Qələbə və vətənpərvərlik
Rusiyada Böyük Vətən müharibəsi qələbəsinin 70 illiyi, Moskvada keçirilən Qələbə paradı möhtəşəmliyi ilə, rus xalqının öz vətən tarixinə, vətən uğrunda vuruşmaq əzminə, müharibə qurbanlarına və veteranlarına sonsuz ehtiramı ilə yadda qaldı. Müasir rus xalqının bu vətənpərvərliyi sayəsində 2015-ci il, 9 may Qələbə Günü bəşəriyyət tarixinə faşizm üzərində qələbənin 70 illiyi kimi əbədi daxil oldu.
Mən bu yubileyin Rusiya tərəfindən möhtəşəm hərbi paradla nümayiş etdirilməsini siyasiləşdirmək, bu tarixi hadisəni Rusiya dövlətinin hansısa siyasi maraqları ilə əlaqələndirmək, Qələbə bayramına subyektiv siyasi yozumlar vermək istəmirəm. Məni daha çox hadisənin başqa mahiyyəti maraqlandırır. Bu, rus xalqının, Rusiya ictimaiyyətinin Qələbəyə bu və digər siyasi münaqişədən asılı olmayan milli münasibətidir. Bu münasibətində Rusiya ictimaiyyəti əsl milli həmrəylik göstərdi. Doğrudan da, rus xalqı hadisəni tarixi bayramı kimi qarşıladı, 70 illik vasitəsilə dünyaya “qəhrəman və qalib rus ruhunu” göstərdi. Bu münasibətdə mən xalqın öz tarixi, qəhrəman keçmişi, müharibə qurbanları, müharibə iştirakçıları, hərbçiləri, vətəni düşməndən müdafiə edən oğul və qızları ilə necə səmimi bir qürur, şərəf duyduğunu, əsl vətənpərvərlik yaşadığını gördüm. Rus xalqının Qələbə gününə, Qələbənin səbəbkarlarına necə uca ehtiramla və yüksək milli-mənəvi dəyərlə yanaşmasının əyani şahidi oldum.
Halbuki, bu hadisəni müxtəlif bucaqlardan siyasiləşdirən, onu “sovet tarixi”, “Stalinin Almaniya ilə gizli sövdələşməsi”, “SSRİ bolşevizminin insanların inamından sui-istifadə etməsi”, “xalqlar həbsxanasının möhkəmləndirilməsi”, “xalqların nahaq yerə məhv edilməsi”, bu gün isə “Putinin SSRİ-ni bərpa etməsi, dünyaya hərbi güc göstərməsi” və s. bu kimi şərh edənlər elə Rusiyanın özündə də var. Buna baxmayaraq, mən bəzi politoloqların, siyasi analitiklərin, jurnalistlərin belə ifrat “ağıllı” mülahizələrinin təsiri altına düşməkdən uzağam. Mənim üçün başqa bir gerçək fakt var, o da müharibədə iştirak edən insanlar, onların vətən anlayışı, vətənə sevgisi və sadəqət hissləri, vətən yolunda ölümə getmələridir. Bu hadisədə insanlıq üçün daha gerçək və dəyərli olan mahiyyətli məsələlərdən ən önəmlisi Qələbəyə öz şanlı qəhrəmanlıq tarixinin bir hissəsi kimi milli qürurla yanaşan, bugünkü əmin-amanlığı üçün müharibə döyüşçülərinə, keçmiş nəsillərə “sağ ol” deyən milyonlarla insanın səmimiyyətidir. Hamı üçün deyil, məntiqli, çevik və ciddi düşünə bilənlər üçün daha bir maraqlı və önəmli məqam: Böyük Vətən müharibəsində təkcə rusların deyi, SSRİ-də müttəfiq olan xalqların da oxuduqları müharibə, səngər mahnılarının bu gün də ruslar tərəfindən sevilərək oxunması, müğənnilərin repertuarında səslənməsi, Qələbə paradında ifa olunması. Əhəmiyyətsiz görünə bilər, amma inanın, insanların qəhrəmanlıq ruhu və müqəddəs müharibə yaddaşı, həmrəylik və vətən uğrunda birlik psixologiyası elə o mahnılarda yaşayır və yaşanır...
Əlbəttə, yenə də deyə bilərik ki, o vətən bizim vətən deyildi, sovet vətəni idi və o vətən üçün ölənləri millətimizin qəhrəmanı saymaq olmaz və i.a. Gəlin, bu incə və həssas məqamda vətən anlayışına əyalətçi, ittihamçı, ədabaz, savadsız və Şuşasız təbəddülatımızla yanlış şərh verməyə tələsməyək. Gəlin, vətən, vətənpərvərlik və vətəndaşlıq kimi müqəddəs anlayışları mediamızın qeyri-peşəkar səviyyəsinə, vətənpərvərliyi lazımınca təbliğ etməməsinə, tariximizə qarşı unutqanlıq yaratmasına, əttökəm şouların və şoumenlərin reytinqlərinə qurban verməyək; onları əyalətçilik düşüncə tərzimizə endirməyək; onları bəzi telekanallardan aldığımız lağlağı və mənaslızlıq sindromu ilə şərh etməyək; onların dəyərini cibimiz və qarnımız uğrunda rüşvətxorluğumuzun və büdcəni mənimsəmək fırıldaqlarımızın fonunda “sovremmenı vətənpərvərliyimizə” yönəltməyək; onları mediada cari və ötəri mövzulardan biri kimi təbliğ eləməyək; onları milli teatrın lümpen ucalığında dayanan bozbaş piçekirsin, bu şəhərdənin və bakılı oğlanların, toppuş bacılarımızın və qulp dədəmizin ana dilimizə gülüş yaratmaq, rayonlulara, kasıb xalqı və ənənələrimizə ironiya etmək mədəniyyətsizliyində qavramayaq.
Qurur və fərəh
Mən 70 illik ərəfəsində Rusiya telekanallarında yayımlanan təbrikləri, reklam çarxlarını, ardıcıl verilişləri, müsahibələri izlədikcə, qəzetlərdə və kanallarda müharibə veteranları ilə bağlı materiallarla tanış olduqca bir tərəfdən fərəhləndim, o biri tərəfdən də təəssüfləndim.
Qürur duydum ona görə ki, bu hadisə təkcə rus xalqının deyil, SSRİ xalqlarının, müxtəlif müttəfiq respublikaların birgə qələbəsi kimi təbliğ olunurdu. Rusiya jurnalistləri bu müharibədə Azərbaycanın da iştirakını dəfələrlə qeyd etdilər, hətta Rusiyanın müxtəlif bölgələrindən olan veteranların Azərbaycan veteranları ilə həmrəyliyini, təbriklərini nümayiş etdirdilər.
Qürur və fərəhlə deyirik ki, bu müqəddəs müharibədə Azərbaycanın qəhrəman oğul və qızları da döyüşüblər, canlarını qurban veriblər, müharibədəki igidliyə görə ən müxtəlif orden və medallarla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunublar. Azərbaycan xalqının 1941-1945-ci ildə faşimz əleyhinə, ari irqçiliyin bütün dünya xalqları üzərində ağalığına qarşı müharibədə digər xalqlarla birlikdə iştirak etməsi yalnız o dövrün, o tarixin kontekstində deyil, elə Azərbaycanın bu günkü reallıqları kontekstində də, çağdaş vətənpərvərlik, tolerantlıq, humanizm, vətəndaşlıq tərbiyəsinin aktuallığı kontekstində dəyərlidir və qürurvericidir. Azərbaycan oğul və qızlarının 1941-1945-ci illərdə torpaq, vətən, xalq, azadlıq, xoşbəxt gələcək uğrunda qəhrəmanlığı, döyüş əzmi bu günün və sabahın gəncləri üçün həm tarixi, həm milli, həm də vətənpərvərlik baxımdan qiymətli bir örnəkdir.
Niyə də qürur duymaraq?
Azərbaycan bu müharibənin ön cəbhəsində də, arxa cəbhəsində də mərdliklə, əzmlə, igidliklə döyüşüb. Bakıda, bölgələrdə qadınların, qocaların, yeniyetmə məktəblilərin fasiləsiz iş rejimi, ağır və faciəli günlər, aclıq, mənəvi yaralar və bütün bunlara ümumi məqsəd naminə sinə gərmək. Arxa cəbhə həm də yaradıcı insanların, alimlərin döyüş səngəri idi. Biləndə ki, SSRİ-nin müharibəni udmasında, bu Qələbədə akademik Yusif Məmmədəliyevin yüksək oktanlı benzini kəşf etməsi çox mühüm rol oynayıbdır, bundan bir Azərbaycanlı kimi qürur duymaya bilmirsən. Biləndə ki, Üzeyir Hacıbəyli qələmini süngüyə çevirib döyüş mahnıları yazıbdır, insanlara mənəvi dəstək, ruh veribdir, qonararlarını və maaşını isə valideynsiz uşarlara, yaralıların müalicəsinə, istedadlı gənclərin qayğısına xərcləyibdir, bu tarixdən fərəhlənməyə bilmirsən.
Bu 5 ildə Azərbaycan qadının mübarizliyi, dözümü, əzabkeşliyi, öz ailəsinə, ərinə son dərəcə sadiqliyi gələcək nəsillərə - bizlərə mənəvi bir örnəyə çevrilməyibmi?
Avropada faşizmlə müharibədə partizan hərəkatında, kəşfiyyat və əks-kəşfiyyatın fəaliyyətində Azərbaycanlıların da iştirakı, az qala əfsanə təsiri bağışlayan qəhrəmanlıqları vətənini, tarixini, millətini sevən hər bir Azərbaycan insanını niyə fərəhləndirməsin? Bu müharibədə Mehdi Hüseynzadə kimi partizan dəstələrində vuruşan, qəhrəmanlığı ilə Avropa xalqlarını təcavüzdən, irqi və etnik genosiddən xilas edən onlarla Azərbaycanlımız olub. Müharibə illərində Fransa Müqavimət Hərkatının görkəmli nümayəndəsi, Fransanın fəxri vətəndaşı, Fransanın ən yüksək təltiflərinin, o cümlədən, Fəxri Legion Ordeninin daşıyıcısı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası, görkəmli kəşfiyyatçı Əhmədiyyə Cəbrayılovu da gənclərimizə nümunə göstərə bilərəm
Xalqımızın oğul və qızlarının vətən anlayışını uca tutması, bu ucalıq naminə ölümə getməsi, vətən əsgəri kimi səngərdə düşmənlə üz-üzə döyüşməsi, yoldaşını ən çətin vaxtda belə darda qoymaması, “vətən uğrunda” deyib ölümün ağuşuna atılması, qələbəyə inamı, “hamı qələbə üçün” prinsipi ilə yaşaması, sözün həqiqi mənasında qürur, fərəh doğuran faktlardır. Şübhə etmirəm ki, Azərbaycan kişisinin bu qəhrəmanlıqları onun tarixi yaddaşından, ərənlik genindən, döyüşkən ruhundan, mərdliyindən irəli gəlirdi. Ona da şübhə etmirəm ki, SSRİ-dəki vətən və vətənpərvərlik tərbiyəsi xalqların vətən uğrunda savaşında, qələbəsində böyük rol oynayıbdır.
Təəssüf ki, Azərbaycan mediası – qəzetlər, informasiya agentlikləri, xəbər portalları, televiziya və radio kanalları Azərbaycan ərazilərinin işğal altında olduğu, ölkənin müharibə şəraitində yaşadığı indiki bir dönəmdə bu Qələbə yubileyini lazımi səvəyyədə qeyd eləmədilər, tarix və qəhrəmanlıq yaddaşımızı təzələmədilər. Səbəbi ya savadsızlıqda, qeyri-peşəkarlıqda və bundan dolayı hadisənini mahiyyətini dərk etməməkdə, ya da sadəcə bir Azərbaycanlı olaraq vətəndaş biganəliyimizdədir. Bəli, mediamız yalnız 8 və 9 may günlərində respublikamızdakı tədbirlər haqqında xəbər verməklə kifayətləndilər. Bəhanəmiz olmasın. Zənnimcə, Şuşanın işğalı da medianın gündəminə yetərincə gətirilmədi.
Azərbaycan mediasından gözlədik, amma...
Gözlədik ki, telekanallar səhər verilişlərinə veteranları dəvət edib, əvvəldən sona qədər onları dinləyəcək, onların fədakarlığını, tövsiyələrini təbliğ edəcək, bilmədiyimiz yeni faktları ortaya qoyacaqlar.
Gözlədik ki, qəzetlərdə, kanallarda, İnternetdə respublikanın rayon və şəhərlərində yaşayan müharibə veteranları ilə görüşlər, müsahibələr, süjetlər, təbriklər yayımlanacaq.
Gözlədik ki, o zaman döyüşdə və ya arxa cəbhədə “müharibə uşaqları” olan indinin yaradıcı insanlarını, müəllimlərini, həkimlərini, təqaüdçülərini cəmiyyətimizə tanıdacaqlar.
Gözlədik ki, “müharibə dövrünün mahnıları” adı ilə konsertlər, ifalar səslənəcək.
Gözlədik ki, Azərbaycandan olan Sovet İttifaqı Qəhrəmanları haqqında silsilə verilişlər, materiallar yayımlanacaq.
Gözlədik ki, Qələbənin 70 illiyinin verdiyi böyük imkandan media subyektləri yararlanacaq və Azərbaycan alimi akademik Y.Məmmədəliyevin kəşfini, Azərbaycanlıların partizan və kəşfiyyat qəhrəmanlığını Avropanın yadına salacaq, bu barədə Avropa mətbuatında silsilə təhqiqat məqalələri, xarici dillərdə süjetlər yayımlayacaqlar. Məsələn, Messi və Şakira ilə, əxlaqsız top-model gözəlçələrlə, aparıcı Mətanət və Elgizlə, aşıq Telli və toyçu Abbas ilə, sabah adı “it dəftərində” də olmayacaq hansısa qalstuklu məmurla, İnternetdə pozalar verən istedadsız müğənni, aparıcı və məqalə yazanlarımızla, efirin biabırçı şou-qəhrəmanları ilə müqayisədə Azərbaycanın əsl qəhrəmanı Əhmədiyyə Cəbrayılovu məktəb yaşlı yeniyetmələr, gənclər, tələbələr heç tanımırlar. Amma bu şəxsin Fransa xalqının azadlığı uğrundakı qəhrəmanlığını Azərbaycanın da, Fransanın da gəncliyi tanımalıdır. Belə bir imkan əlimizə düşmüşdü. Heç olmasa, Fransanın Azərbaycandakı səfirliyi ilə birlikdə Əhmədiyyə Cəbrayılovun xatirəsinə tədbir düzənləmək, Fransa mediası vasitəsilə bu şəxsiyyəti gənclərə tanıtmaq olardı. Şəkidə bu qəhrəmanın ailə üzvləri ilə görüşüb, yaxşı bir veriliş hazırlamaq, gənclərə qəhrəman insanlarımızı tanıtmaq olardı.
Gözlədik ki, Böyük Vətən Müharibəsi qəhrəmanları və veteranları haqqında sənədli filmlərin çəkilişinə başlayacaqlar.
Amma təəssüf ki, bunların heç biri olmadı. Bir-iki kanalda Mehdi Hüseynzadə haqqında bir-iki məlim söhbətdən savayı... AXC-Müsavat və Mütəllibov hakimiyyəti mənsublarının Qarabağ hadisələri haqqında neçə il əvvəl çəkilmiş mübahisələrinin yenidən təkrarından və bir neçə filmin təkrar-təkrar nümayişindən başqa...
Nəyi və niyə unutmayaq?
Ayıb olsun, Azərbaycan mediası. Unutmayın ki, bu qələbədə Azərbaycan xalqının böyük payı var və media mənsublarımız bu həqiqəti həm öz millətimizə, həm Rusiyadakı xalqlara, həm də 70 illiyə qatılan ölkələrə xatırlatmalı, bu ölkələrdə qəhrəmanlıq göstərmiş Azərbaycan oğullarını onların və bizim gəncliyə tanıtdırmalı idi. Biz isə, yalnız bir neçə xəbər yaymaqla işimizi bitirdik. Bu hadisə Avropa Oyunları münasibətilə ölkəmizə turist axının başladığı vaxta təsadüf elədi və bu imkanı də nəzərə almadıq...
Gəlin unutmayaq. Böyük Vətən müharibəsi iştirakçısı, veteran dediyimiz insanlar respublikamızda sayca çox deyillər. İllər ötdükcə, bu yaşlı insanların sayı on dəfələrlə azalır. Yaxın bir vaxtda onlar barmaqla sayılacaq qədər az qalacaqlar. Kim bilir, Qələbənin yubileyi bir də nə vaxt keçiriləcək və bu yubileydə iştirak etməyə, məlumat verməyə bir müharibə qəhrəmanı tapacağıqmı?
Yəqin belə getsə, 9 may Qələbə Günü, məsələn, 5-10 ildən sonra respublikamızda qeyd olunmayacaq, ictimai əhəmiyyət daşımayacaq. Bizim milli gəncliyimiz isə belə vətən tərbiyəsinin və ideologiyasının müqabilində gələcəkdə bu müharibə, qələbə haqqında da, onun şöhrətli Azərbaycan qəhrəmanları haqqında da, XX əsr tariximizin bu qəhrəmanlıq səhifələri və şəxsyyətləri haqqında da heç bir məlumata malik olmayacaqlar. Onsuz da qloballaşma deyilən nəsnə milli düşüncələrə, o cümlədən, vətən, xalq, adət-ənənə kimi anlayışların yaddaşlardan silinməsinə kifayət qədər güclü təsir göstərir. Sanki bu təsir ölkəmizdə ilk növbədə özəl mediamızın “reytinqli verilişləri” və dünyanın “qlobal hakimiyyət” subyektlərinin atdıqları “sümüyə” yalmanan daxildəki və xaricdəki bəzi “kosmopolit” həmvətənlərimizin elektron “ictimai fəallığı” ilə həyata keçirilir...
Belə gedişlə (artıq göründüyü kimi), bizim gələcək nəslimizdə də vətən, millət, mənəviyyat, ənənə, əxlaq, qəhrəmanlıq, şəhidlik, düşmən, torpaq anlayışları kökündən dəyişəcək, ya da yerli-dibli olmayacaq, nəhayət onlar da “günün harada xoşdu, ora vətəndi” deyə qlobal-kosmopolit əxlaqı ilə düşünəcək, növbəti “komiklərimiz” və “bəşəri düşüncə” sahibli media mənsublarımız və “vətənpərvər” məmurlarımız isə bu anlayışları yeni gülüş və ironiya mövzusu kimi təbliğ edəcək, ya da onların haqqında yeni “qorodskoy anekdotlar” qoşacaqlar.
Keçmiş Qələbə yubileyimiz mübarək!