“Əkinçi”nin dinə münasibəti.
Əlimərdan bəy Topçubaşov deyirdi ki , “Əkinçi”nin yaradılması Həsən bəyin öz xalqına pioner xidmətinin ən uca zirvəsi olub. Bəli, müasir dövrdə mətbuat varsa, biz hər birimiz buna görə Həsən bəy Zərdabiyə və “Əkinçi”yə minnətdar olmalıyıq. Çünki mətbutımızın inkişafı, azadlığı və müstəqilliyi üçün “Əkinçi” çox əziyyət çəkib.
“Əkinçi”ni dövrün tələbi yaradıb, ona görə də qəzetin mövcudluğu millət və mətbuatın tərəqqisi üçün labüd idi. “Əkinçi”nin ətrafına dövrün dəyərli ziyalıları toplaşıb. Başda Həsən bəy Zərdabi olmaqla, hər bir ziyalı əzmkarlıq və əsl vətənpərvərlik nümayiş etdirirdi. “Əkinçi” ona görə yaranıb ki, dövrünün ictimai -siyasi problemlərini səhifələrində işıqlandırsın, həlli üçün istiqamət göstərsin.
Zərdabini narahat edən məsələlər...
Həsən bəy Zərdabinin “Əkinçi”yə qədər və “Əkinçi”ylə birgə getdiyi yol haqqında Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov daha ətraflı məlumat verir:
“Necə oldu ki, birdən gəlib “Əkinçi” qəzetini buraxmaq istədi. O, məhz "Əkinçi" adında qəzet buraxmalı idi? Faktlar göstərir ki, qətiyyən belə deyildi. Zərdabini narahat edən kəskin problemlər var idi. O isə problemlərin həlli yolunu axtarırdı. Yəni daha çox xalqı maarifləndirmək, xalqı yeni inkişaf yoluna çıxarmaq istəyirdi. Zərdabi Moskva Dövlət Universitetini bitirəndə Universitet rəhbərliyi ondan xahiş edir ki, qalıb Moskva Dövlət Universitetində dərs desin. Zərdabi isə işləyib öz xalqına yardım etmək arzusundaydı. Zərdabi Borçalı mahalında torpaqların bölünməsi üzrə məhkəmə komissiyasının sədri olub.
Görün, bioloq gəlib hüquqi vəzifədə oturdu. Zərdabinin fəaliyyəti, fəaliyyətinin məzmunu, sadə kütləyə tərəf çıxması, torpaq bölgüsündə ədaləti qorumağı, qaraguruhçuları təmin etmirdi. Sonra isə Bakıda qəza idarəsində stol rəisi, masa rəisi, məktubları qəbul edən kimi çalışıb. Orada da Zərdabinin boynuna qoydular ki, gələn ərizələrin çoxunu özü yazıb. Çünki həmin dövr əhalinin çoxu savadsız idi və rus dilini bilmirdi”.
Müsahibimiz deyir ki, təzyiqlərə dözməyən Zərdabi buradan da çıxıb:
“Xeyli müddətdən sonra yenə hüquqi işə gedib. Bu dəfə isə Qubada barışıq məhkəməsində çalışıb. Burada dostları ilə yanaşı, düşmənləri də olub. Hətta Zərdabiyə güllə atıblar. Zərdabi Bakıya qayıdıb, bir müddət pullu vəkil işləyib.
Zərdabi Pedoqoji Sovetin katibi idi. Qaragüruhçular zamanla daha çox Zərdabini sıxışdırmağa başlayır. Deyirlər, “sən çıx buradan, get başqa yerdə müəllim işlə”.
Bəlkə də, nəzərdə tuturdular ki, Zərdabinin həyat yoldaşı Hənifə xanım türk qızı idi, yəni deyirdilər ki, “Get arvadın olan yerdə işlə”.
Zərdabi isə deyib ki, “mən körpə uşaqlı adam şəhərdən çıxa bilmərəm. Siz məni işdən azad edin”.
Beləcə, onu işdən kənarlaşdırırlar, Zərdabi Bakıda iş axtarmağa başlayır. 1880-ci ildən Zərdab kəndinə qayıdır və 16 il orada yaşayır. Qaragüruhçu mühitə işıq sala biləcək insan, uzaqlara getməli olur. O, Ə.Topçubaşovla "Kaspi" qəzetində birgə işləyir. Baş redaktor Ə.Topçubaşov, müvəqqəti redaktor isə Zərdabi idi. İlk qız məktəbinin pulsuz yaradırlar.
Bu məktəb Hacı Zeynalabdin Tağıyevin idi. Amma bütün işləri təşkil edən Zərdabi və Topçubaşov idi.
İndiki Əlyazmalar Fondu həmin qız məktəbinin binası idi. Bir müddət sonra Həsən bəy Zərdabi Xeyriyyə Cəmiyyəti açır.
Z.Tağıyev də Zərdabi ilə birgə dəftərlə gəzir, pul toplayırdılar ki, Xeyriyyə Cəmiyyəti təşkil etsinlər. Xeyriyyə Cəmiyyətinin hesabına məktəb, yetimxana açmaq istəyirdilər.
Doğrudur, çox çalışdılar, lakin tam arzularına çata bilmədilər. Axırda Zərdabi deyir ki, “bəylər, məni plova qonaq eləyiblər, amma heç biri pul vermir. Söz verən çox olsa da, pul göndərən azdır”.
Tarixi səhv
Ədəbi tətqiqatçılarımızın, ədəbi tənqidçilərimizin beyninə çürük mülahizə daxil olub ki, Milli teatrın əsasını qoyan ilk tamaşa M.F.Axundzadənin “Sərgüzəşti-Vəziri Xani Lənkəran” komediyası idi. İlk dəfə Axundzadənin “Hacı Qara komediyası” tamaşaya qoyulub. Real Gimnaziya şagirdlərinin iştirakı və əməyi ilə bu tarixi hadisə baş tutub.
Tiflisdə isə rus dilində “Sərgüzəşti-Vəziri Xani Lənkəran” əsəri tamaşaya qoyulub.
Onunla “Hacı Qara”nı qarışdırırlar, tarixini səhv deyirlər.
Zərdabi nə klassik ateist idi, nə də klassik dindar. O dövrünün böyük mütəffəkkiri, təbiətşünas alimi idi. Zərdabinin “Dil və Din” adlı məqaləsi var ki, bunlar qoşa qanadlardır, biri olmasa, digəri də zəif olar. Onlar birgə yaradılıb. Dil də bizə lazımdır, din də.
Dilini və dinini əldən verən xalq elə bil ki, varlığını əldən verib. Ulu öndərimiz Heydər Əliyev də bu məsələni qoydu ki, dini dəyərlərimiz bərpa olunmalıdır.
Ümumimilli liderimiz Heydər Əliyev də, indiki hörmətli prezdintimiz İlham Əliyev də prezident seçiləndə başlarını “Quran”a söykədilər. Zərdabi “Əkinçi”də “Elm Əbdan” “Elm Ədyan”ın qarşılıqlı münasibətlərini qoyub. “Elm Ədyan” din elmləri, “Elm Əbdan” bədən elmləri, yəni dünyəvi elmlər demək idi. Zərdabi düşünüb ki, eyni məktəbdə molla həm dünyəvi elmləri deyir, həm də dini. Ona görə də bu məsələni kəskin sürətdə qaldırır. Nəcəf bəy Vəzirov, Əsgər bəy Adgözəlovun məqalələri çıxıb ki, bizə dünyəvi elmlər lazımdır.
Zərdabini şeyxülislam müdafiə elədi
Bəzən din adıyla xürafət verib, onu tənqid ediblər.
Hətta “Əkinçi”nin bu mübarizəsində Həsən bəy Zərdabini şeyxülislam müdafiə elədi. Şeyxülislam deyirdi ki, bizim “Quran”ımız, bizim peyğəmbərimiz hər iki elmin tədrisini vacib sayırdı. Elm bütün müsəlmanlar üçün lazımlıdır. Elm üçün lazım olsa, uzaq Mancur və Çin vilayətinə getmək olar. “Əkinçi”də qaldırılan “Bizə hansı elmlər lazımdır?”, “Elm Əbnan” “Elm Ədyan” XIX əsrin dairəsində XX əsrdə də davam etdirilib.
Əbu Turab Axundoğlu məsələni qaldırıb. “Necə yəni? Dindən başqa siz hansı elmdən söhbət aça bilərsiniz?”. Əli bəy Hüseynzadə isə cavab verib “Bizə şəriət də lazımdır, riyaziyyat da, coğrafiya da”.
Bununla Zərdabiyə qarşı ciddi hücumlar başlanır. Çirkin həcvlər yazılır. Məsələn, Şamaxı şairi adıyla bir şeir göndərilib: “Nə hacət tikana güli-yasəməni ad edələr, sənə Həsən yox, erməni adı daha çox yaraşır”.
Zərdabini tənqid edib və deyib “kişisənsə, bunu çap elə”. Zərdabi isə deyir, “çalışacağam ki, sənin bu sözlərin pünhan qalmasın. Fikrim isə budur ki, Qarabağın sərhəddində bir daş basdırım, bu həcvi onun üstünə yazdırım, qoy gələcəkdə balalarımız buradan keçərkən həmin sözləri oxuyub bilsinlər ki, mən milləti qəflət yuxusundan ayıltmağa çalışarkən hansı nadanlarla rastlaşmalı oldum”.
“Əkinçi” necə dəfn olundu
M.F.Axunzadə bu tənqidi məqalələri oxuyub və deyib: “Sənə qarşı yazılan bu kəskin məqalələri dərc et. Sonra xeyrini görəcəksən”.
Zərdabi isə düşünüb ki, bu məqalələri çap etsə, qəzeti yandırarlar, onu güllələyərlər. O, Axunzadəyə belə cavab verib: “Əzizim Mirzə Fətəli bəy, yazdığınız çox düzgündür. Amma onun üzərinə nazik pərdə çəkib, çap edərəm”.
Və o məqalələr çap olunmadı. Bütün çətinliklərə baxmayaraq “Əkinçi” qəzeti o dövr üçün bir işıq idi.
Elə bil Alov parçası idi. Bax necə ki, indi bu Avropa Oyunlarında bizim məşəl bütöv Azərbaycanı gəzdi. Gələcəkdə də dünyanı gəzəcək. Elə “Əkinçi” qəzeti də Alov parçası idi cəmi ikicə il gəzib. 1877-ci ildə Zərdabinin yazdığı kimi “Əkinçi” dəfn olundu. Çünki həm özünü təqib etdilər, həm də ideyalarını.
Amma o ideyalar yox olmayıb, əksinə burjua mətbuatına əsas ideya sütunu olub.
Yaqut ASLANOVA