Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Ailəm jurnalistliyə davam etməyimə icazə vermədi, həyat yoldaşım isə məni dəstəklədi” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Ailəm jurnalistliyə davam etməyimə icazə vermədi, həyat yoldaşım isə məni dəstəklədi” - RUBRİKA

6 Mart 2015, 09:48


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Xalidə Gərayeva pianist və jurnalist olmaq arzusunu reallaşdırıb: “Bakı Musiqi Akademiyasının Fortepianino fakültəsini bitirmişəm. 2003-cü ildən 2013-cü ilədək Gəncə Musiqi Kollecində müəllim-konsertmeystr işləmişəm. 2010-cu ildə “Türkel” TV-də müəllif-aparıcı, 2011-12-ci illərdə “Kəpəz” TV-də musiqi redaktoru, qısa müddətdə “Alternativ” TV-də proqram redaktoru işləmişəm. Yəni bu illərdə həm musiqi, həm də mətbuat sahəsində çalışmışam. Orta məktəbi əla qiymətlərlə bitirmişdim. Ən böyük arzum pianist və jurnalist olmaq idi. Gördüyünüz kimi, bu iki arzumu reallaşdırmışam.

2013-cü ildə “Kanal 13” internet TV-də, qısa müddətdə “Teleqraf.az” və “İzvestiya.az” saytlarında çalışmışam. Bu gün isə çox sevdiyim “Yeni Müsavat” qəzetində işləyirəm. Jurnalistikanın ən çox sevdiyim xüsusiyyətləti həqiqəti, doğruluğu cəmiyyətə çatdırmaq, “medalyonun görünməyən üzünü” araşdırmaqdır.

Pianist kimi də fəaliyyətimi davam edirəm. Mən musiqiyə görə çox şey qazanıb, eləcə də çox şeyi qurban vermişəm. Həyatımı dəyişmək fürsətim olsaydı da, yenə də belə edərdim.

Bu ən böyük arzum olub- pianist və jurnalist olmaq. Mən buna görə fəxr edirəm. Heç zaman nə peşman olmuşam, nə də yorulmuşam”. 

“Gündəlik Teleqraf” qəzetinin mədəniyyət müxbiri Nərmin Muradova televiziyanın sehrinə düşüb və anlayıb ki, TV insanı məhv edir, yazılı mətbuat isə yaşadır: “2004-2008-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsində “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” ixtisası üzrə təhsil almışam. Bir sözlə, ədəbi işçiyəm, ssenaristəm. İşimiz yazmaq, pozmaq, bir daha yazmaqdır. Ssenaristin isə təxəyyülü, fantaziyası güclü olmalı, bir hekayənin əvvəlini, sonunu bağlamağı bacarmalıdırsa, jurnalist isə olmayanı deyil, olanı yazır, axtarır, tapır, araşdırır. Jurnalist olmaq istəyirsənsə, yazmağı bacarmalısan, müşahidə qabiliyyətin, problemləri duymaq bacarığın və onu araşdırmaq qabiliyyətin olmalıdır. Bir də heç bir halda qərəzli olmamalıdır yazdıqların…

Uşaqlıqdan evdə hamı mənim aparıcı, jurnalist olacağımı düşünürdü. Təsadüfi deyildi, çünki televiziya verilişlərini, aparıcılar haqda məlumatı hamı məndən soruşardı, məktəbdə oxuyan zaman bir köşkümüz vardı, qəzetlər satılırdı, oradan hər həftə qəzet alırdım. Televiziya aparıcısı olmağa həvəsli olanlar yaxşı bilirlər ki, güzgü önündə proqram oxumaq adətimiz idi. Amma bununla yanaşı, gündəlik yazırdım, əhvalatlar uydururdum, onları qələmə almasam belə… Danışaraq hamını əhvalatlara inandırmağı bacarırdım. 8-9-cu siniflərdə dəhşətli dərəcədə incəsənətə-rejissor, aktrisalığa meylləndim. Filmlərə baxmaq hobbim idi və məncə, bu həvəsim məni istiqamətləndirirdi.  

Amma görünür, jurnalistika o dönəm türklər demiş daha “ağır” basdı. İxtisas seçimində öncə jurnalistika, daha sonra Mədəniyyət və İncəsənət Universitetinin qabiliyyət tələb etməyən ixtisaslarını yazdım, yığdığım bala görə  “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” ixtisasına  düşdüm. Buna görə heç zaman peşman olmadım, əksinə çox xoşbəxtəm. Çünki rejissor Ədalət Ziyadxanov kimi kurs rəhbərimdən dərs aldım. Böyük rejissor, böyük müəllim, böyük dəstəkçi idi o tələbələrinə... Çalışqan olmağı, məqsədimizə doğru irəliləməyi biz ondan öyrəndik. Həyatımızın sonuna kimi də ona minnətdarıq. Ədalət müəllim hər zaman deyirdi ki, tələbə ikən işləyin, təcrübə qazanın ki, universiteti bitirəndən sonra artıq yaxşı bir yerdə işləyəsiniz. Məqsədli şəkildə jurnalistikaya gəldim, bu arzumu gerçəkləşdirmək, daha sonra televiziya aparıcılığına, ordan da film sektoruna keçid etmək fikrindəydim. 2006-cı ildə II kursda oxuyurdum, qəzetlərdən birində təcrübə keçmək istəyirdim. Axtardım, aradım, günlərin bir günü eşitdim ki, “Paritet” qəzetinə sosial sahədən yazan müxbir axtarılır. Bir yazı təqdim etdim. Beləcə, ilk iş yerim “Paritet”qəzeti oldu, ilk qonorarım isə 10 manat idi. Əgər “Paritet” qəzetində Cəmaləddin Quliyev kimi redaktorla çalışmasaydım, bəlkə də çoxdan jurnalistikaya “əlvida” demişdim. Orada sosial sahədən yazan jurnalist kimi də yetişdim, amma mədəniyyət məni hər zaman özünə çəkdi. Qısamüddətli “Üç nöqtə”, “Mədəniyyət” qəzetləri, “Azərbaycan xalçaları”, “Fokus” jurnallarında həm çalışdım, həm də əməkdaşlıq etdim. Eləcə də çox qısamüddətli AzTV-də təcrübə keçdim, ATV-də işlədim. Ən uzunmüddətli televiziya təcrübəm “Günaz” TV-də oldu. “Xəbərlər”də reportyor, müxtəlif səpkili verilişlərdə aparıcı kimi çalışdım, eləcə də müəllif verilişlərinə imza atdım. Yəni TV-nin sehrinə düşdüm və anladım ki, TV insanı məhv edir, yazılı mətbuat isə yaşadır. Təbii ki, hər gün deyil, vaxtaşırı istədiyin mövzularda yazmaqla…Qəzet başqa aləmdir, amma təəssüf ki, bu gün Azərbaycanda qəzet oxuyan günü-gündən azalır. Sevinirəm ki, artıq iki ildir ki, “Gündəlik Teleqraf” qəzetinin mədəniyyət müxbiri kimi çalışıram.   

Jurnalistikaya gəldiyim 2006-cı ildən Azərbaycanda film sahəsində çalışan çox azsaylı QHT-lərdən biri olan “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində piar -menecer, layihə koordinatoru kimi fəaliyyət göstərməyə başladım. Mərkəz olaraq film sahəsində bir çox layihələr həyata keçirməklə məşğuluq. Doğrudur, hazırda jurnalistik fəaliyyətim digər işimi üstələyir. Amma gələcəkdə tamamilə özümü film sahəsinə həsr etmək, müəllimimin məni görmək istədiyi yerdə özümü görmək istəyirəm. Bəlkə də jurnalistika məni tamamilə incəsənətdən, kinodan ayırsaydı, peşman olardım, amma jurnalistikanın özündə belə mədəniyyət müxbiri kimi fəaliyyət göstərməm bu sahədəki problemləri araşdırmaq, işıqlandırmaq, incəsənət xadimlərindən müsahibələr almaq, film və teatr tamaşalarından reportajlar yazmaq mənə həzz verməklə yanaşı, özümü ifadə vasitəmdir. İmkan düşdükcə ssenari də yazıram, yeri gəlmişkən qeyd edim ki, ötən il “Tənəffüs” qısametrajlı film ssenarim “Azərbaycanfilm” kinostudiyasının keçirdiyi “Yenifilm.az” müsabiqəsində ikinci yerə layiq görüldü”.  

“Axar.az” saytının əməkdaşı Anar Əhmədov hərdən keçmiş işi üçün darıxır: “Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunuyam. 3 il orta məktəbdə Tarix fənnindən dərs demişəm. İşimi sevirdim, amma müəllim maaşı ilə dolanmaq olmur. Jurnalistikaya dostumun təklifi ilə gəldim. Siyasi biliklərimin olması məni bu sahəyə gətirdi. Jurnalistikaya marağım tələbəlik illərindən yaranmışdı. Çevrəmdə jurnalistlərin olması mənim bu sahəyə olan marağımı artırdı.

“Gündəlik Bakı” qəzetində, “Bizimxəbər.az”, “Milaz.info”, “Aznews.az”, “Publika.az”, “Qaynar.info” saytlarında çalışmışam. Hazırda “Axar.az” saytında işləyirəm.

Jurnalistikaya gəldiyim, bu sahədə işlədiyim üçün peşman deyiləm. Hərdən müəllimlik üçün darıxdığım olur. Çünki müəllimlik şərəfli peşədi. Mən də az da olsa müəllim işlədiyim üçün fəxr edirəm”.

“Publika.az” saytının əməkdaşı Gülnar Əliyeva hər gün işə elə ilk gündəki kimi həvəslə gəlir: “Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Heç vaxt öz ixtisasım üzrə işləməmişəm. Məndə jurnalistikaya marağı ANS yaradıb. İlk dəfə tələbə ikən 2006-cı ildə bu telekanalda keçirilən müsabiqəyə qatıldım və qalib oldum. Amma ailəm jurnalist olmağıma razı olmadığından o vaxt davam edə bilmədim. Ailə qurduqdan sonra həyat yoldaşım mənə dəstək oldu və yenidən 2012-ci ildə ANS-in jurnalistika kurslarına qatıldım. İlk iş yerim “ANSpress” saytı olub. Daha sonra “Lider” televiziyasının Xəbərlər xidmətində işləmişəm. Hazırda isə “Publika.az” saytında müxbirəm. İşlədiyim kollektivdən çox razıyam. Mən hər şeyə görə ən çox ANS-ə və xüsusən də bizə jurnalistikanın sirlərini öyrədən Mirşahin Ağayevə, qərb jurnalistika modelini öyrədən, təcrübəsini bizimlə təmənnasız paylaşan Sevinc Osmanqızına çox minnətdaram. Əslində mənə elə gəlir ki, jurnalist olmaq üçün həmin fakültəni bitirmək mütləq deyil. Əksinə, fərqli ixtisas sahibləri arasında uğur qazanmış və gözəl qələmi olan jurnalistlər çoxdur. Mən ümumiyyətlə, həyatımda baş verən heç bir şeyə görə peşman olmamışam. Hər işdə bir xeyir var. Doğrudur, hərdən haqsızlıqlarla da üzləşirsən, çətinliklərin də olur, amma hər bir hadisə insana nəsə öyrədir, nəticə çıxarırsan, daha möhkəm olursan, insanları daha yaxşı tanıyırsan. Hər gün işə elə ilk gündəki kimi həvəslə gəlirəm. Mənə görə jurnalistika dünyada ən maraqlı peşədir. Bütün dünya ovuclarımızın içərisindədir. Çoxlarının bilmədiyi faktlardan jurnalist xəbərdardır. Hətta bir çoxunu yaza bilməsə belə. Yəqin ki, məni jurnalistikaya gətirən də elə hər şeyi bilmək həvəsidir”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi