1903-cü il. Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsərinin əsas personajı Novruzəli ağasının məktubunu poçt qutusuna atıb qutunun yanındaca gözləyir. Gerisini bilirsiniz...
1992-ci il. Müstəqilliyinə yeni qovuşmuş Azərbaycan dövlətinin vətəndaşı ən azı bir ay vaxt itirib, nəhayət parlament sədrinin qəbuluna düşə bilir. Sədr ondan gəlişinin səbəbini soruşur. Vətəndaş söyləyir ki, “yağış yağanda mənzilinin damı su axıdır”. Sədr başını tutur: “bu ölkədə “JEK”-in işindən ötrü Milli Məclis sədrinin qəbuluna gəlirlər”...
2015-ci il. Azərbaycanın xalq artistlərindən biri Prezident Adminstrasiyasında yüksək vəzifəli şəxsin qəbuluna gedir. Səbəbini soruşanda “jurnalist Seymur Verdizadənin “yaxşı oğlan” olduğunu etirafda bulunmaqla yanaşı, ona verilişlərdə ekspertlik etməyə imkan vermədiyi”ndən gileylənir. Məmur mat qalır...
Bilmirəm, sizlər daha nə qədər belə nümunə-görkəzmələrlə rastlaşmısınız. Amma təəssüf ki, bunlar xalqımızla bağlı danılmaz faktlar, həqiqətlərdir. O faktlara söykənməklə 112 ildə neçə millimetr “irəli getdiyimizi” sübuta yetirə bilərsiniz məncə. Misallarımızdan birində “xalq artisti”nin iştirakı olduğundan bu titulla bağlı gerizəkalılığımızı isbatlayan bir arqumenti götürək. SSRİ-nin süqutundan sonra postsovet məkanında “xalq şairi”, “xalq artisti”, “əməkdar artist” fəxri adlarına ehtiyac qalmadığı barədə müxtəlif mövqelər ortaya qoyuldu. Onu da diqqətinizə çatdırım ki, bu mövqelər keçmiş SSRİ boyu çox sanballı ziyalılar, düşüncə adamları tərəfindən gündəmə gətirilmişdi. O dövrün gənc jurnalistləri həvəslə bu yeniliyə qoşuldular. Bu istiqamətdə xeyli sayda əsaslandırılmış yazılar yazıldı. Əski dövrün yaşlı jurnalistlərisə həmişə olduğu kimi, bu məsələdə də yeniliyə qarşı çıxırdılar.
Amma görün indi nə baş verir? Uzun müddət Söz Azadlığını Müdafiə Fondunda (SAMF) layihə koordinatoru, media eksperti və bir vətəndaş olaraq media sahəsi ilə bilavasitə maraqlandığımdan TV-lərimizdə gedən bir sıra verilişləri “vərəqləməli”, canlı şahidə çevrilməli oluram. Bu dövrün gənc aparıcıları Zaur Kamal, toyxana səviyyəli şousu ilə özünü qəhrəman qismində təqdim edən Mikayıl Güləddinoğlu və başqaları həmin titulları yerli-yersiz (əksərən yersiz) o qədər təkrarlayırlar ki... Bəs bunlar gənc jurnalistlər, müasir aparıcılar deyil? Hər halda, indiki nəsildi. Heç özləri bir aparıcı kimi SSRİ dönəminin o sxolastik “diktor-aparıcılıq” qəliblərinə girmək istəməzlər də. Bəs niyə bu qədər gözə soxurlar o dövrün ab-havasından gələn titulları?! Gənclik irəliyə boylanmalıdı, geriyə yox...
İrəliyə can atmayan millətin sabahı qaranlıqdı. O özü seçir öz yolunu. Nədənsə belə məqamlarda məşhur “Titanik” filmindəki bir epizodu xatırlamaq keçir ürəyimdən: Bileti udmuş Cek gəmiyə gecikəcəyinin stresini yaşamağın qorxusundan qışqıra-qışqıra sürətlə qaçır. Gecikməyi bu anda labüd edən həm də sərnişinlərin əşyalarının və bədən təmizliklərinin yoxlanması vacibliyidir. Bu həyəcanlı qaçışsa diqqətləri yalnız onun hərəkətlərinə, deyəcəyi sözlərə yönəldir. Və bu anda bütün dünya tamaşaçısının diqqətini zaman-zaman özünə cəlb edəcək ifadə səslənir: “Biz amerikalıyıq. Bizdə bit olmur”.
Bu həm də heç gözlənilmədiyi tərzdə sənət adamlarının öz xalqı, Vətəni qarşısında bəlkə də tamamilə ekspromt və ya düşünülmüş (bu məqamda bunun bir o qədər fərqi yoxdur) şəkildə əvəzsiz tarixi xidməti – ölkəsinin və xalqının strategiya şəklində təbliğinə hesablanmış faktordur. Tarixi fürsətdən görürsünüzmü necə yararlanır intellekt sahibləri?! İş yalnız çal-çağırla, diringilərlə bitmiş olsaydı, nə vardı ki...
Bu gün bəsit şou-proqramlara, mənasız, heç bir ictimai əhəmiyyət kəsb etməyən qalmaqallara, sənətkarın sənətkar olaraq taleyində heç bir iz buraxmayacaq titul yarışlarına görə mənasız efir dəqiqələri, qəzet kağızı, internet portallarını korlayanlar əvəzində həmin zaman kəsiyində sabahçün maarifləndirici bir arqumenti tamaşaçısının, oxucusunun beyninə yeridə bilər. Elə “Titanik”dəki o məqam sayağı diqqətləri cəlb edə bildiyi anda o jesti istifadə edə, lap kobud ifadə etsək, gözə soxa bilərlər (Yeri gəlmişkən, Zaur Kamalda bu xüsusiyyətin mümkünlüyünü hiss etdiyimdən onu əlahiddə şəkildə qeyd elədim, burada xüsusi bir qərəz-filan axtarmağa lüzum yoxdur). Nəticədə tamaşaçı hansısa məlumatı yaddaşına əbədi həkk edər, şübhəsiz ki maariflənər. Maariflənmiş millətsə gedib günlərlə Milli Məclis sədrinin qəbulunda vaxtını güdaza verməz evinin damdığına görə... Maariflənmiş millət poçt qutusunun böyrün kəsdirib durmaz. Bilər ki, poçta atılanın sədası poçt qutusunun yanında yox, çox-çox uzaqlarda eşidilməkdən ötrüdür... Titulu mütəmadi gözə çəkilən “xalq artisti” jurnalist dostumuz Seymur Verdizadənin efirləri müəyyənləşdirmədiyini anlamaqda bu qədər çətinlik çəkməz, kənarda kömək axtarmaz, əvvəlcə o titulu ona qazandıran qafasını hərəkətə gətirər, məmurdansa onun öz səlahiyyətinə uyğun problemin həllinə kömək istəyər. Əlbəttə ki, ilk növbədə Vətəni, sonra özəl maraqları naminə...
Sonrası... Sonrasına sizlərdən münasibət gözləyirəm. Daha zəngin faktlarla.