Milli Televiziya və Radio Şurası Azərbaycanda yayımlanan televiziya kanalları ilə bağlı monitorinqlər aparıb. Monitorinqlər zamanı özəl telekanalların efirində yayımlanan məşhur verilişlərin çoxunda xoşagəlməz hallar aşkarlanıb. Şuranın apardığı monitorinqlərə əsasən, özəl telekanallar öz fəaliyyətində insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi prinsiplərinə əməl etməməklə qanunu pozur.
Dəfələrlə dövlət rəsmiləri bu cür hallarla bağlı telekanallara ciddi irad və narazılıqlarınıbildiriblər. Vəziyyət düzəlmək əvəzinə getdikcə daha da acınacaqlı hal alır. Modern.az saytı məsələ ilə bağlı “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun fikirlərini öyrənib.O bildirib ki, bütün kanallarda informasiya məhduddur və bir-birinin eynidir: “Özəl televiziya kanallarında maarifləndirmə yox dərəcəsindədir. Bütün güclərini şou proqramlara veriblər. Proqramlara eyni qonaqlar, eyni ekspertlər dəvət olunur, çeynənmiş fikirlər, ifadələr səslənir.
Tamaşaçı auditoriyasını əyləndirməyən, özündən uzaqlaşdıran bəsit verilişlər hazırlamaqla məşğuldurlar. Burda da onların öz fərdi marağı var. Azərbaycan tamaşaçısı artıq özəl kanallardan üz çevirib. İndi çox böyük imkanlar var. Tamaşaçı başqa ölkələrdə yayımlanan və maraqlarını təmin edən verilişlərə baxırlar, onlardan biri də mənəm. Azərbaycan teleməkanında ancaq informasiya proqramlarına baxıram.
Səviyyəsiz verilişləri efirə çıxartmaqda tamaşaçının heç bir təqsiri yoxdur. Tamaşaçının əlində yalnız uzaqdan idarəetmə var.
Hansı kanala baxırsan eyni vəziyyətdir. Ağrı-acısını da tamaşaçı özü hiss etmədən çəkir. Aşağı səviyyəli verilişlərlə auditoriyaya zövqsüzlük tərbiyəsi verir. Onların maariflənmək, nəyisə görüb-götürmək imkanını əllərindən alır. Bütövlükdə isə yeni tamaşaçılar yetişdirirlər ki, bunlar da dəyərsiz, səviyyəsiz, dilin qayda-qanunlarına əməl olunmayan verilişlərə baxmaq məcburiyyətində qalıb qəbul edirlər ki, bəli, veriliş elə belə olur”.
Bəxtiyar Sadıqovun sözlərinə görə, televiziya və mətbuat öndə getməli, insanların səviyyəsini yüksəltməli, zövq tərbiyə etməli, tamaşaçının bilmədiyin aşılamalıdır:
“Televiziyalar dünyada sənət, elm sahəsində gedən müsbət proseslər nə varsa, tapıb tamaşaçıya, oxucuya təqdim etməlidir. Bəlkə tamaşaçının onlardan xəbər tutmaq, məlumat əldə etmək imkanı yoxdur. Televiziyalar artıq bu funksiyanı daşımır. Ancaq müğənnilər, şou, bozbaş qazanı, səviyyəsiz verilişlər və sair. Ən ağrılısı odur ki, Azərbaycan ailəsi hədəfə çevrilib.
Azərbaycanın milli-mənəvi dəyərlərini məhv etməklə məşğuldurlar. Tamaşaçı bunun qarşısını kanal dəyişməklə alır. İndi binaların üzərində olan çanaq antenaların sayı günbəgün artır. Hamı yerli televiziyalardan üz çevirib başqa ölkələrin televiziyalarına baxır. Bu, belə olmalı deyil. Biz öz milli dəyərlərimizlə, dövlətçilik tariximiz əsasında insanları tərbiyə etməliyik. Azərbaycan özəl telekanallarında vətənpərvərliklə bağlı bir veriliş varmı?
Biz müharibə vəziyyətindəyik, müstəqilliyə yenicə qovuşmuşuq, xalqı, vətəni, dəyərləri sevmək, dövlətə töhfələr vermək lazımdır. Rəhmətlik Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında yazırdı ki, dərviş nağılına qulaq asmaq, it boğuşdurmaq, xoruz döyüşdürmək, hamamda gedib mürgüləmək nadanlıq əlamətidir. Bu gün insanları bir-biri ilə döyüşdürmək televiziya verilişlərinin mühüm hissələrindən birinə çevrilib”.
Yeganə OQTAYQIZI