Bu ölkədə jurnalistə hörmət edən yoxdur. Ola bilər bu peşə sahibi dünyanın heç yerində sevilməsin, münaqişə zonaları, müharibə ocaqlarında öldürülsün, doğru yazanına basqı edilsin, aksiya zamanı “dubinka” ilə döyülsün, amma bizdə olan qədər jurnalistə qarşı etinasızlıq, biganəliyə rast gəlməzsən. Azərbaycanda polis, deputat, məmur şərəfli iş sayılır, jurnalist isə çoxlarının gözündə 3-cü dərəcəli insandır. Hətta kiminsə evində ustalıq edən insana daha çox hörmət var, heç olmasa qarşısına bir fincan çay qoyarlar. Jurnalisti isə…
Azərbaycanda Amerika Günləri start götürdü. Açılış tədbiri Nizami Kino Mərkəzində reallaşdı. Bu mərasimdə qəribə yanaşmanın şahıdi oldum. Telefonla zəng edib dəvət etdilər, əvvəlcədən xəbərdarlıq da oldu: təhlükəsizlik tədbirləri güclənəcək. Problem yoxdur, deyilən vaxt xeyli jurnalist toplandı, bizi yuxarı mərtəbədə təhlükəsizlik xidməti yoxladı, sonra giriş qapısında bir yoxlama da keçdik.
3-cü mərhələdə isə jurnalistləri ümumi zaldan keçirib yuxarıdakı amfiteatra dəvət etdilər. Müxtəlif kanalların çəkiliş qrupları, çap mediasının jurnalistləri zalı elə amfiteatrdan müşahidə etdilər. Bir qədər sonra ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta brifinq keçirdi, kimin sualı vardı verdi, cavab da aldı. Nədənsə, bu amfiteatr qəfəsi xatırladırdı, elə bir parterdə azad, ağ adamlar gəzirdi, bu tərəfdə isə ora buraxılmayan, kənarlaşdırılan aşağı səviyyəli insanlar. Yanımda bir jurnalist xanıma dedim, elə bil jurnalistlər qəfəsə salınıb, ziyafəti uzaqdan müşahidə etməyə məhkumsan, aşağı buraxmırlar deyəsən. Əvvəl incidi, dedim, özümü də qəfəsdə sayıram, mən də jurnalistəm. Güldü, dedi, eh bu nədir hələ, belə hallar tez-tez olur, elə bu gün tədbirdə olmuşam, ayaq üstə, heç oturmağa yer də vermədilər.
Nə isə çəkiliş qrupları tədricən dağıldı, gedən getdi. Sekuta xeyli danışdı, dedi, gərək möhkəm olaq, səhvləri boynumuza alaq, vaxtilə Amerikanın yerli əhalisinə qarşı ədalətli olmamışıq. Hey danışdı. Arada bir aşağı düşdüm də, tanışların əhvalını soruşdum, kiminləsə danışdım, orada olan hədiyyə kitablardan götürdüm. İngilis dilində “ABŞ-ın tarixi” kitabı maraqlı göründü.
Sonra “qəfəs”dəki həmkarların yanına döndüm. Tədbir artıq dağılırdı, zaldan insanlar bala-bala gedirdilər. Yuxarıda az qalmışdıq. Düşündüm, çıxım gedim. Amfiteatra gəldiyim yolla zala enib qapıdan çıxmaq niyyəti ilə çıxışa yönəldim. Mühafizəçi buraxmadı. Dedi, hara gedirsən, dedim, aşağı. Dedi, olmaz. Dedim, bəs çıxıb getmək istəyirəm, dedi bax burada çıxış var, oradan düş aşağı. Soruşdum bəs, geyimim ordadır, dedi, buradan düş, fırlan get, orada geyimi alarsan.
Bir sözlə, “bas bayıra”, sənə bura olmaz, ağ adamların yanına…
Haşiyə: Yadıma bir hadisə düşdü. Nə vaxtsa qoşulduğum tədbirlərin birində mərasimdən sonra iştirakçılara kiçik bir nahar yeməyi nəzərdə tutulmuşdu. Amma nədənsə o yeri bağladılar, yəni otelin rəhbərliyi bu yeməyin Avropadan gələn qonaqlara nəzərdə tutulduğunu bildirdi. Yeməyi qabına yığan jurnalistləri xəbərdar etdilər, olmaz. Kimsə qabını geri qaytardı, kimsə elə atıb getdi. Jurnalistlərə dişqurdalayan çöplərə taxılmış bir-iki buterbrod və şirə təklif edildi. Açığı, orda heç nəyə toxunmadım, heç nə yemədim. Bircə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın işə qarışması yadda qaldı. Heç otelin menecerinə danışmağa imkan vermədi: hamıya eyni qaydada qulluq edilməlidir. Tezliklə problem aradan qalxdı, oradakı qonağa da, jurnalistə də eyni yemək verildi. Yeməkdən yeməsəm də, ürəyimdə Səmayə xanıma alqış dedim.
ABŞ-da insanlar qorxusuz yaşayırlar. Qorxduqları 3 nəsnə var: terrorçu, polis, jurnalist. Terror təhlükəsi bu ölkədə çox şişirdilib deyə hamı qorxur, polis nəsə tələb edirsə, əməl etməlisən, yoxsa çox düşünmədən atəş açacaq. Bəs jurnalistdən niyə qorxurlar? Medianın gücündən çəkinirlər əslində, çünki mətbuat bir anda ən yüksək pillədə qərarlaşan insanı məhv edə bilər. Televiziya gedən ən xırda süjet böyük bir şirkətə milyon dollarlarla ziyan vurmaq iqtidarındadır. Ən varlı şirkətlərin PR menecerlərinin qeyd dəftərcəsində redaktorların ad günləri belə qeyd olunub.
ABŞ-da olarkən tirajı 200 min nüsxə olan qəzetin ofisində olmuşam. Bizi müşahidə edən xanım həyəcan keçirirdi, çoxlu təlimat verdi. Dedi, jurnalistlərlə çox danışmayın, nə desəniz, yazacaqlar. Axı jurnalist jurnalistlə necə danışmasın? Danışdıq, hətta yerli jurnalistlərdən vizit kartları aldıq. Amma müşayiətçi xanım bu kartları bizdən topladı. Əvvəl bu fakta fikir vermədim, sonra anladım: o bizim mümkün əlaqələrimizin olmasını istəmirdi. Allah eləməsin, əgər hər hansı bir şikayət olsaydı, bu xanımın karyerası bitəcəkdi. Özünü bir növ qorudu.
Azərbaycanda medianın gücü-qüvvəsi yoxdur, bizim mətbuat yağlanıb-təmizlənmiş silaha bənzəyir, bu silah xüsusi otaqda qorunur, atəş açmır deyə, qorxulu deyil. Atəş açması üçün gərək yuxarıdan komanda ola. Jurnalistə münasibət də bundan qaynaqlanır. Əgər jurnalist tədbirə dəvət alıbsa, onun hərəkəti niyə məhdudlaşdırılmalıdır? Terrorçu deyilik ki?
Bu xırda çatışmazlığı kənara qoysaq, tədbirə qoşulduğumdan narazı deyiləm. Ən azı “Break of Reality” qrupu maraqlı kompozisiyaları ilə yadda qaldı. Mərdəkan Uşaq Evindən gələn uşaqlar isə ABŞ və Azərbaycanın dövlət himnlərini ifa etdilər. Sonra isə amerikansayağı “kovboy” rəqsini şıdırğı oynadılar.
“Qəfəs”də oturmağa dəyərdi…