Martın 6-da “Kaspi” qəzetinin 16 yaşı tamam olub. “Kaspi”nin baş redaktoru İlham Quliyev Modern.az saytına qəzetin gələcək planları, gözləntiləri və hədəfləri barədə danışıb. O bildirib ki, “Kaspi” qəzeti yenidən fəaliyyətə başlamasının 16 illiyini qeyd edib: “Bu, 3 əsrin qəzetidir. Qəzet 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb.
1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. Qəzetdə Həsən bəy Zərbadi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışıb.
1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. 1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırım zamanı “Kaspi” qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılıb və qəzetin nəşrində fasilə yaranıb. “Kaspi” 1919-cu ildə fəaliyyətini dayandırıb. 1999-cu ildə təsisçimiz Sona Vəliyevanın təşəbbüsü ilə “Kaspi” qəzeti bərpa olunub”.
İlham Quliyev “Kaspi” qəzetinin gündəlik nəşr olunduğunu da vurğulayıb: “1999-cu ildə fəaliyyətimizi bərpa edərkən yenə də maarifçilik, vətənpərvərlik ideyalarının təbliğini özümüz üçün əsas meyar seçmişik. Bu xətt 16 ildir davam edir və inşallah, bundan sonra da davam edəcək. Hazırda “Kaspi”nin “Ədəbiyyat”, “Teatr”, “Gənclik qəzeti” əlavələri nəşr olunur. Yaxın vaxtlarda “Kaspi Art” əlavəmiz də fəaliyyətə başlayacaq. “Kaspi” müxtəlif dövlət qurumları ilə də sıx əməkdaşlıq edir.
Bu əməkdaşlıq çərçivəsində Təhsil Nazirliyi ilə birlikdə “Bir məktəbin tarixi”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə “Vətənim” əlavələri də nəşr olunur. “Kaspi” mütəmadi olaraq ötən əsrin əvvəllərində fəaliyyət göstərən maarifçi ziyalılarımıza həsr etdiyi xüsusi buraxılışları ilə də fəxr edir. Bu silsilədən 11-ci xüsusi buraxılış Şahtaxtılara həsr olunacaq. Hazırda bu buraxılış üzərində iş davam edir.
Aprel ayında Nəriman Nərimanova həsr olunan növbəti xüsusi buraxılışımız da çapdan çıxdıqdan sonra bu xüsusi buraxılışların materialları əsasında ayrıca bir kitab nəşr olunacaq. Bu da “Kaspi”nin nəşrləri” sırasından növbəti kitabımız olacaq. Yaxın vaxtlarda biz Hüseyn Cavidin yaradıcılığı ilə bağlı ədibin həyatı və irsinə həsr olunan “Hüseyn Cavid. Vətənə qayıdış” bədii, publisistik və elmi məqalə müsabiqəsinin də yekunlarını açıqlayacağıq. Bu müsabiqənin materialları əsasında hazırlanan kitab da artıq çapa verilib. Eyni zamanda, yaxın gələcəkdə oxucularımız “Kaspi”nın səhifələrində yeni-yeni rubrikalar, araşdırmalar da görəcəklər”.
Yeganə OQTAYQIZI