çap xərclərinin 20 faiz artırılacağı ı barədə media qurumlarına xəbərdarlıq edib. Nəşriyyat bunun səbəbini ölkəyə gətirilən bütün növ poliqrafiya materiallarının qiymətlərində kəskin artımın olması ilə izah edir.
Modern.az saytı nəşriyyatda çap olunan dövrü nəşrlərin redaktorlarından satış qiymətlərini artırıb-artırmayacaqlarını öyrənib.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov informasiyadan xəbər tutan kimi qəzetin mühasibatlığı ilə əlaqə saxladığını bildirib: “Nəşriyyatdan da öyrəndim ki, bu haqda bizə xəbərdarlıq gəlməyib. O şey ki, bizə deyilməyib, o haqda nəsə söyləmək mənim üçün çətindir. Amma hesab edirəm ki, əsaslandırılmış artım olmalıdır. Əgər nəşriyyat çap xərclərini artırsa, biz də məcbur olub hansısa addım atmalıyıq. Onsuz da qəzetlərimiz ucuz deyil. Başqa ölkələrə nisbətən biz məcburiyyət qarşısında qalıb qəzetlərin qiymətini qaldırmışıq. Məndən olsa, qəzetin qiymətini aşağı salaram. Amma bu, mənlik deyil. Bizim maliyyəmizə az təsir göstərir. Mənim təkbaşına, fərdi qaydada qərar qəbul edib qəzetin qiymətini artırmaq səlahiyyətim yoxdur. Əvvəla, bütün qəzetçilər bir yerə yığışmalıyıq, Mətbuat Şurasında bunu müzakirə etməliyik, oxucuları nəzərə alıb sonra artırmalıyıq. Qəzetlər 20 qəpikdən 40 qəpiyə qaldırılanda da bu, belə oldu. Bizim qəzetlər oxucular üçün çap olunur. Onlar bizi yaşadır, biz də onları nəzərə almalıyıq. Bütün hallarda məsləhətləşmələr olur. İstəyərdim ki, qiymətlər artmasın və biz buna əl atmayaq. Onsuz da oxucu bolluğunda deyilik. Bəlkə də qiymət artımının bizə xeyrindən çox ziyanı dəyə bilər”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, məslə ilə bağlı nəşriyyatdan redaksiyaya rəsmi bildiriş daxil olmayıb: “Bildirişi aldıqdan sonra reaksiya verə bilərik”
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bildirib ki, qiymət artımı ilə bağlı nəşriyyatdan redaksiyaya rəsmi müraciət daxil olub: “Amma ölkədə bir tendensiya da var. Ümid verirlər ki, heç nəyin qiyməti artmayacaq. 20 faiz artım redaksiyanın üzərinə əlavə böyük xərc deməkdir. Kollektivdə qiymət artımı ilə bağlı bəzi müzakirələr etdik. Yəqin ki, qəzetin rəhbərliyi digər qəzet rəhbərləri ilə məsləhətləşmələr aparandan sonra ümumi nəticəyə gəlinəcək. Hər halda, mart ayında müzakirələr olacaq. Əgər 20 faiz artım reallaşsa, aprelin 1-dən çox güman ki, qəzetlərin qiyməti artırılacaq”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da nəşriyyatdan redaksiyaya rəsmi bildiriş daxil olmadığın deyib: “Şifahi şəkildə iki həftə öncə çap xərclərinin 20 faiz artacağı barədə məlumatımız var idi. Satış qiymətini artırmaq qəzetlərin iqtisadi, maliyyə durumundan çıxış yolu deyil. Çap məsrəflərinin artması qəzetlərin maliyyə durumuna ciddi təsir göstərəcək. Heç şübhəsiz ki, əksər qəzetlərdə bu təsir özünü büruzə verəcək. Çap xərclərinin 20 faiz artımı ilə yanaşı, gərək maaş və qonorar fondu da 20-30 faiz artırılardı. Qəzetlərin satış qiymətini artırmaqla vəziyyəti düzəltmək mümkün görünmür. Yenə büdcədən KİVDF-yə ayrılan vəsait artırılsa, qəzetlərə ayrılan dövlət yardımlarında artım olsa, bəlkə vəziyyətdən müəyyən mənada çıxış imkanları olar. Əks təqdirdə tezliklə qəzetlərin ciddi maliyyə böhranı keçirəcəyinin fərqindəyik. Bu da jurnalistlərin sosial-iqtisadi vəziyyətinə təsir göstərəcək”.
Yeganə OQTAYQIZI