“Qulaq gündə bir söz eşitməsə kar olar”. Bəli bu məsələ boşu-boşuna deyilmiyib. Yaşadığımız dövrdə informasiya hər saniyə yenilənir və dəyişir. Lazımdır ki, üzvü olduğun cəmiyyətdə nə baş verdiyindən xəbərdar olasan.Dəqiq informasiyanı haradan və necə əldə etməli? Oxuduğun məlumatın dəqiqliyinə necə əmin olmalı?
Modern.az saytı bu sualların cavabını araşdırmağa çalışıb.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu Əminə İlyaslı:
“Hazırda əsas informasiya mənbəyi daha çox sosial şəbəkələrdir. Hətta saytlar bəzən sosial şəbəkələrə istinad edirlər. Bu isə vətəndaş jurnalistikasını inkişaf etdirməklə bərabər hər kəsin özünü jurnalist zənn etməsinə və zaman keçdikcə də jurnalistika sənətinin radiolar və teleqraflar kimi sıradan çıxmasına səbəb ola bilər. Hər kəllədən bir səs ifadəsi”.
Digər müsahibimiz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Tərlan Yusif:
“Məlumatları daha çox internetdən əldə edirəm. Çünki xəbər televiziya və radiodan qabaq informasiya saytlarında yayımlanır. Buna görə də, internetdə bəzi xəbər agentliklərinə abunə olmuşam və yeni xəbərləri abunəlik sayəsində hamıdan tez əldə edirəm”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin digər tələbəsi Əfsanə Salehova:
“Rəsmi mənbələr və illərdir öz sözünü demiş radio sayt online tv-yə baxıram. Bir neçə saytdan oxuyuram məlumatı. Filankəs geyindi, soyundu, təcavüz edildi, öldürüldü kimi başlıqları olan xəbər saytlarını və ya jurnalist etikasını gözləməyən saytlardan informasiya oxumuram. Sosial şəbəkədə hansısa xəbər üçün mənbə sayıla bilər. Hansısa mətbuat katibi, təşkilat sədri öz facebook səhifəsində nə isə yazır, hansısa məsələyə münasibət bildirir, ya da tvit atır. Gündəmi izləmək üçün sosial şəbəkələr yaxşıdırş. Hesab edirəm ki doğru xəbər üçün güvəniləcək saytlar radio və online tv öz sözünü deyir”.Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi Nurlan Səlim:
“Mənim üçün informasiya günün önəmli hadisələri haqqında düzgün məlumatdır. Bundan əlavə maraqlı və bir çox sahələr haqqında da informasiya əldə etmək vacibdir. İnformasiyanı etibar etdiyim mənbələrədən alıram ki, buradan da sonuncu suala cavab tapmaq olur. Düzdür medianın indiki vaxtında dəqiq mənbə tapmaq çətin olur, lakin bunlar az da olsa var. Çalışıram ki, təcrübəyə əsaslanan, uzun illər fəaliyyət göstərib, yalan məlumat ötürməyən, sensasiyalara çox fikir verməyən yerlərdən informasiya əldə edim. Yeni fəaliyyətə başlayan yerlər də olar, təki informasiya siyasəti düzgün olsun”.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Rahil Əmirxanov:
“Son zamanlar hamı kimi mənimdə informasiya mənbəyim sosial şəbəkələrdir. Yazılan hər şeyə inanmıram. İnandığım və fakt olaraq mənbəni sübut edən saytlar var, oradan nəyisə oxuyanda daha inandırıcı olur. Xüsusi olaraq hər gün sayta girib nəsə axtarmıram. Onsuz günlük həyatda xəbərlər adamı tapır. Ümumiyyətlə Azərbaycandakı xəbərlər çox vacib olmadığı müddətcə diqqətimi çəkmir.
Bakı Dövlət Sosial İqtisadi Kollecinin məzunu Mikayıl Həsənli:
“Mən xəbərləri əsasən informasiya portalından əldə edirəm. Facebook vasitəsilə paylaşılan mənbəyi olan xəbərləri oxuyuram. İnformasiyanın mənbəyi mənim üçün çox önəmlidir. İnformasiyanın mənbəyi əsaslı olmalı, faktlara dayanmalı və ən əsası insanlara dəqiq çatdırılmalıdır. Davamlı olaraq izlədiyim xəbərlər isə ölkədə baş verən ictimai-siyasi hadisələrdir. Ölkənin daxili və xaricində gedən proseslərin ölkəmizə hansı təsirləri verməsiylə maraqlanıram və sadə vətəndaş kimi özüm üçün analiz edirəm”.
Məsələylə bağlı hüquqşünas, media eksperti Ələsgər Məmmədlinin də fikirlərini öyrəndik:
"Ümumiyyətlə hazırkı dövrdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı və sosial şəbəkə gerçəyi sözsüz ki, gəncləri daha çox özünə çəkir. Gənclər isə belə olduqda ənənəvi mediadan daha çox, online media vasitəsilə məlumat əldə edirlər. Belə deyərdim ki, bu tək gənclərə yox, inkişaf etmiş cəmiyyətlərə məxsus xarakterik xüsusiyyət kimi formalaşıb. Mobil telefonlar hər yerdən informasiyaya çıxış imkanını və sosial şəbəkələrə inteqrasiyanı təmin edir. Bu da klassik üslublardan əl çəkib, yeni üslubda, yeni metodda daha sürətli informasiya əldə etmək üçün imkan yaradır.
Mənbə baxımından isə fərqi yoxdur ya klassik media olsun, ya da yeni media olsun. İnformasiya yaratma və ötürmə metodologiyası ikisində də eynidir.
İnformasiya metodunu dəyişə bilər, yeni vasitələrlə təqdim oluna bilər, amma mənbə baxımından eynidir. Məsələn, İngiltərədə ilk on online media resursu ölkədə ilk onluqdadır. Onun 50%-dən çoxu ənənəvi deyil, online mediadır. Bu o deməkdir ki, ənənəvi media sürətli transformasiya prosesini yaxşı başa düşür və əməl edir”.
Yaqut ASLANOVA