Namidə Bingöl
Hər halda, özümüzə “əl gəzdirməyin” zamanı çoxdan yetişib. Nöqsanlarımızı, qüsurlarımızı görməzlikdən gəlməklə uçuruma bir az da yuvarlanırıq. Bu gün özümüzdən danışmaq istəyirəm – jurnalistlərdən. Adətən, yubileylərdə, bayramlarda özəl günlərdə özünütənqid məsələlərini sonraya saxlamağa Məşədi İbad demiş, “bir növ adətgar olmuşuq”.
Təbii, könülləri fərah tutmaq, bayramı bayram əhval-ruhiyyəsində keçirmək üçün bu, ən yaxşı vasitə hesab edilə bilər. Amma, unutmayaq ki, reallıq heç bir halda dağınıq siyasi mənzərəni, aclıq sindromuna yoluxmuş sosial tablonu, mədəni geriliyi ört-basdır etməyə qadir deyil.
140 illik yaşı olan “Əkinçi”nin müəllifi Həsən bəy Zərdabi, bünövrəsini qoyduğu Azərbaycan mətbuatının bügünkü durumunu görsə idi, nə düşünərdi?! Hamımıza çox maraqlıdır. Hal-hazırda elə bir məqam tüğyan edir ki, “reket” jurnalistikada şantaj iyi verən “əjdaha” qələm əhlinin “peşəkar” yaradıcılığı qarşısında nəsə söyləmək müşkül məsələyə çevrilib.Təəssüf ki, bugünkü mətbuatımız peşə prinsiplərini bayağı reytinq kapitalına qurban verməkdədir. İstəsək də, istəməsək də “reytinq aparatı”nın qurduğu tələyə düşmüşük.
Mövcud cəmiyyətimizdə baş verən bir çox hadisələr mətbuat səhifələrində maarifləndirici informasiya yolunu tutmaq əvəzinə, sanki toqquşma mədəniyyətsizliyini nümayiş etdirir. Burada qeyri-peşəkarlığın ərsəyə gətirdiyi qərəzli yanaşma kimlərinsə “ağzına nə gəldi danışmaq mədəniyyətini” ortaya qoyur. Başa düşürəm. Birinci olmaq, ön cərgədə qərarlaşmaq gözəl duyğudur. Hər bir jurnalist istəyər ki, qələmindən çıxan cümlələr, ifadə etdiyi sözlər cəmiyyətə siraət edə bilsin. Təəssüf ki, bu cür gözəl duyğuları efir dilindən, qəzet səhifələrindən qoparıb küçə dilində təqdim edənlər az deyil.
Təsəvvür edin. Sürünün başında gedən çoban, quzunu qurda yem etməmək üçün gözünü dörd açmaqla, üzərinə düşən işin məsuliyyətini dərk edir. Əcəba, mədəni inqilab etmək üçün sərf olunan enerji mənbəyimiz tükənibmi?!
Və yaxud da mətbuatımız təsadüf elementlərini daşımaq üçün sözünün kəsərini itirməyə məhkum olmalıdırmı?! Cavabsız suallar silsiləsi davam edir. Əksər jurnalistlərin tez-tez rastlaşdığı bir məqam var. Bir də görürsən ki, jurnalist olduğunu bilən hər kimsə “Vəsiqəni neçəyə almısan? Mən də almaq istəyirəm” deyir. Bax bu zaman deməyə söz tapmırıq.
Bir halda ki, darvazasının ağzında “semiçka” satan birinə, kimisə şantaj etməsi üçün jurnalist vəsiqəsi pulla satılırsa, deməli, həyəcan təbili çalmağa dəyər. Azərbaycan mətbuatı nə vaxtdan hədə-qorxu taktikasına keçib?! Sonra da deyirik ki, cəmiyyətdə jurnalistlərə niyə dırnaqarası münasibət mövcuddur?!
Niyələrin cavabı isə N qədərdir.
Azərbaycan televiziyalarında nə baş vermir ki!
Həə, bax burda da xoş ab-hava hökm sürmür. Televiziyalarımızı dondan-dona salıb, yalançı canfəşanlıq nümayiş etdirən bəzi aparıcılarımız öz fövqəladə davranışları ilə cəmiyyəti vecinə almamaq yolunu tutub.
Əslində televiziyalarımızda dəyərlərin, hörmətin yox olması reytinqin doğulduğu gün baş verdi. Nə var, nə var Fatma xalayla Gülnisə xala gəlinlərinin qeybətini edir. Və yaxud da kafedə qabyuyan işləyən iki qadın kiminsə kişisi üstündə saçyolduya çıxıb. Məgər Azərbaycan tamaşaçısına bunlar lazım idi?!
Yəni Azərbaycan televiziyaları o günə qaldı ki, sosial, məişət məsələlərinə bu prizmadan yanaşmalı oldu?! Təəssüf! Bəzən adama elə gəlir ki, bugünkü Azərbaycan televiziyaları sanki ərəb şeyxlərinin saraylarını xatırladır. Televiziya məkanlarımızda ərəb saraylarına məxsus qüllələr, fontanlar olmasa da, bəzi aparıcıların əcaib vücud silkələnmələri saray rəqqasəliyinin təbliği işində əvəzolunmazdır. Bu yaxınlarda, tanınmış telejurnalist Qulu Məhərrəmlinin televiziyalarımızın bugünkü durumu barədə dediyi bir fikir diqqətimi çəkdi. “Bizim çox düşük aparıcılarımız var”.
Təəssüf ki, vəziyyətin qənaətbəxş olmaması səbəbindən cəmiyyətdə belə fikir artıq formalaşıb və buna haqq qazandırmamaq da olmur. Sadəcə, olanlar bunu deməyə əsas verir ki, sözü harda və necə işlədə bilmək məharətindən uzaq “südəmər”lərin efirdə əzilib-büzülməsi xoş təsir bağışlamır.
Bir halda ki, yetişməkdə olan gənc nəslin nümayəndələrini general, filosof, diplomat görmək istəyiriksə, öncə cəmiyyətin güzgüsünü parıldatmağı bacarmalıyıq. Yoxsa, 15-20 ildən sonra saxta generalların, filosofların diplomatların idarə etdiyi cəmiyyət qurulacaq. O cəmiyyətdə isə ağız deyiləni qulaq eşitməyəcək.
Qüsurlarımızı qələmə alsam da, o demək deyil ki, bugünkü Azərbaycan mətbuatında peşəkar imzalar, tanınmış jurnalistlər, müxbirlər, aparıcılar yoxdur.
Var, əlbəttə var. Onların sayı o qədər çoxdur ki, adlarını çəksəm, yazıya sığışmaz. İstənilən dövrdə mətbuatımızda güclü qələm sahibləri olub və bu gün də var. Həmçinin, mətbuat, dördüncü hakimiyyət qeyri-rəsmi statusunu boşuna qazanmayıb. KİV “gözəgörünməz” hakimiyyət olsa da, cəmiyyətə təsiretmə imkanları genişdir. Bizim hansısa məsələ ilə bağlı qayda-qanun yaratmaq, qanunlara dəyişiklik etmək kimi səlahiyyətimiz yoxdur. Bizim vəzifəmiz qanunları informasiya çərçivəsində oxucuya, tamaşaçıya çatdırmaqdır. Biz də gənc nəslin nümayəndələri olaraq bu sahədə fəaliyyət göstərən peşəkarlardan çox şeylər öyrənməliyik.
Unutmamalıyıq ki, cəmiyyət mənəvi aclığını doydurmaq üçün hər dəqiqə mətbuata göz atır. Biz, bizə dikilən gözləri madifikasiya olunmuş məhsullarla doydurmamalıyıq. Biz, bizi dinləyən qulaqları heyvanı səslərin ixtiyarına buraxmamalıyıq. Və ən əsası ucuz REYTİNQ arxasınca qaçmamalıyıq. Əgər qabımızda az da olsa nəsə varsa, oxucu da, tamaşaçı da, dinləyici də xatırlamağı bacaracaq. Lap Antraktidada yaşasaq belə!
BAYRAMIMIZ MÜBARƏK!