Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Məmur olmaq imkanı əldə etsəm, jurnalistikadan gedərəm” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Məmur olmaq imkanı əldə etsəm, jurnalistikadan gedərəm” - RUBRİKA

Media

21 Mart 2015, 12:03


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

Xəzər TV-nin əməkdaşı Sahibə Nəzərova ixtisası üzrə çalışmağa davam edir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyoru fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında hələ məktəbdə oxuyarkən çalışmışam. Universitetdə təhsil aldığım zaman isə bir neçə ay Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra Bakı Uşaq Teatrında işləmişəm. Elə indi də öz ixtisasım üzrə işləyirəm- seriallara, filmlərə çəkilirəm, dəvət alıram. Əslində mən uşaqlıqda hava gimnastı olmaq arzusunda idim, ispan dilindən tərcüməçi olmaq istəmişəm, lap uşaq olanda isə polis olmaq istəyirdim. Aktyor sənəti elə bir sənətdir ki, arzusunda olduğum peşələri obrazlarda canlandırmaq imkanım var.

Universiteti bitirdikdən sonra anladım ki, teatrda çalışmaq istəmirəm. Teatrı çox sevirəm. Tamaşalara baxmağa gedirəm ki, teatrın havasını alım, qoxusunu hiss edim, amma teatrı çox sevdiyim halda teatrda işləmək istəmirəm. Artıq universiteti bitirəndə harada işləyəcəyim barədə fikirləşməyə başladım. Məndə də aparıcı olmaq arzusu var idi. Buna görə Xəzər TV-yə CV verdim. Bir neçə veriliş kastinqinə dəvət aldım və 2011-ci ildə Xəzər TV istehsalı olan “Qaynana” serialına və “StarLife” verilişinə demək olar ki, eyni vaxtda təsdiqləndim. Elə 2011-ci ildən bu günə qədər Xəzər TV-də çalışıram. Bu qismətdir, televiziyaya gəldiyimə görə əlbəttə ki, peşman deyiləm. Nə olursa, yaxşılığa doğru olur. Meyerxoldun bir sözü yadıma düşdü, deyir: “Teatrda xırda heç nə yoxdu, amma teatr özü xırdalıqlardan ibarətdir”. Mən bu fikri ümumiyyətlə, televiziya jurnalistikasına da şamil edərdim, yəni mediada xırda heç nə yoxdu, amma media xırdalıqlardan ibarətdir”.

“Lent.az” saytının əməkdaşı Anar Məcidzadə uşaqlıqdan məmur olmaq arzusundadır: “2006-2010 -cu illərdə Bakı Asiya Universitetinin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bitirmişəm. Orta məktəb illərindən şeir və hekayələr yazıram ki, buna görə də bu ixtisası seçmişəm.

Orta məktəb illərindən şeir yazıram və 10-cu sinifdə oxuyanda kitabım nəşr edilib. Hər zaman qəzet mütaliyə etməyi xoşlamışam. Tale belə gətirdi ki, tələbəlik illərimdən juranalistika gəldim. 2006-2010-cu illərdə “Səs” qəzetində işləmişəm. 2012-ci ildən isə “Lent.az”dayam.

İxtisasım üzrə çalışmamışam. Açığı desəm, nə ixtisasım üzrə müəllim, nə jurnalist olmaq istəmişəm. Uşaqlıqdan məmur olmaq istəmişəm. Hələ də bu arzudayam. Məmur olmaq imkanı əldə etsəm, jurnalistikadan gedərəm. Kim arzusuna çatmaq istəməz.

Əslində jurnalistikaya gəldiyim üçün peşman deyiləm. Çünki insan yaşadıqlarına peşman olmaz. Ən azından gözəl kollektivlər görmüşəm... Həm də jurnalist özü də bir ictimai xadimdir... Demək ki, balaca işdə çalışmırıq. Allahın hər gününə və yazdığı yazıya Şükür”.

İstənilən dövlət işi sahəsi “Simsar.az” saytının redaktoru Aqşin İbrahimiyə həmişə sıxıcı görünüb: “Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini qırmızı diplomla bitirmişəm. İxtisasım isə təbii resursların idarə olunmasıdır, qısaca ekoloq. Magistr təhsilim də eyni ixtisas üzrə olub. Qeyri-ixtisas üzrə çalışanların dilindən səslənən bir az klassik ifadə olsa da, ixtisasımın bu olmasında valideynlərimin payı olub. Mən də seçim siyahısında ilk sırada yazdığım ixtisasa yüksək balla daxil olmuşam. Ancaq şəxsən özüm heç vaxt bu sahədə işləmək istəməmişəm. Nəinki ekologiya, istənilən dövlət işi sahəsi həmişə mənə sıxıcı görünüb. Jurnalistika isə daha sərbəst, daha özündən bir şeylər qata biləcəyin, düşüncələrini müstəqil ifadə edə biləcəyin sahə təsiri bağışlayıb.

Demək olar, məktəb yaşlarından tez-tez qəzet və jurnallarda yazılarım dərc olunub. Universitet illərində bu yazıların aspekti və bucağı daha geniş olub. Bu səbəbdən mən jurnalistikanı peşə kimi seçməzdən çox əvvəl, jurnalistika özü həmişə mənimlə olub. Burada məni gördüyünü göstərən müxbirlikdən çox, gördüyünün ardındakıları çatdıran, təsvir və təxəyyülünü ortaya qoyan yazarlıq daha çox cəlb edib desəm, yalan olmaz.

Bu sahədə oxuduqlarımı, bildiklərimi “İrəli” İB-nin təşkil etdiyi dövlət dəstəkli Media Akademiya layihəsində- “Alternativ jurnalistika” kurslarında praktiki olaraq təkmilləşdirmişəm. Ölkənin öndə gedən media mənsublarının təmannasız paylaşdıqları dəyərli təcrübələri mənimsəməyə çalışmışam. Ardından “Palitra”, “168 saat” və “Çempion” qəzetlərində, Azərbaycan Radiosunda, “İrəli Radio”da və “Yurd TV”də çalışmışam. Hazırda “Simsar.az” informasiya portalında redaktoram.

Jurnalistika olduğum üçün peşman deyiləm. Ümumiyyətlə, həmişə həyatda peşman olacağım işlər görməməyə çalışmışam. Bu bütün hallarda alınıbmı? Təbii ki, mümkünsüzdür. Ancaq jurnalistika seçimim o istisnalar sırasında deyil. Bu sahəyə gəlir azlığı baxımından ağız büzənlər ola bilər. Ancaq gəliri düşünsə idim, bir sıra vəzifələrdə çalışa bilərdim, hal-hazırda da əlimdə o imkanlar var. Amma adam gərək işə məcbur, candərdi getməyə, işini sevə.

Bir kəlimə ilə də sizin bu rubrikaya toxunmaq istəyirəm. Fikrimcə, çox uğurlu layihədir. Ümumiyyətlə, bu diplom, ixtisas söhbəti hər sahədə var və həmişə fikir vermişəm, mütləq diplomuna görə işləməyin tərafdarı olanlar həmişə o sahənin diplomluları olur. Sanki qısqanclıq yaranır... Ancaq nə etmək olar ki, uğur qazanmaq təkcə diplomla olmur. Hər sahədə belədir, təsadüfi deyil ki, ən istedadlı bəstəkarlar, aktyorlar, alimlər, ixtiraçılar çox vaxt başqa peşənin sahibləri, yaxud ümumiyyətlə, Ali təhsilsiz olanlardan çıxırlar”.

 “İnterfaks” qəzetinin təsisçisi və baş redaktoru Solmaz Əliyeva jurnalistikaya gəldiyinə görə, hərdən narazı olur: “Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Bir il orta məktəbdə Azərbaycan bölməsinə rus-dilindən dərs demişəm. Analıq məzuniyyətinə çıxdım. Sonra Azərbaycan bölməsində rus-dili dərsləri ləğv olundu.. Jurnalistikaya çox həvəsim var idi. Qərara aldım ki, jurnalistikayla məşğul olum. Düzünü desəm, istədim özümü yoxlayım. Deyəsən, alındı.
“Press-inform” qəzetində müxbir vəzifəsində, “İntellekt” qəzetində məsul katib, “Sərbəst düşüncə” qəzetində redaktor işləmişəm. Hazırda “İnterfaks” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıram.
Jurnalistikanın ən çox azad fikrin ifadəsinə meydan verməsi xüsusiyyətini sevirəm. Axı biz dördüncü hakimiyyətik. Və sözümüzü hər an deməyi bacarmalıyıq. Bu sahəyə gəldiyimə görə peşman deyiləm, amma hərdən narazı oluram.
Müəllimliyə qayıtmaq istəyim yoxdur. Jurnalistikada öz sözümü demişəm və onsuz özümü təsəvvür edə bilmərəm”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi