Modern.az

Mətbuat və mədəniyyət tariximizdəki silinməz imzalar - Ünsizadə qardaşları

Mətbuat və mədəniyyət tariximizdəki silinməz imzalar - Ünsizadə qardaşları

Media

9 İyul 2015, 11:12

Türk dünyasının mətbuat tarixində vaxtilə – Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya  göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olub.

Ünsizadələr  üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda “Ünsi” təxəllüsi ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman Əfəndi oğlanlarına  yaxşı adlar seçmişdi. Böyüyün adı Səid idi. Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi. Hər üçü  sağlığında  türk dünyasının tanıdığı aydınlar idi. Səid  və Cəlaləddin ömürlərinin son illərini İstanbulda başa vurdular.Yəqin ki, hələ də İstanbulun Şirvanlılar yaşayan məhəlləsində bu nəslin törəmələri yaşayır.
   
Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış, məktəbdarlıqla məşğul olmuş, bir müddətdən sonra -1870-ci ildə,  iqamətgahı Şamaxıda  yerləşən Bakı  Quberniyası Əhli-Təsənni idarəsinə üzv seçilmişdi. Sonralar, M.F.Axundzadənin yaxın dostlarından biri olan şamaxılı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndə, Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə  Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə  təyin olunmuşdu. S.Ünsizadə bu vəzifədə işləyərkən həm öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, həm də  maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olmuş, Bakı qubernatorunun hüsn və rəğbətini qazanmışdı.  

Onun bu istiqamətdəki ən önəmli işi 1874-cü ildə  D.Staroselskinin icazəsi ilə  yaradılan  Şamaxı “Məclis  məktəbi” idi.  Bu məktəb adı pedaqogika tariximizə düşən məktəblərdəndir. “Məclis məktəbi” yeni tipli təhsil ocaqlarından idi. Məktəvdə şagirdlərin sağlamlığına da, təhsil və tərbiyəsinə də fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur, yazılar yazı lövhəsində yazılır, ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri də keçirilirdi. Müəllimlər  təkcə dərs deməklə kifayətlənmir, dərslik  və müxtəlif risalə və kitabçaların tərtibində və yazılmasında  fəallıq göstərirdilər. Təkcə bu faktı göstərmək gərəkli görünür ki,bu məktəbdə işləyən və bu məktəblə işgüzar münasibətləri olan müəllimlər  işgüzarlığına və maarifçilik məsələləri ilə ilgili fikir və düşüncələrinə görə quberniyanın digər məktəb müəllimlərindən fərqlənirdilər.

Haşıy: 2014-cü il  dekabrın 13-də Şamaxıda "Məclis məktəbi"nin  140 illik  yubileyi keşirildi. Yubiley   təntənəsinə  paytaxtdan  dəvət olunan bir neçə ziyalının - Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayevin, "Məclis məktəbi"nin varisi Şamaxı Avropa Liseyinin qardaşlaşdığı  Avropa Azərbaycan Məktəbinin direktoru  Graem Pollockun, şamaxılı alim Məcid Əfəndiyevin və başqalarının  çıxışları tədbiri daha da rövnəqləndirdi. Bu tədbir  respublikamızda son illərdə  keçirilən möhtəşəm pedaqoji hesabat  konfransı  idi. Nə yaxşı ki, Şamaxı Rayon Təhsil İdarəsi yubiley tədbirlərini tarixdə qalmaq üçün  sinemalaşdırıb. Məhəmmədhüseyn Şəhriyarın təbirincə desək , pedaqoji irsimizi qiymətləndirən hər bir şamaxılının gözlərində indi bir sinema pərdəsi var.

Haşiyədən mövzuya qayıdırıq.  "Məclis məktəbi"ndə dərs deyən və bu  məktəblə işgüzar  əlaqələri olan S.Ünsizadə, C.Ünsizadə, S.Ə.Şirvani,  A.Çernyayevski  XIX əsrin 80-ci illərində Azərbaycan dilində  yazılan oxu  kitablarının və dərslikliklərin  müəlifləri və rəyçiləri idilər. 1876- cı ildə Səid  Ünsizadəni Tiflisə – dövlət əhəmiyyətli bir layihənin   hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəti ilə  ilgilidir.  S.Ünsizadə ona tapşırılan işin öhdəsindən bacarıqla gəldiyinə görə Tiflisdə daimi işdə qalır. O, Zaqafqaziya Əhli-Təsənni İdarəsiniin əvvəlcə  ştatda olmayan əməkdaşı kimi  fəaliyyətə başlayır. Tiflisdə-regionun baş şəhərində yaşamaq imkanı C.Ünsizadəni milli əhəmiyyətli işlərlə  daha dərindən məşğul olmağa sövq edir. Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan,  hələ Şamaxıdan tanıdığı  D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək, Səid Əfəndi Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlcə daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları  alıb gətizdirir. Sənədlərdən məlum olur ki,Tiflisdə yaşayan Azərbaycan ziyalılarının İstanbuldakı Babəli caddəsində yerləşən mətbəə rəhbərləri ilə  işgüzar və səmimi münasibətləri olub.  S.Ünsizadə Azərbaycan dilində mətbəə  və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Gəlaləddin Əfəndini də Tiflisə  dəvət edir. Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə –  müəyyən mətbəə peşələri üzrə fəhləliyə  cəlb edilir. S.Ünsizadə  1878-ci il dekabrın 12-də  Tiflisdə  “Ziya” adlı  həftəlik  qəzetin nəşrinə icazə alır. Hakim dairələrə tanışlıq üçün göndərilən   proqramında  “Ziya”  qəzetində  dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ  həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi.



“Ziya” qəzetinin  ilk nömrəsi 1879-cu ilin yanvar ayının 25-də  Tiflisdə  çap edilib. Qəzetin 1879-cu il yanvar ayında çıxan ilk 2 nömrəsi tədqiqatçılara məlim deyil.  Həftəlik  “Ziya” qəzetinin ilk nömrəsinin tarixini   onun 1879-cu il fevralın 8-də  çıxan 3-cü nömrəsinin tarixinə əsasən müəyyən etmək olur.  Bizə elə gəlr ki, “Ziya”nın  1879- cu ilin  əvvəllərində  həftənin cümə-şənbə günü çıxan ilk nömrələrini  Türkiyədə  yaşayan  Azərbaycan  əsilli  türk ailələrinin  şəxsi kitabxanalarından tapmaq olar. Qeyd edək ki, müsəlman təqviminə görə 1879-cu ildə “Ziya”nın həm yanvardan, həm də   dekabr ayından başlayan ilk nömrələrinin sıralanması 1 rəqəmindən başlayıb (N1 (25.01.1879); N2 (01.02.1879); N3 (08.02.1879); N4 (15.02.1879) və N1 (06.12.1879);  N2 (13.12.1879);  N3 (20.12.1879);  N4 (27.12.1879) N5 (03.01.1880); N6 (10.01.1880)…
Başqa sözlə, 1879-cu ildə “Ziya”nın ilin əvvəlindəki nömrələrində də, dekabr ayındakı nömrələrində də 1, 2, 3, 4 rəqəmlərindən nömrə göstəricisi kimi  istifadə olunub. “Ziya”nın birinci səhifəsində iki sünbül  çələngi arasında  adı və dərc olunduğu il göstərilib. Başlığın yerləşdirildiyi çələngin sağında oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır:

“Qəzetəni verən Səid Ünsizadə. Qəzetəmiz basılmaqdan (litoqrafiya çapından-N.N .) ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır. “Ziya” qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə  mütəəlliq hər bir  növ kağızlar  qəzetə müdirinin adına göndərilir”.

Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində  qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin  səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır:  " Qəzetə ümuratının (işlərinin,əmrlərinin-N.N.)  müdir və mühərriri  Cəlal Ünsizadə. Qəzetəmizin bir  sənəlik  qiyməti- 6 manat, altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik Elamnamələrin  hər bir sətrinə 10 qəpik. Mənfəətlü  və  yaxşı  xəbərlər  pulsuz  qəbul və təb olunur”.

Qısa bir müddətdə “Ziya” türk dili başa  düşülən bütün türk torpaqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin birində -Tambovda sürgündə olan “Əkunçi”nin  əkinçisi Mirzə Həsən Əlqədari, İstanbuldan şirvanlı Şahin əfəndi,  Münif əfəndi, Bağçasaraydan İsmayıl bəy Qaspıralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan  adını yazmadan Həsən bəy Məlikzadə Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə , İrəvandan  Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, anası alman, atası fransız olan  məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç  Bezobrazov , Moskvadan Əlisəfa, R.Əliyev, N.Vəzirov, Əsgər ağa Gorani Adıgözəlzadə  və başqaları   “Ziya”ya məktublar göndərir. Müxtəlif məzmunlu bu məktub və maqalələr türk dünyasının  ziddiyətlərlə dolu olan bir zaman kəsimi baxımından çox maraqlıdır.

S.Ünsizadə türk dünyasını  öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə pəncşənbə günü çıxan qəzet  çətinliklərlə qarşılaşsa da, Ünsizadə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər. Qəzetdə  bəzən süni qarşıdurma yaradılırdı. S.Ünsizadə qəzetin baş məqalələrinin birində  təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə qayğı göstərməyi,  "hər kəsə öz xörəgini verməyi" ondan tələb edirdi.                 


Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal əfəndi 1882- ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə  ayda bir dəfə çıxarmaq şərtilə  “Kəşkül” adlı məcmuə çıxarmağa icazə istəyir.  Qafqaz Senzor Komitəsi  1882-ci il oktyabrın 20-də  Cəlal Ünsizadəyə “Kəşkül” adında jurnal çıxarmağa icazə verir. 

Cəlal Ünsizadə  əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında  1883–cü il  yanvar ayının 31-də 28 səhifəlik “Kəşkül” jurnalını qardaşı Səid Ünsizadənin  “Ziya” adı ilə tanınan mətbəəsində çap etdirdi.     
Türk dünyasında  yaxşı təbliğ edilən, yaxşı işıqlandırılan, “Ziya” qəzetində böyük təcrübə qazanan  və bunu dəfələrlə özü etiraf edən  İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin nəşrinə hələ  2 ay 10 gün qalırdı. (İ.Qaspralının “Tərcüman” qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxmışdı).

Təəssüf ki, bir sıra mətbuat tarixçiləri  “Kəşkül”ün ilk nömrələrini qəzet kimi  təqdim edirlər. Bu səhv yanaşma nəticəsində dərsliklərdə də "Kəşkül" məhz qəzet kimi  kimi işıqlandırılıb. "Kəşkül"ün ilk 11 nömrəsi jurnal şəklində çıxmşdır. 1884-cü ilin mart ayından - 12-ci nömrədən başlayaraq  "Kəşkül" qəzet şəklində nəşr edilib.  "Kəşkül"ün sonuncu  123-cü nömrəsi 1891-ci il  oktyabr ayında çıxıb.
“Kəşkül” sözü  – hind qozu qabığından hazırlanan dərviş çantası deməkdir. “Kəşkül” sözü klassik Şərq ədəbiyyatında  “ədəbiyyat , şeir   toplusu ” məzmununu da verir.

Cəlal Ünsizadə jurnalın  müqəddiməsində əslində Ünsizadə qardaşlarının  yekdil  fikir birliyi  olan  yeni nəşrin proqramı və adı  haqqında  yazırdı: “Bu cəridədə  nə növ mətləblər yazılacağını  bu günkü nüsxənin elanat səhifələrində  zikr edirik, amma  burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili  və ibarəsi  məmləkətimiz müsəlmanlarının  məfhumi olan türki Azərbaycan dilindən ibarət olacaqdır. Amma bununla belə  ərəbi və farsi  dili  sevən müsəlman qardaşlarımız  dəxi bu cəridə vasitəsilə  faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə  dəxi əhvalat  və məqalət  qəbul  və dərc olunacaqdır. Nə fənuni-maddi və ülumi-dünyəvi tə
“Kəşkül”ün üz qabığında  məcmuənin adı, adın altında ilk nömrənin  tarixi hicri və miladi təqvimlə göstərilmişdi:  hicri-1200,  miladi – 1883. 

Sonrakı sətirdə jurnalın ədəbiyyat və siyasiyyatdən bəhs edəcəyi yazılmışdı. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir  Daha sonrakı sətirlər belədir:

Birinci sənə. Mah -rəbiüləvvəl-1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1 (birinci nömrə – N.N.). 

”Kəşkül” Ünsizadə qardaşlarının mətbu fikri daha geniş yaymaq üçün düşünülmüş addım idi.  Ünsizadə qardaşları hansı yolla olursa-olsun nəşriyyat və mətbuat sahəsindəki birinciliyi  qoruyub  saxlamaq  fikrində olmuşlar. Cəlal Ünsizadə “Kəşkül”də yazır: “Bizlərdən çoxu var ki, mətbəə və  mətbuat  nə olduğunu bilməz və bilmək dəxi istəməz”. Müəllif  bilmək  öyrənməkdən  üz çevirənlərə  onları məşğul olduqları  boş və bihudə  xəyal aləmindən  ayırmalarını vacib sayır. Oxucu ilə belə  fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolunu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın   millət  və  qövmin   düşüncə tərzində öz əksini  tapdığı qənaətinə gəlir.

“Kəşkül”dəki felyetonlar da oxucular narahat edən məsələlərə  həsr olunub. XIX əsrin 70-80-ci illərində felyeton qəzetin, jurnalın  indikindən fərqli məna  bildirirdi. Felyeton əvvəllər ciddi  janr sayılırdı. Felyetonun  qəzet və jurnallarda  daimi yeri olurdu. Sonralar felyetonlarda  qaldırılan məsələlərdə  özünü göstərən bir sıra  nöqsanlar oxucuda  gülüş döğurmuş, felyetonlar əvvəlki müsbət çalarlarını itirmişdi. Jurnaldakı felyetonların birinin müəllifi S.Atamalıbəyovdur. Bu yazı “Aldığımız bir  vərəqədir” adlanır.

Jurnalın ilk nömrəsində A.Bakıxanovun “Təhzibül-əxlaq” əsəri haqqında  yazı müəlifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.)  də özünə yer tapmışdı. Jurnalda 1877- ci il Dağıstan hadisələri də işıqlandırılıb. Jurnaldakı ədəbiyyat bölümünün yazıları da oxucuların diqqətini cəlb edir. ”Əmsali-Loğman”dan  seçilən  yazı “Bir Arslan ilə iki Öküz” adlanır. Tərcümənin müəllifi Cəlaldır.    

Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri  tərcümə sənəkarlığı baxımından maraqlı görünür.

                                                                ***

Yazıda “Kəşkül” jurnal formatında çıxan 11 nömrəsinin birincisindən söz açdıq. “Kəşkül”ün ilk nömrələri  uzun illər idi ki, itmiş hesab olunurdu. ”Kəşkül”ün  ilk  11 nömrəsi jurnal  həçmində  (formasında)  çıxıb.  Onun bəzi nömrələrinin  tədqiqatçılar üçün əlçatmaz olması  türk mətbuat tarixinin   sistemli şəkildə öyrənilməsini ləngidib. 1884-cü il martın 22-dən “Kəşkül” jurnalı qəzet kimi fəaliyyətini davam etdirib. 1891-ci ilin oktyabr ayında “Kəşkül” öz nəşrini dayandırıb.

 Nazim Nəsrəddinov,
 Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin (EAS) Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi