Modern.az

Deputatlar və ziyalılar Xoşqədəm Hidayətqızıdan nələr DANIŞDILAR?

Deputatlar və ziyalılar Xoşqədəm Hidayətqızıdan nələr DANIŞDILAR?

16 Aprel 2015, 20:47

"Azad Azərbaycan" Televiziyasının (ATV) prezidenti Vüqar Qaradağlı ilə 5 il bu telekanalda yayınlanmış “Səni axtarıram” verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal davam edir.

Modern.az saytı xəbər verir ki, ATV rəhbərinin “Səni axtarıram”ın milli-mənəvi dəyərlərə zidd veriliş olmasını bəyan etməsi uzun illər bu proqramla əməkdaşlıq etmiş deputatların və tanınmış ziyalıların narazılığına səbəb olub.

Tibb elmləri namizədi, Azərbaycanın əməkdar müəllimi Rəşid Mahmudov deyib ki, Azad Azərbaycan Televiziyasının ən reytinqli proqramı “Səni axtarıram” verilişi idi:

““Səni axtarıram” verilişinin millətin savadlanmasında, ailə münasibətlərinin, ata-oğul, ana-qız münasibətlərinin qurulumasında çox böyük rolu var. Kim nə deyirsə desin, Xoşqədəm Hidayatqızının paxıllığını çəkənlər var. O veriliş ən birinci xalqın maariflənməsinə, insanların düz yola çağırılmasına xidmət edir. Digər verilişlər dilənçilik yayırlar ki, gəlin, sizə kömək edək. Belə kömək olur? Dövlət, səhiyyəmiz və həkimlər var, buraxın, bunları onlar etsinlər. O tipli verilişlər ayrı-ayrı məqsədlər güdürlər.
Azərbaycan telekanallarının verilişləri arasında “Səni axtarıram”dan reytinqli veriliş yoxdur və ola da bilməz. Mən həmişə o verilişdə ekspert kimi iştirak etmişəm. Digər verilişlərin hamısı şoudur. Şou verilişi bizə lazım deyil, bizə lazım olan millətin, xalqımızın maariflənməsi, düzgün yol seçməsi, səhv etməməsidir. Bu verilişdə o xidmətlərlə yanaşı, insanların səhvlərini aydınlaşdırmaqla onların əzizləri tapılıb ailələrinə qaytarılır. Həyatda bundan gözəl nə ola bilər.
Yayılan xəbərləri nə qəbul edirəm, nə də düzgün sayıram. “Səni axtarıram” verilişi əvvəllcə “Sən tək deyilsən” verilişi idi. Orada da hərdən iştirak edirdim.
Əgər insanların əleyhinə nəsə olsaydı, camaat “Səni axtarıram”a baxardımı? Bu verilişi xalqı düz yola aparan ən yaxşı proqram hesab edirəm. Kim nə hesab edir, etsin. Sifarişlə yazılan yazıları qəbul etmirəm. Hər kişi Xoşqədəmin gördüyü işləri görə bilməz. Çox qoçaq bir insandır və xalqımıza, dövlətçiliyimizə xidmət edən xanımdır. Biz həmişə Xoşqədəm Hidayatqızına dəstəyik”.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, “Səni axtarıram” verilişi son beş ilin Azərbaycan televiziya məkanında ən yaddaqalan və uğurlu layihələrindən biri olub:

“Verilişin mövzusu Azərbaycanda çoxdan tələb olundur. Veriliş ailələrin yenidən bərpa edilməsinə, yaxınlarını itirmiş insanların uzun illərdən sonra bir-birinə qovuşmasına kömək edin bir vasitə oldu. Baxmayaraq ki, bu tip verilişlər xaricdə də vardı, amma Azərbaycan variantı daha geniş və maraqlı oldu. “Səni axtarıram” nəinki itmiş insanları tapdı, eyni zamanda ictimaiyyətin də rəyini yaymağa şərait yaratdı. Son dövrlərdə xaricdə də itkin düşənlərin axtarışı ilə bağlı verilişlərin Azərbaycan variantının daha uğurlu olduğunu bildirirlər. 
“Səni axtarıram”ın təşkilatçıları verilişin küçə ruhuna düşməsinə və eyni zamanda ucuz auditoriya popurizmi yığmasına getmədi. Auditoriya bu verilişdən həm də mənəviyyat dərsləri götürdü, Azərbaycanın dünəni, bu günü ilə bağlı maraqlı fikirlər öyrəndi. Həmçinin gələcəkdə ailələrin dağılmaması üçün çox maraqlı söhbətlərin şahidi olduq.
Bu gün mən televiziya ilə veriliş təşkilatçıları arasında mübahisəyə qiymət vermək istəmirəm. Həm televiziyanın, həm də veriliş təşkilatçılarının bu proqramın ərsəyə gəlməsində çox böyük rolu olub. Xüsusuilə də, verilişin layihə ideyaçısı və aparıcısı Xoşqədəm Hidayatqızının bu verilişin ərsəyə gəlməsində çox böyük xidməti var. Onun bu illər ərzində şəxsən özünün səfərlərə getməsi, ssenari yazması və mövzu ilə bağlı geniş müzakirlər açması diqqətdə olan məsələlərdən biridir. Və “Səni axtarıram” verilişi Xoşqədəm Hidayatqızının şəxsində ümumən jurnalistikanın bitməyən imkanlarını bir daha göstərə bildi. Hesab edirəm ki, bu verilişin bundan sonra da yaşamaq və daim da uğurda olmaq şansı kifayət qədər yüksəkdir”.

Hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyev vurğulayıb ki, “Səni axtarıram” verilişində ekspertlər müəyyən fikirlərini söyləyir və müəyyən insanlara yol göstərirlər:

”O verilişdə milli məsələlərə zidd heç nə yoxdur və ola da bilməz. O verilişdə konkret insanların düşdüyü vəziyyət, onların itirilməsi, axtarılması bədbəxtçiliyinin necə aradan qaldırılması, ana-oğul, bacı-qardaş, ailənin ümumi dil tapması və.s kimi məslsələrə toxunulur. Mən uzun illər dövlət orqanlarında, 20 il daxili işlərdə işləmişəm və ilk illərim itkin düşmüş insanların axtarışı ilə bağlı olub. Sumqayıtda cinayət axtarışı üzrə inspektor işləmişəm. İnsanların axtarılmasından çox ağır iş yoxdur və ağır sahədir. Bu gözəl insan, qadın xeylağı, zərif bir ixanım təkbaşına bütün bu işləri təşkil edib. İndi özünə komanda yığıb, xarici ölkələri bu məsələrə cəlb edə bilib və onların köməyindən istifadə edib, bizim dəhşətli vəziyyətə düşmüş azərbaycanlıları xilas edir. Mən şəxsən belə insana uğurlar arzulayıram.
Bu xoşməramlı işlərdə maneçilik, badalaq vurmaq yox, əksinə, əl tutmaq, kömək etmək lazımdır. İnsan talelərindən, insanın düşdüyü bədbəxtçiliklərdən söhbət gedir. Belə işlərdə nə qədər əl tutsaq, o qədər yaxşıdır. Əl tutmaq Həzrət Əlidən qalıb. Gərək bir-birimizə dayaq olaq. İnsan təkcə özünü deyil, milləti, xalqı, vətənini düşünmək lazımdır. Hər hansı insan çətin vəziyyətə düşəndə biz ona biganə qalmamalıyıq. Biganəlikdən insan həyatı üçün böyük düşmənçilik yoxdur”.

Tanınmış jurnalist Seymur Verdizadə “Səni axtarıram”ı Azərbaycan cəmiyyəti üçün faydalı veriliş adlandırıb. S.Verdizadə deyib ki, digər verilişlərdən fərqli olaraq, “Səni axtarıram”da Azərbaycan cəmiyyətinin qaymaqları, tanımış ziyalılar, deputatlar insanlara xitab ediblər:

“Biz cəmiyyətə mühüm mesajlar verirdik. İnsanları səhv yoldan çəkinməyə, öz ata-analarına, övladlarına sahib çıxmağa, xeyirxah, alicənab olmağa səsləyirdik. Buna görə də tamaşaçılar “Səni axtarıram”ı izləyirdi. Təkcə əzizlərini axtaran insanlar deyil, bütövlükdə tamaşaçılar “Səni axtarıram”da nəsə tapırdılar.
“Səni axtarıram” Azərbaycan teleməkanının ən uğurlu lyihəsidir. Bunun gələcəkdə də belə olacağına inanıram”.
S.Verdizadə deyib ki, heç vaxt “Səni axtarıram”da milli-mənəvi dəyərlərə zidd olan, gənc nəslin tərbiyəsini korlayan süjet efirə getməyib:
“Azərbaycan teleməkanında keyfiyyət dəyişikliyinə ehtiyac var. Həqiqətən də bəzi verilişlərdə uşaqların tərbiyəsini korlayan hallar baş verir. Yaxşı olar ki, telekanal rəhbərləri o cür mənfi hallara qarşı tədbir görsünlər. “Səni axtarıram”da isə belə hallar yoxdur”.

Millət vəkili Rəfael Cəbrayılov isə bildirib ki, “Səni axtarıram” onun çox bəyəndiyi verilişdir:

"O verilişin milli-mənəvi dəyərə zidd olmasını heç vaxt görməmişəm. Verilişlərin reytinqi ölçülərkən bu verilişin reytinqi doğrudan da digər verilişilərdən çoxdursa, deməli, “Səni axtarıram” geniş tamaşaçı auditoriyası qazanıb. Düzdür, bəzən bayağı mahnıların da reytinqi çox olur. Amma bu veriliş tamamilə fərqli layihədir, cəmiyyətin ziyalıları gəlib “Səni axtarıram”dan bir tribuna kimi istifadə edirlər. Bundan başqa, veriliş gözü yolda qalan bir ananın gözünü yoldan yığırsa, deməli bu proqram lazımdır. Hər bir verilişin səhvi var. Ssenaristdən, verilişin aparıcısından asılı məsələlər var.

Xoşqədəm xanımı uzun illərdir ki, tanıyıram.  Mənim o verilişə də getməyimin ən böyük səbəbi Xoşqədəm xanımın dəvətinə xanım olduğu üçün etiraz edə bilməməyimdir, Bu verilişdə üç dəfə iştirak etmişəm.

Verilişin milli mənəvi dəyərlərə görə bağlandığını deməzdim. Düzdür, əvəllər “Toy olsun” və “Onun yarısı” verilişlərinin milli-mənəvi dəyərlərə zidd olduğunu demişdim. Amma “Səni axtarıram”da belə hallar yoxdur. 

Xoşqədəm mənim dostum və uzun illərdir tanıdığım insandır. Mən “Sən tək deyilsən” verilişinə getmirdim. Amma “Səni axtarıram”da kiminsə gözü yollardan yığılır, kiminsə bir ziyalı sözünə ehtiyacı olur...

Mən həmişə “Səni axtarıram” verilişindən bir ziyalı kimi tribuna kimi istifadə etmişəm. Mənim iştirak etdiyim verilişlərə fikir versəniz, görəcəksiniz ki, heç vaxt bir kişiyə deməmişəm ki, "a kişi utanmırsan, arvadın, oğul-uşağını atıb getmisən?". Bu, millət vəkilinin deyəcəyi söhbət deyil.
Aldığım məlumata görə, “Səni axtarıram” bağlanmayıb, yayımlandığı televiziya ilə əməkdaşlığını kəsib. O veriliş davam edəcək. Söhbət milli-mənəvi dəyərlərdən getmir. Xoşqədəm xanım efirdə dedi ki, "bizim verilişin kopyasını yaradıblar", söhbət əməkdaşlığın biri ilə dayanıb, digəri ilə davam etməsindən gedir”. 

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi