Fransız yazıçısı və tanınmış reportyoru Filip Tretiakla(Philippe Tretiack) Azərbaycan Fransız İnstitutunun çox sevdiyim gözəgəlimli zalında keçirilən görüşə özünə jurnalist deyənlərin çoxu gəlməliydi. Çünki o, dünya şöhrətli “Elle” jurnalının özü dediyi kimi yeganə kişi jurnalisti, dünyanın münaqişə zonaları, dəhşətli hadisələrin baş verdiyi məkanları başdan-ayağa gəzmiş bir insandır. Filip həm Çernobılda, həm Yaponiyanın radiasiya zonalarında, həm milyonlarla insanın məhv edildiyi Osvensimdə, həm Əfqanıstanda olub. Harada faciə, ölüm, təhlükə varsa, o yerlərə gedib, bunlardan yazıb. Görüşdə, deyəsən, cəmi iki jurnalist vardı: fransız dilini mükəmməl bilən Ayyət Əhməd, bir də fransız dilini öyrənməyə çalışan bəndəniz.
Memarlıq təhsili almış Filip Tretiak həm də “Olivye” nəşriyatında işıq üzü görən “Bizim xüsusi müxbirdən” adlı son kitabını təqdim etdi. Kitabda onun həyat yolundan, jurnalist sənətindən, moda və memarlığa olan münasibətindən söhbət açılır. Yüzlərlə reportajın müəllifi olan Filip onlardan kitab yaratmaq fikrinə düşür, əvvəlcə kitab 300 səhifə alınır, sonra çox ciddi imici olan “Olivye” nəşriyyatında ona kitabı ixtisar etməyi təklif edirlər. Kitab xeyli azalır, jurnalist ona təklif olunan düzülüşlə də razılaşır: əvvəlcə müxtəlif münaqişə zonalarında hazırlanmış 10 reportaj, sonra isə Filipin öz əhvalatı. Yəni bu reportajlar jurnalistin həyatının bir hissəsidir, ayrılmaz hissəsi.
Görüş zamanı Tretiak qəribə hadisələr danışdı, paxıllığım tutdu lap. Filip hətta italyan mafiyasının daxili quruluşunu da araşdırıb. Dedi, hələ Sovetlər dövründə Bolqarıstanda ona bir nəfər maraqlı fikir bildirib. Deyib, əgər kommunizmin nə olduğunu bilmək istəyirsənsə, elə mafiyanın necə qurulduğunu araşdır, eyni nəsnədir. Tretiak həmişə stereotip, şablondan uzaq olmağa çalışdığını da söylədi, çünki bir hadisə baş verəndə adətən jurnalistlər o yerə axır, hamı eyni süjet hazırlayır, o isə nəsə başqa bir nəyisə axtarır. Mafiyadan danışan birinə Filipin verdiyi sual onu çaş-baş salıb: fransız jurnalist mafiyadan yox, elə hey onun atası ilə bağla sual verib.
Bir jurnalist kimi mənə Filipin iş metodu maraqlıydı. Bu qədər məkanı necə gəzib? Maliyyəni necə tapıb, istiqaməti necə təyin edib? Jurnalist dedi, bütün imkanları ona “Elle” jurnalı yaradır, redaksiya jurnalistin potensialına inanır, hər bir xərcini ödəyir. Filip də jurnala verdiyi yazılarla böyük auditoriya toplayır. Daha bir maraq doğuran reportajdan danışan Tretiak bir dəfə İranda dini geyimlə bağla yazı hazırladığını söylədi. İranın dini lideri Ayətulla Xomeyninin geyimini tikən dərzilərlə söhbət edib, sonra bu məsələni tam araşdırıb. Jurnalist hazırda istənilən din xadiminin geyiminə görə tutduğu mövqeyini, hansı cərəyana mənsub olduğunu dəqiq təyin edə bildiyini də bildirdi. Belə reportajlara görə, yəqin onun qonorarı Azərbaycanın bir çox KİV-nin qazancından çox olar.
Tretiakın fikrincə, jurnalist müsahibin dediyi ilə yox, demədiyi ilə, yəni gizlətdiyi fikirlərlə maraqlanmalıdır. Bəzən çətinə düşən insan hətta öz-özünə belə demədiyi məqamları yad insana, jurnalistə bildirməyə hazırdır. Jurnalist də məhz bundan yazmalıdır. Yalanı yox, həqiqəti ifadə etməlidir. Bu həqiqət və yalan məsələsi də görüşdə maraq doğurdu. “Reportajda yalan necə ola bilər, axı jurnalist yalnız gördüyünü yazır”, “Sizin təqdimat insanlarda qıcıq doğururmu, yəni yazılıra görə sizdən inciyənlər olurmu” sualları Filipə yönləndi.
Fransız jurnalist problemi işıqlandırarkən hər hansı bir mütləq həqiqətin olmadığın vurğuladı. Birinə tam aydın həqiqət kimi görünən məsələ digəri üçün yanlış ola bilər. Dedi, mənim yazılarımda bəzən qurban və zalım bir-birənə qarışır, çünki əvvəl zalım kimi görünən birisi sonda özü qurbana çevrilir. Bəzən yaranan vəziyyət insanı müxtəlif rollara girməyə məcbur edir.
Azərbaycan mətbuatının, jurnalistinin belə imkanı yoxdur. Televiziya jurnalistini bəzən harasa göndərirlər, amma hər hansı redaksiyanın qapısını döyüb maraqlı süjet təklif etsən, uzaqbaşı 50-100 manat təklif edərlər, o da təklif etsələr. Mətbu orqanın ciddi olduğunu anlamaq da çətindir, çünki yan-yana şou xəbər və ciddi iqtisadi-sosial mövzular düzülür. Subay xanım müsahibə “övladlarınıza hansı qadağalar var və onlara necə nəzarət edirsiniz” sualı verilir, o da cavabında “Subay olduğum üçün heç kimə nəzarət sistemi tətbiq edə bilmirəm” deyir. Jurnalistikanı imitasiya edən orqanlarla doludur bizim media məkanımız.
Filip bir hadisə də danışdı. Vaxtilə o İrlandiyanın Belfast şəhərində olub. İngilis yerli əhalinin müqavimətini qırmaq üçün bura ordu yeridir. Protestant katolik münaqişəsi qanlı qarşıdurmaya çevrilir. Çətinliklə dolanan əhaliyə ingilislər xüsusi kupon paylayırlar, onları təqdim etməklə burada qurulmuş camaşırxanada istənilən paltarı cüzi qiymətə yuduzdurmaq olardı. Əlbəttə əhali paltarını bura aparır. Sən demə, bu məsələdə ingilisin xüsusi məqsədi varmış. Ora gətirilən paltarları ordunun xüsusi laboratoriyasında analiz edirmişlər. Hansı geyimdən barıt qoxusu gəlirdisə, deməli həmin evdə İrlandiyanın azadlığı uğrunda vuruşan döyüşçü varmış. Bu yolla ingilislər xeyli yaraqlını məhv edirlər. İrlandlar da məsələdən agah olan kimi ingilisin necə əsgərini öldürürlər.
Filip dedi, ingilisin hərəkəti heç də layiqli iş deyil, mənim işim belə halları yazmaqdır, mətbuatın missiyası budur.