Modern.az

Hansı jurnalistlər mükafatlandırılacaq? – Baş redaktorlardan CAVAB

Hansı jurnalistlər mükafatlandırılacaq? – Baş redaktorlardan CAVAB

10 İyun 2015, 09:18

İyunun 6-da Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov baş redaktorlarla keçirilən görüşdə mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılacağını deyib. O, redaksiyalarda hazırlanacaq siyahının prezidentə təqdim ediləcəyini də bildirib.

Redaksiyalar namizədlərin siyahısını müəyyənləşdiribmi?

Modern.az saytı bu sualla baş redaktorlara müraciət edib.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:

“Bununla bağlı biz müzakirələr aparırıq. Yaxın vaxtlarda iclasımız olacaq. Ondan sonra qərarımızı qəbul edəcəyik. Redaksiyamızda kifayət qədər təcrübəli jurnalist var. Görüşdə müəyyənləşdirilən formata uyğun olaraq qeyd olunmuş meyarları nəzərə alaraq şəffaf şəkildə ən doğru seçimi edib siyahını təltif üçün Prezident Administrasiyasına göndərəcəyik.

Hələ ki,  qərar qəbul olunmadığı üçün necə nəfərin namizədliyini verəcəyimizi deyə bilmərəm”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

“Bu, Azərbaycan jurnalistlərinin peşəkar həyatında olduqca mühüm bir hadisədir. Prezident İlham Əliyev və Prezident Administrasiyasına təşəkkür edirik. Çünki Azərbaycan jurnalistlərinin əməyi bir daha qiymətləndiriləcək. Jurnalistlərdə də əmək fəaliyyəti üçün yeni stimul yaranacaq.

Biz artıq ilkin iclas keçirmişik və namizədlərimizi müəyyənləşdirmişik. Amma onların siyahısı dəqiqləşməyib.

Əli Həsənov siyahının minimum sayda olmasını bildirib. Ona görə də biz dəqiq sayı qərarlaşdırıb, hər şey dəqiqləşəndən sonra bu haqda xəbər verəcəyik”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

“Namizədlər hələ ki müəyyənləşdirilməyib. Bununla bağlı heç iclas da keçirilməyib. Yəqin ki, yaxın günlərdə iclas keçirdib əməkdaşlardan kimlərin dövlət mükafatı ilə təltif olunması qərarlaşdırılacaq.

Hesab edirəm ki, “Şərq” tarixi olan qəzetdir. Bizim kifayət qədər jurnalistimiz var. Onlar mükafatlandırılmalıdır. Nisbətən minimum sayda əməkdaşların siyahını müəyyənləşdirib təqdim edəcəyik”.

“525-ci qəzetin” baş redaktoru Rəşad Məcid:

“Biz siyahını müəyyənləşdirsək də, mətbuata açıqlamayacağıq. Həmin siyahını rəsmi qurumlara göndərəcəyik. Ola bilsin ki, 2-3 əməkdaşın adı verilsin”.

“Yeni Müsavat”qəzetinin baş redaktoru Rauf Arifoğlu:

“Bu barədə ilkin söhbət eləmişik. Amma hələ ki tam siyahını müəyyənləşdirməmişik”.

SEVİNC YASİNQIZI     

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi