Yay mövsümündə bəzi televiziyaların bir sıra verilişləri, özləri demişkən, tətilə (?) çıxırıar. Qəribədir, nə tətil? Müəllif verilişləri olduğu üçün həmin verilişlərin aparıcıları məzuniyyətə gedəndə verilişləri də “məzuniyyətə” gedir. Artıq bu dəbə çevrilib. Buna sözüm yoxdur, belə olsun. Biz də bu “tətil” başa çatanadək, daha doğrusu, mövsüm açılanadək bəzi mülahizələrimizi bölüşmək istərdik.
Əvvəla, son zamanlar ciddi söz-söhbətə səbəb olan şou proqramların aparıcıları barədə.Tamaşaçıların yekdil rəyini nəzərə alaraq elə qabaqcadan deyək ki, şou proqramlar hazırlanan televiziyalarda aparıcılar reytinq qazana bilmirlər. Kişilər arasında lider aparıcı, heç şübhəsiz ki, Murad Dadaşovdur. Murad Dadaşovun aparıcılıq qabiliyyəti, ekran mədəniyyəti, ən çətin situasiyalardan məharətlə çıxmaq bacarığı, nadir səs tembrinə malik olması, ana dilində təmiz natiqliyi çoxlarını heyran qoyur və seyrici ondan ayrılmaq istəmir. Bu aparıcının verilişləri birmənalı şəkildə cəzbedici olur. Bir sözlə, yeganə aparıcıdır ki, şou verilişlər mövzusuna görə deyil, aparıcısına görə reytinq qazanır. Şou verilişlərin 1 nömrəli aparıcısı haqqında geniş bəhs etmək olar. Lakin məqsədimiz başqadır.
Qadınlar arasında 1 nömrəli şou aparıcısı isə ATV kanalının “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevadır. Onun aparıcılığı elə yüksək səviyyədədir ki, tamaşaçı ona heyranlıqla baxır, ayrılmaq istəmir. Fitri istedada malik aparıcı həmkarlarından fərqli olaraq, həm təmiz dildə danışır, həm mövzudan xəbərdar olur, ədəbiyyatdan, dildən, tibbdən, tarixdən, bir sözlə, hansı mövzudan söhbət düşsə, ona tam sirayət edir, məlahətli səsi ilə müğənnilərə qoşulub mahnı oxuyur, lirik xalq rəqslərini Əminə Dilbazi, Roza Cəlilova stilində incəliklə rəqs edir, təbəssümü, gülüşü yerli-yerində olur. Xanım-xatın aparıcı efirdə cevikdir, cəlddir. Hətta heç bir qadın aparıcıda olmayan idmançı ustalığı nümayiş etdirir.
Yeri gəlmişkən, idmançı ustalığını nümayiş etdirəndə bu yaxınlarda Mətanət xanıma ciddi irad tutanlar da oldu. Niyə? O efirdə şpaqat göstərmişdi. Bunun nəyi pis idi? Bu idman fəndini hansı qadın aparıcı nümayiş etdirə bilər? Şpaqat çox çətin idman təmrinidir. Şou proqram aparıcısı hər verilişdə dəvət etdiyi adamlarla tez ünsiyyət tapır, mövzu ilə bağlı qeyri-adi istedadını göstərir. İlk Avropa Oyunları ərəfəsində verilişin karate ustaları ilə görüşündə özü də idman formasında onlarla yarışa çıxdı, sol ayağı ilə qarşısındakı idmançının boynuna necə zərbə vurdusa, hətta karate ustası xeyli vaxt özünə gələ bilmədi. Hələ mən onun vaxtilə çəkilmiş “Fort Bayard” verilişindəki misilsiz ustalığını demirəm. Belə faktlar birdir, ikidir...
Mətanət Əliverdiyeva fenomen yaddaşa malik aparıcıdır. O canlı efirdə söhbəti zamanı tez-tez haşiəyə çıxır, yenidən mövzuya qayıdanda əvvəlki mövzunu məharətlə davam etdirir.
Canlı efirdə çox qüsur ola bilər. Mətanət xanım verilişlərinin birində iştirakçılardan birinin yersiz hərəkətini (Rəhim Rəhimlinin davranışı) elə yoluna qoydu ki, elə bil qəbahət olmayıb, verilişi öz ahəngi ilə davam etdirdi.
Şpaqat bacarığına irad tutanlara özü təvazokarlıqla “deyəsən paxıllıqdır” dedi. Deyəsən yox, sözün əsl mənasında paxıllıqdır! Bizim xalqda paxıllıq yoxdur. Görünür, həmkar həmkarına qısqana bilər. Yersiz qısqanclıqdır! Məgər belə epizodlar ağlaşma, türklər demiş, “bayılma” səhnələrindən, yersiz artistlikdən baxımsızdır?
Bir fakta diqqət yetirin. ANS kimi mötəbər kanalın prezidenti, məşhur kinossenarist, jurnalist və rejissor Vahid Mustafayevin motosikletlə beynəlxalq səyahətə çıxması kimi nadir istedad alqışlanmalı deyilmi?
Daha bir misal yaxşı yadımdadır. Bakıya Rusiya sirk ustaları qastrola gəlmişdilər. Həmin gün gecə proqramında sirkdən süjet göstərilməli idi. Növbətçi Mahir Qabiloğlunu çəkilişə göndərdik. O ibtidai sinif şagirdləri olan iki qızı ilə sirkə getdi. Tamaşa zamanı ilan təlimçisi cəsur tamaşaçını ilanın başına sıgal çəkmək üçün manejə dəvət edəndə heç kim yerindən qımıldanmayb, Mahir qızlarına toxtahlıq verib manejə atılmışdı. O, nəinki ilanın başına sığal çəkib, hətta ilanı təlimçidən alaraq belinə,boğazına bağlayıb, başından öpüb.
Bu süjet çox maraqla qarşılandı, rəhbərlik Mahir İmamverdiyevi yüksək qonorarla mükafatlandırdı. Bu, jurnalist məharətinin bariz nümunəsi idi. AzTV-nin daha bir aparıcısı – Günel Habilqızı şaxtalı günlərdə Abşeron sahillərinin buz bağladığını görüb buz təbəqəsi ilə 10-15 metr dənizə doğru addımlayaraq sahildən aralıda mikrofonla reportaj aparıb. Kim zəmanət verə bilərdi ki, getdikcə nazikləşən buz təbəqəsi qəfil parçalanmayacaq, zavallı jurnalistin aqibəti peşimançılıq gətirməyəcək? Günel xanımın daha bir cəsurluğu - gömrük itləri arasına sakitcə oturub əlində mikrofon süjet hazırlaması təqdirəlayiq idi.
Belə fərdi qabiliyyətdən, fitri istedaddan iş prosesində istifadə olunmasının nəyi qəbahətdir? Rusiya telekanallarının şou aparıcıları nələr etmirlər? Paraşütla tullanmaq, skafandrda saatlarla dəniz dibində qalmaq və s.
Biz isə aparıcı məharətini alqışlamaq əvəzinə qınayırıq ...
Halbuki qınamalı hərəkətlər, yersiz ifadələr işlətmək, özünü tərifləmək, tibbi klinika açmaq hərəkətləri baş alıb gedir. Şou proqramların qadın ekspertləri aparıcı kimi dodaqlarına silikon doldurub efirə çıxırlar (ifadəmə görə qadın tamaşaçılardan üzr istəyirəm). Ayıbdır! Yığışdırmaq lazımdır bunları!
Bər-bəzkli geyimlərdə, zinnət əşyaları ilə efirə gələn qadın “ekspertlər” (hansı yollasa onlar verilişdə yerlərini tuturlar. Bu müəmmalıdır.) bu və ya digər xahişlə verilişə müraciət edənlərə əl-qol hərəkətləri ilə elə davranırlar ki, elə bil ən azı hakim, prokuror və ya polis rəisləridir, hətta “kəs səsini, yalan danışma!” (yüngül variantı belədir) deyərək üstlərinə qışqırırlar.
Belələrinə deyən yoxdur ki, sən kimsən? Onlar veriliş boyu saçlarına sığal çəkir, güzgü tutub qaş-gözlərinin sürməsini nizamlayırlar və s.
Digər tərəfdən, bu “ekspertlər” hansı ixtisasın sahibidirlər? Ekspert olar tibb, texnika sahəsində, avtomobil, təyyarə qəzası ilə bağlı kimsənin bilmədiyi məqamlara aydınlıq gətirənlər. İlahiyyatçı ekspertin, artistin, müğənninin ekspert kimi şou proqramda nə işi var? Elə hüquqşünaslar var ki, iş-güclərini buraxıb günlərini verilişlərdə keçirirlər. Guya vəkildilər! Qabiliyyətli vəkil məhkəmədə olar, istintaq orqanlarında bacarığını göstərər.
Mən bu yazımda bir sıra narahatlıq doğuran faktları bilə-bilə sadalamadım, necə deyərlər, baltanı kökündən vurmadım. Qoy hərə öz payını götürsün. Bu xatırlatma idi, açıqlama isə sonra. Lazım gəlsə, yetərli faktlarla . Sağlıq olsun!
P.S. Çox dəyərli Mətanət xanım! Sizin çoxmilyonlu heyranlarınız kimi, sizə yaradıcılıq uğurları, heç vaxt ruhdan düşməməyi arzulayırıq. Ulu tanrı sizi bəd gözdən qorusun!
Heyif, çox heyif! Çox təəssüf ki, nə bu sətirlərin müəllifi, nə də ailə üzvlərimiz sizi həyatda nə görmüşük, nə də tanışlığımız olub. Bir daha təkrar edirəm: sağlıq olsun!