Modern.az

AzTV sədrinin müavinləri dəyişdirildi - Köhnələr çıxarıldı, yenilər təyin edildi

AzTV sədrinin müavinləri dəyişdirildi - Köhnələr çıxarıldı, yenilər təyin edildi

5 May 2015, 15:00

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi baş verib. Prezident İlham Əliyevin sərəncamı ilə AzTV sədri Arif Alışanovun iki müavini - Cavanşir Cahangirov və Faiq Hüsiyev tutduqları vəzifədən azad olunublar.

Bu barədə Modern.az saytına Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib.

Xatirə Qasımova qeyd edib ki, onların yerinə yeni müavinlər gətirilib:

“Radio üzrə müavin Elsevər Dünyamalıyev, televiziya üzrə müavin isə Rəşad Nəsirov təyin olunub”.

Yeni sədr müavini Elsevər Dünyamalıyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini bitirib. 1997-ci ildən Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətində çalışır. AzTV-nin proqram direksiyasının redaktoru, baş redaktoru olub. 2009-cu ildən "İdman-Azərbaycan" telekanalına direktor təyin olunduğu vaxtadək AzTV-nin proqram direksiyasında şöbə müdiri işləyib.
E.Dünyamalıyev bu il aprelin 7-də AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında baş direktor vəzifəsinə gətirilmişdi.

Yeni sədr müavini Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Nərimanov rayonu 39 nömrəli məktəbi bitirib, 1999-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. Həmçinin 2002-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq - beynəlxalq münasibətlər fakültəsində qiyabi təhsil alıb.
1997-ci ildən 2001-ci ilə kimi ANS TV-də, 2002-2005-ci illərdə “Lider” TV-də aparıcı-redaktor vəzifələrində çalışıb.
2001-2002-ci illərdə Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəsətəsində həqiqi hərbi xidmət keçib.
2005-ci ildə İctimai Televiza və Radio Yayımları Şirkətinin «İnformasiya» departamentində işə düzəlib.
2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor vəzifəsində çalışırdı.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI