Modern.az

Mətbuat tarixçisi: “Firudin Köçərlinin Əli bəy Hüseynzadə haqqındakı təhqirləri çox sərtdir” - MÜSAHİBƏ

Mətbuat tarixçisi: “Firudin Köçərlinin Əli bəy Hüseynzadə haqqındakı təhqirləri çox sərtdir” - MÜSAHİBƏ

Media

12 İyun 2015, 15:44

Qərənfil Quliyeva: “Əhməd bəy Ağaoğlu Nərimanova yazmışdı ki, vətənə qayıtsa, torpağı qarış-qarış öpəcək”

Bir neçə gün bundan öncə ölkə prezidenti Azərbaycan mətbuatının 140 illiyi ilə əlaqədar sərəncam imzalayıb. Azərbaycan mətbuatı özünün  140 illik dövründə müxtəlif çətinliklərlə üzləşib. Modern.az saytı mətbuat tarixçisi, BDU-nun dosenti Qərənfil Quliyeva ilə bu barədə söhbət edib:

- Sizcə, 140 illik mətbuat tarixinin ən parlaq dövrü hansıdır?

- Mətbuat çox çətin bir dövrdə yarandı. İnsanlar Zərdabini kafir adlandırırdılar. O, məclisə gələndə durub çıxırdılar. Onlarda da günah yox idi. Çünki əksəriyyəti maarifdən kənar insanlar olub. Nadanlıq, xurafat səbəbindən bu cür münasibət yaranırdı. Amma bunlar Zərdabini işindən kənarlaşdıra bilmədi. O, Azərbaycan mətbuatının əsasını qoydu  və bu gün də onun formalaşdırdığı bünövrə üzərində hərəkət edirik.

Mətbuat tarixinin ən parlaq dövrü isə Cümhuriyyət dövrüdür. Azad söz ilk dəfə olaraq o dövrdə deyildi. Mətbuat Nizamnaməsi o zaman qəbul edildi. Senzuraya son qoyuldu. Hansı senzura ki, o az qala bütün yazarları şikəst etmişdi.

- Amma mətbuat tarixinin elə xadimləri olub ki, onlar bu yolda xeyli iş görmələrinə baxmayaraq,  kölgədə qalıblar. Onlara misal olaraq kimləri göstərə bilərsiniz?

-
Bizə elə gəlir ki, Nemanzadə tədqiq edilib. Amma onun irsinin, çox az bir qismi araşdırılıb. O zaman yalnız rəhmətlik Şamil Qurbanov onun barəsində cəmi bir monoqrafiya yazdı. Ondan sonra Ömər Faiq öyrənməmiş qaldı. Az-maz yazılar yazıldı. “Molla Nəsrəddin” jurnalı deyərkən hamımızın göz önünə Cəlil Məmmədquluzadə gəlir. Amma halbuki, Mirzə Cəlilin tanınmasında və “Molla Nəsrəddin”in uğur qazanmasında bəlkə Mirzə Cəlildən də çox iş görən Ömər Faiq olub. Çünki Cəlil Məmmədquluzadə Tiflisə gedəndə ədəbi mühitdə kimsə onu tanımırdı. Bu işdə Ömər Faiq ona çox yardımçı oldu. Ömər Faiq olmasaydı, Mirzə Cəlil Mirzə Cəlil ola bilməzdi, “Molla Nəsrəddin” də yaranmazdı.  Bildiyimiz kimi, onu 1937-ci ildə öldürdülər və irsinin çox hissəsi üzə çıxmadı. Daha sonra bir neçə qadın jurnalistimiz var ki, onlar öyrənilməlidir. Göylü qızı Gülarə və Məryəm xanım Əlverdibəyovanı buna misal göstərə bilərik. Göylü qızı Gülarə də 1937-ci illərin qurbanı olub. Düzdür, o, əvvəlcə bolşevik mətbuatının təmsilçisi olsa da,  sonradan səhvini anlayıb və milli ideologiyaya xidmət edib. Çox təəssüf ki, o da repressiyanın qurbanı oldu. Məryəm xanım isə o vaxtın  ən məşhur jurnalistlərindən biri olub. Məryəm xanımın fəaliyyəti o vaxtın xanım jurnalistlərinə nisbətdə daha əhatəli olub.

Romantik məktəbin nümayəndələrindən Abdulla Surun adını mütləq çəkməliyiik. Onun çox nakam həyatı olub. Ümumiyyətlə, romantiklərin çoxunun nakam həyatı olub. İstər Abdulla Sur olsun, istərsə də digər “Füyuzatçı”lar - Səid Səlmasi, Namiq Kamal, Xalid Xürrəm Səbribəyzadə və başqaları, onların haqqında demək olar ki, heç danışılmır. Elə Abdulla Sur kimi nakam taleli adam yalnız bir istiqamətdə öyrənildi. Halbuki, Abdulla Sur o zaman Azərbaycan ədəbi tənqidində Seyid Hüseyn, Firudin bəy Köçərli ilə bərabər 3 ən böyük nümayəndələrdən biri idi.
Elə Seyid Hüseynin özü də öyrənilməlidir. O zaman 40-dən çox mətbu orqanda çıxış edib. Elmi, publisistik, ədəbi-tənqidi məqalələr yazıb. İndi bunlar araşdırılmalıdır.

- Qərənfil xanım, mətbuat klassikləri arasında o zaman müəyyən konfliktlər yaranıb. Bunun səbəbləri barəsində danışa bilərsiz?

- Bir vaxtlar az qala deyirdilər ki, o dövrdə Mirzə Cəlillə Əli bəy Hüseynzadə düşmən olublar. Amma sonradan arxivlər açıldı və biz gedib oradakı materiallarla daha dəqiq tanış olandan sonra  gördük ki, əsla deyil. Onlar arasında şəxsi deyil, sadəcə yaradıcılıq intriqaları olub. Onlar sadəcə bir-birilərinin yazı dili, ifadə forması ilə razılaşmırdılar. Həmidə xanım Məmmədquluzadənin xatirələrində də bunu görə bilərik. Amma bəzi klassiklər olub ki, onlar yazı dilinə görə Əli bəy Hüseynzadəni nəinki tənqid,  hətta təhqir də ediblər. Məsələn, Firudin bəy Köçərli xalqımızın çox dəyərli maarifçisi olub. Amma onun Əli bəy Hüseynzadə haqqındakı tənqid və təhqirləri çox sərtdir. Mən onu Firudin bəyə heç cürə yaraşdıra bilmirəm. Kiminsə dili qəliz ola bilər. Amma onu bu dərəcədə şişirtmək, bu dərəcədə sərt reaksiya vermək ziyalı bir insana yaraşmaz.

- Bəs Əhməd bəy Ağaoğlu necə, ona qarşı da təzyiqlər olub?

- Əvvəlcə onu deyək ki, Əhməd bəy Ağaoğlunun ömrünün sonları çox ağrılı keçib. O zaman qürbətdə yaşayırdı. Nəriman Nərimanovdan Azərbaycana gəlmək üçün xahiş etmişdi. Çox istəyirdi ki, ömrünün sonunda Şuşanı görsün. Hətta Nərimanova məktubunda yazmışdı ki, əgər vətənə qayıtsa, vətən torpaqlarını qarış-qarış öpəcək. Amma Nərimanov onun gəlişinə icazə vermədi. Mətbuat tarixçilərimizdən olan rəhmətlik Qulam Məmmədli də deyirdi ki, nə yaxşı ki, o zaman Nərimanov onun gəlişinə icazə vermədi. Yoxsa, o da repressiyaların qurbanı olacaqdı. Konfliktlərə gəlincə isə, Ağaoğlu xasiyyətcə çox çılğın olub. Elə bu səbəbdən də onun bəzi şəxslərə konfliktləri yaranırdı.  Onun xatirələrində də bu barədə maraqlı məqamları görmək olar. Bəziləri deyirdi ki, hətta o, özü ilə tapança da gəzdirirmiş. Ən çox da riyakar din xadimləri ilə arası olmayıb.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi