İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
İTV-də “Carçı” informasiya proqramının aparıcısı Nigar Sabirqızı düşünür ki, televiziyanı seçənlər bir çox şeyi qurban verməli olur: “Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsini bitirmişəm, yəni mədəniyyətşünasam. Öz ixtisasım üzrə işləməmişəm. Elə tələbəlik illərindən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində işləmişəm. Sonra isə fəaliyyətimi İTV-də davam etdirmişəm. Uşaqlıqdan hər zaman aparıcı olmaq istəmişəm deyə, başqa bir yerdə işləmək ağlıma belə gəlməyib.
Əslində mən özümü jurnalistən çox aparıcı kimi təqdim edərdim. Çünki əsas fəaliyyətim məhz aparıcılıqdır. Dediyim kimi, uşaqlıqdan sırf aparıcı olmaq istəmişəm. Bizdə isə sırf aparıcı hazırlayan fakültə olmadığı üçün Mədəniyyət və İncəsənət Univeristetini seçməyə qərar verdim. Düşündüm ki, bu universitet mənə istədiyim peşəyə yiyələnməkdə daha faydalı ola bilər.
Açıq danışsaq, televiziya sahəsində çalışdığım üçün bəzən yorulduğum məqamlar olur. Düşünsək ki, bizim sahə bir qədər vəfasız sahədir, hərdən fikirləşirəm ki, görəsən TV--ni seçməklə düz qərar vermişəmmi? Bilirsiz, TV insanın həyatını demək olar ki, əlindən alır. Sənin ailən də, işin də, şəxsi hayatın da ancaq TV-dən asılı hala gəlir. Yəqin ki, bu sahədə işləyənlər mənimlə razılaşarlar. Bu peşəni seçdinsə deməli, sən artıq bir çox şeyi qurban verməlisən. Mən də qurbanlar verdiyim üçün hərdən qərarımla bağlı düşünürəm. Amma hər dəfə kamera və mikrofon qarşısına keçəndə, tamaşaçılardan xoş sözlər eşidəndə bir daha özümdə yəqinləşdirirəm ki, elə yaxşı ki, bu sahəni seçmişəm. İşim məni yaşadır”.
RTV-nin PR Meneceri Sərdar Amin nə vaxtsa ixtisasına uyğun çalışacağına inanmır: “İlk ixtisasım olan vergi müfəttişliyi ən arzulamadığım peşələrdən olub. Həmişə vergi sahəsinə mənasız istiqamət kimi baxmışam. Düşünürəm ki, çalışacağım istənilən sahədə kreativliyə ehtiyac olmalıdır. Əks təqdirdə ora mənim yerim deyil. İlk ixtisasımın seçimini özüm etməmişəm, ümumiyyətlə, oxumaq istəmədiyim bir təhsil müəssisəsində ən arzulamadığım sahədə təhsil almağıma yeganə səbəb çox hörmət etdiyim bir iş yoldaşımın təkidi oldu. Buna peşman deyiləm, bir gün Roma Papasının İslamı qəbul edəcəyinə inanaram, amma nə vaxtsa ixtisasıma uyğun çalışacağıma yox. İkinci ixtisasıma Bakı Slavyan Universitetində yiyələnmişəm. Burada Azərbaycanda ilk və əlahəddə fakültə olan Yaradıcılıq fakültəsində oxumuşam. Universitet mənə “Ədəbi işçi” ixtisası verib. Bu sahə təbii ki, mənə yad deyil. Bu gün hansısa misram sevdiyim tip adamları ürpəndirirsə, ictimai proseslərə reaksiyam məntiqli bir insanın diqqətini çəkirsə, demək, jurnalist olmaqla yanaşı, həm də “Ədəbi işçi”yəm.
Uşaqlıqdan televiziyanı prestijli məkan kimi görmüşəm. Amma bu sahəyə olan hörmətimdəndir ki, nə vaxtsa cəsarət edib jurnalist olmaq istəyimi dilə gətirdiyimi xatırlamıram. Ancaq keçən dəfə təsadüfən gördüm ki, uşaqlıqda sinif yoldaşımın “Xatirə dəftəri”ndəki “Hansı peşədə çalışmaq istəyirsiz” sualına da “Jurnalist” cavabı yazmışammış.
Televiziyaya gəlişim 2009-cu ildə RTV-də elan olunan aparıcılıq müsabiqəsinə təsadüf edir. Müsabiqəyə gəlmədən öncə efirdə izlədiyim sujetlərdə ciddi qüsurlar görürdüm, düşünürdüm ki, mən daha yaxşı mətn yaza və daha uğurlu sujet hazırlaya bilərəm. Bu düşüncəylə Xaçmaza gəldim, müsabiqədə bir neçə turu keçərək televiziya işə qəbul oldum. Televiziyada ilk vəzifəm mühafizəçi olub. Daha sonra koordinator, müxbir, aparıcı və s. vəzifələrdə işləmişəm. Hazırda RTV-nin PR meneceriyəm. Eyni zamanda televiziyada bir sıra sənədli filmlərin, anons, sosial və reklam çarxlarının ssenarisini yazıram. Televiziya sahəsi mənə yaxındı, burada özümü rahat hiss edirəm. 6 ildir ki, eyni yerdə - RTV-də çalışıram. Bunun əsas səbəbi televiziyanın ümumi fəaliyyət prinsipləri və televiziyadaxili mühitin istəklərimə uyğun olmasıdır”.
"Axar.az" saytının əməkdaşı Rəfiqə Əlisəfa jurnalistikada qalmağı düşünmür: “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsini bitirmişəm. Hələ ki, ixtisasım üzrə işləməmişəm.
Baş redaktorlardan biri mənə köşə yazısı yazaraq özümü yoxlamağımı tövsiyə etdi, mən də yazdım. Bundan sonra yazmağa başladım.
Əslində orta məktəbdə oxuyanda jurnalist olmaq istəyirdim, amma atam dedi ki, jurnalistika qadın sənəti deyil və mən daha ciddi işlə məşğul olmalıyam. Ona görə də məni ikinci dərcəli maraqlandıran politologiya ixtisası üzrə təhsil almaq qərarına gəldim. Sonra isə mənə jurnalistika sahəsində iş təklif olunanda bu təklifi dəyərləndirdim, çünki ürəyimcə idi. APA Holdinq, “kulis.az”, “kult.az”da çalışmışam. Hazırda isə “Telegraf Holdinq"də işləyirəm.
Jurnalistikaya gəldiyimə görə peşman deyiləm, amma daha ciddi bir işlə məşğul olmaq istəyirəm, məsələn, sərhəd qoşunları və ya DİN-də- hərbi vəzifə.
Gələcəkdə jurnalistika sahəsində qalmağı düşünmürəm, amma siyasi jurnalistika ola bilər”.
“Lent.az” saytının əməkdaşı Fərizə Əhmədovanın ağlına da gəlməzmiş ki, jurnalistika sahəsində çalışacaq: “Mən Azərbaycan Dillər Universitetinin Pedaqoji ingilis dili fakültəsini bitirmişəm.
Əslində mən nə jurnalistika, nə də müəllimlik sənətini arzulamışam. Ağlıma belə gəlməzdi ki, ingilis dili müəllimliyini bitirəcəm, jurnalistika sahəsində çalışacağam. Həmişə hüquqşünas olmağı arzulamışam. Bu səbəbdən tələbəlik vaxtlarında müəllimə işləməyəcəyəm deyə qərarım var idi.. Ona görə öz ixtisasım üzrə heç çalışmamışam. Elə universiteti bitirdiyim il “Lent.az”dakı bu işimə başladım.
Jurnalistikanı sevdim. Çünki birgə çalışdığım kollektiv çox yaxşıdı. Bəlkə də onlar məni belə isti qəbul etməsəydilər, həvəssiz olardım. İşimi sevirəm, hərdən elə olur ki, tərcümə etdiyim bir yazının oxunma sayı çox olanda dünyaları mənə verirlər. Bu sənəti mənə sevdirdiyi üçün müəllimim hesab etdiyim Səbuhi Məmmədliyə, baş redaktorumuz Qabil müəllimə, Xəyalə Muradlıya və bütün “lent.az” kollektivinə təşəkkür edirəm.
Hələki jurnalistikaya gəldiyimə görə peşman deyiləm. Gələcəkdə bu sahəni davam etdirib- etdirməyəcəyimi dəqiq bilmirəm. Hətta yaxşı jurnalist olmaq imkanı yaranmışdı- Bakı Jurnalistika Məktəbinə qəbul olunmuşdum, getmədim. Çünki daha çox tərcüməçi olaraq irəliləmək istəyərdim. Yenə də zaman göstərər.
Ailədə bütün xəbərlərdən birinci mən xəbərdar oluram. Jurnalistikanın ən çox bu xüsusiyyətini sevirəm”.
Misranə Həsənzadə